Astanadakı Beynəlxalq Türk Akademiyası (BTA) “Qardaşlığın kökləri: Görkəmli şəxsiyyətlərin nümunəsində” adlı konfrans keçirib.
Tədbir çərçivəsində tanınmış türk tarixçisi Afət İnanın qazax dilinə tərcümə olunan “Atatürkü xatırlayarkın”, Azərbaycanın ictimai siyasi xadimi, sabiq baş nazir Həsən Həsənovun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev – ümummilli lider, parlaq şəxsiyyət” və qazax dedektiv janrının yaradıcısı Kemal Tokayevə həsr olunan “Kemal Tokayev: ədəbiyyatçının həyat yolu” kitablarının təqdimat mərasimi olub.
BTA-nın prezidenti Şahin Mustafayev deyib ki, qardaş xalqların görkəmli nümayəndələrinin həyat yollarının kəsim nöqtəsi bizim ümumi kimliyimizdən xəbər verir. Onların hər birinin taleyindəki çətin və bəzən dramatik dönüşlərdə əcdadlarımızın mürəkkəb tarixi yolu əks olunur. Buna görə də görkəmli şəxsiyyətlərin həyat yolunun işıqlandırılması ən yaxşı tarix kitabıdır.
Həsən Həsənov ümummilli lider Heydər Əliyevlə birgə çalışdığı illərdən, onun qardaş xalqların yaxınlaşmasındakı rolundan danışıb.
Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapıcı Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi münasibəti ilə keçirilən tədbirlərdən söz açıb.
Xatırladırıq ki, Kemal Tokayev Qazaxıstanın indiki Prezidenti Kasımcomart Tokayevin atasıdır.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Astana