“Dünyanı mədəniyyət xilas edəcək”

post-img

Artıq 2023-cü il sona yetməkdədir. Bu ərəfədə görülmüş işlərə nəzər salmaq üçün “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədovla həmsöhbət olduq.  

– Fuad müəllim, Azərbaycanın mədəniyyət sferasında öz yeri və çəkisi olan, devizi “Dünyanı mədəniyyət xilas edəcək” kimi səslənən “Simurq” üçün 2023-cü il nə ilə əlamətdar oldu? Ümumiyyətlə, bu il ölkənin mədəniyyət həyatını necə səciyyələndirərdiniz?  

 – 2023-cü il bir neçə cəhətinə görə əlamətdardır. Birincisi, ona görə ki, bu il görkəmli siyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider və Azərbaycan xalqının iftixarı Heydər Əliyevin 100 illik yubileyi ilidir. İkincisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə quruculuq, tərəqqi, xalqın rifah halının yüksəldilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet olub. Yüksəliş prosesində mədəniyyətin inkişafı üzrə dövlət strategiyasının daim təkmilləşdirilməsi mühüm yer tutur ki, bunda da Mehriban ­xanım Əliyevanın rəhbərlik etdiyi ­Heydər ­ ­Əliyev Fondunun xüsusi rolu var. Mədəniyyət Nazirliyi də öz növbəsində mədəni inkişafın yeni strateji kursunun işlənib hazırlanması və həyata keçirilməsinə yönəlmiş ciddi innovativ tədbirlər reallaşdırmağa başlayıb. Eyni zamanda, nazirliyin yaradıcılıq fəaliyyəti ilk dəfə olaraq mədəniyyət elminin metodologiyası və nailiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Dövlət mədəniyyət islahatları sivilizasiya böhranı şəraitində milli inkişafın yeni tələblərinə və dövrün çağırışlarına uyğun olaraq respublikanın mədəniyyət sisteminin mütərəqqi transformasiyasını təmin edir. Fərəhlə qeyd edim ki, bu il bizim “Simurq”un  daha geniş qanad açması üçün də çox münbit şərait yaradılıb. Əlbəttə, Azərbaycan xalqının mənəvi mədəniyyəti fəaliyyətimizin vacib istiqamətidir.

– Siz ölkəmizdə kulturologiyanın yaradıcılarındansınız. “Simurq”un kollektivinin   30 ildən artıq yaradıcılıq fəaliyyəti dövründə Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafına verdiyi töhfələr mədəniyyət, elm, təhsil tarixində parlaq iz qoyub. Üstəlik, maarifləndirmə missiyası...

– “Simurq”un ölkə daxilində və kənarda qazandığı tanınma bizə mənəvi haqq verir söyləyək ki, onun çoxsaylı üzvlərinin və həmfikirlərinin fədakar vətənpərvərlik əzmi, yaradıcılıq fəaliyyəti ölkəmizə xeyir gətirir və bundan sonra da gətirəcək. Əfsanəvi quş – simurq kimi, assosiasiyanın üzvləri də uzun illər Azərbaycanda və  dünyada bəşəriyyətin layiqli inkişafı üçün zəruri olan yüksək mənəvi mədəniyyət toxumlarını yayırlar.

Yeni mədəniyyət strategiyasının asan formalaşdırılması, ümumbəşəri mədəni biliklərin yayılması, akkulturasiya və inkulturasiya imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə “Simurq” kanalı yaradılıb və ümumbəşəri mədəni biliklərin cəmiyyətdə yayılmasını təşviq edən YouTube video hostinq xidmətimizi gerçəkləşdirmişik. Burda uzun illər televiziya tamaşaları və Mədəniyyətşünaslıq üzrə Assosiasiyanın “İdrak”, “Mühazirə”, “Ovqat”, “Xəzərin sahilində”, “Gəl qonaq ol”, “Mədəniyyət dalğası” kimi ustad dərsləri yer alır. Bir çox platformalar cəmiyyətin və dövlətin  rəqabətədavamlı və təhlükəsiz inkişafı, Azərbaycanda və bütün dünyada strateji bərpa olunan resurs kimi yüksək mədəniyyətli vətəndaşların formalaşması üçün mədəniyyət elminin mənalarını və transformativ imkanlarını ortaya qoyur.

Onu da qeyd edim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər ­Əliyevin anadan olmasının 100 və “Simurq”un 30 illik yubileyləri şərəfinə təsisatımızın qurultayına  hədiyyə olaraq müəlliflər qrupu “Mənəvi mədəniyyətin inkişafına xidmət edirik” yubiley ­monoqrafiyasını hazırlayıb.

– Oktyabr ayında TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Şuşada I Türk Dünyası Mədəniyyət Forumu keçirildi və Siz də orada iştirak etdiniz. Təəssüratlarınızı bilmək olarmı? 

– Forum Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuşdu və yüksək səviyyədə keçdi. “Türk xalqlarının mədəni-tarixi irsi” panelinə ilk dəfə olaraq “Simurq”un prezidenti kimi mən rəhbərlik etdim. Orada öz platformamızı, gördüyümüz və görəcəyimiz işləri dilə gətirdim. Qeyd etdim ki, innovativ mədəni fəaliyyətimizin şüarı “Sülh mədəniyyəti qoruyursa, mədəniyyət sülhü xilas edir” imperatividir. Ümumiyyətlə, forum çox faydalı oldu.

– Yeri gəlmişkən, bir qədər də “Simurq”un fəaliyyət dairəsi barədə danışmağınızı xahiş edirik.

– Assosiasiya öz nəcib missiyasını həyata keçirmək üçün insan kapitalının, yüksək mədəniyyətli şəxsiyyətlərin və ümumbəşəri mədəni biliklərə malik liderlərin formalaşmasına kömək edən konsepsiyalar, proqramlar, layihələr hazırlayır və həyata keçirir. Biz Azərbaycan cəmiyyətinin sosiallaşmasına töhfə verən mədəniyyətşünaslıq metodologiyasının inkişafına kömək etməyə çalışırıq. Digər məqsəd azərbaycanlılarla bərabər, müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin mədəni həmrəyliyidir. Onu da deyim ki, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə etməklə mədəni metodologiya və təhlil metodlarını ilk dəfə “Simurq” işləyib hazırlamışdır.  

Birliyin elmi və maarifləndirici fəaliyyəti nəticəsində nazirliklərin, dövlət komitələrinin, dövlət qurumlarının, “ASAN xidmət”in, “DOST”un, icra hakimiyyəti orqanlarının, ali məktəblərin minlərlə nümayəndəsi əlavə mədəniyyət təhsili alıb, mədəni maarifləndirmə ilə əhatə olunub. Eləcə də respublikanın məktəbləri, cəmiyyətləri, elm ocaqları, həmkarlar ittifaqı müəssisələri, muzeyləri, vəkillər kollegiyaları, gənclər və qeyri-hökumət təşkilatları, Azərbaycan diasporu, həmçinin UNESCO Beynəlxalq Məktəbi bu xidmətdən yararlanıb...

– Fuad müəllim, bəs “Simurq”un 2024-cü il üçün fəaliyyət proqramında nə nəzərdə tutulur?

– 2024-cü ildə mədəniyyətşünaslığa dair monoqrafiyaların, kitabların, dərsliklərin, elmi-kütləvi konsepsiyaların və məqalələrin nəşri davam etdiriləcək. “Simurq” Beynəlxalq mədəniyyət jurnalının (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi məsələləri) növbəti, 5-ci nömrəsini də hazırlayıb nəşr ­edəcəyik.

Mədəniyyət konfranslarının və beynəlxalq forumların hazırlanması və keçirilməsi də nəzərdə tutulur. Həmçinin, mədəni ustad dərsləri və treninqlər, beynəlxalq iştirakla “Mədəniyyət və cəmiyyət” mədəniyyət seminarlarının keçirilməsi hədəfimizdədir. Mədəni inkişafa dair bütün yanaşmalarımız ilk növbədə azərbaycançılıq ideologiyasına uyğun olacaq və ölkədə rəqabətqabiliyyətli insan kapitalının inkişafında milli maraqlarımıza cavab verəcək.

– Maraqlı söhbətə görə təşəkkür edirik! 

Leyla SƏFƏROVA, 
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı

 

Müsahibə