Qazax xalqının musiqisi

post-img

III YAZI

Qazaxca “kazak” sözü, əsas versiyaya görə, qədim türk dilindən tərcümədə “azad”, sərbəst, müstəqil şəxs” mənasındadır. Müsəlman yazılı mənbələrində bu sözə “köçəri”, “sərgərdan” mənasında rast gəlinir. İndiki qazaxlar çar Rusiyasında və sovet dövründə, yəni, 1734-cü ildən 1925-ci ilə qədər qırğız-kaysak və ya sadəcə qırğız adlanmışlar. Rəsmi versiyalara görə, bu, qazaxları Don kazakları ilə qarışdırmamaq üçün edilmişdi, çünki 1734-cü ilə qədər qazaxlar kazak, Qazax xanlığı isə Kazak Ordası adlanırdı. 

Hazırda qazaxlar Qazaxıstan Respublikasının əsas əhalisini (70 faiz) təşkil edir. Əksəriyyəti sünni müsəlmanlardır. Qazax dili türk dillərinin qıpçaq qrupunun qıpçaq-noqay yarımqrupuna daxildir. Bu xalqın nümayəndələri, həmçinin Monqolustan, Çin, Özbəkistan, Rusiya, Türkmənistan və Qırğızıstanda yaşayırlar. Monqolustanda qazaxlar sayca ikinci, Özbəkistanda üçüncü, Türkmənistanda isə dördüncü yerdə dururlar. 

Qədim dövrlərdə indiki Qazaxıstan ərazisinin etnik mənzərəsi rəngarəng olmuş, burada müxtəlif etnik mənşəli tayfalar və xalqlar məskunlaşmış, sonradan müasir qazaxların etnogenezində öz izlərini qoymuşlar.

Mərkəzi Asiyanın şimal çöl qurşağında tarixən dünya sivilizasiyasının ən erkən formalarından biri – köçəri maldarlıq təsərrüfatı yaranmışdır. Orta Asiya regionunda neolit dövrünün mühüm nailiyyəti isə vəhşi atların çapmaq üçün əhliləşdirilməsi olmuşdur. Bu həyat tərzi qazaxların musiqi təfəkküründə də aydın surətdə əksini tapıb. 

Qazax xalqının ənənəvi musiqi mədəniyyəti xalq və şifahi ənənəli professional musiqi yaradıcılığını özündə birləşdirir. Buraya xalq mahnıları, dastanlar, instrumental musiqi, habelə peşəkar müğənni və çalğıçıların zəngin yaradıcılığı daxildir ki, sonuncular həm də bəstəçidirlər. İstər folklor musiqisi, istərsə də peşəkarların yaradıcılığı keçən əsrin ortalarına kimi şifahi ənənə şəklində mövcud olmuşdur. 

Qazax mahnılarının iki adı var: ən və ölənq. Ən – mahnının musiqi tərəfinə aiddirsə, ölənq onu ədəbi janr kimi səciyyələndirir. Mahnıların ifası zamanı qazaxlar çox vaxt dombıra alətinin müşayiətindən istifadə edirlər. Bu alət peşəkarların əsas aləti olmaqla yanaşı, eyni zamanda məişət musiqisində də geniş istifadə olunur. 

Qazax xalq mahnılarının janr təsnifatına əmək, mərasim, məişət və tarixi mahnılar daxildir. Əmək mahnıları qazaxların əmək proseslərinin müşayiəti zamanı yaranmışdır. Qazax kişilərinin əsas işi maldarlıq olub. Ona görə də kişilərin oxuduğu əsas mahnılar çoban mahnıları idi. Bu mahnıların da iki növü məlumdur: At ilxısını otaran ilxıçı mahnıları – jılkışı əni və qoyun otaranların mahnıları – köyşı əni. Bəzi ilxıçı və köyşı mahnılarında əmək mövzusu sevgi motivləri ilə birləşir. 

Bu mahnılar sadə iki hissəli formadadır. Bəzən nəqəratdan sonra fit də çalınır ki, bunu da sırf çoban peşəsi ilə bağlamaq olar. Qazax mərasim mahnıları iki əsas qrupa bölünür: 1. Toy və matəm mahnıları. 2. Təqvim mahnıları və məlhəm (müalicəvi) mahnıları.   

Toy mahnıları içərisində “jar-jar” nəğmələri geniş yayılıb. Bu mahnılar öz adını daim təkrarlayan “jar-jar” rədifindən götürür və toy mərasimində  növbə ilə qadınlar və kişilər tərəfindən oxunur. Bu sayaq mahnəlara özbək və türkmən xalqlarının  musiqisində də “yar-yar” və “yor-yor” adı ilə rast gəlmək mümkündür. 

Mahnıların məzmunu son dərəcə rəngarəngdir: gəlinin tərifindən və evlilik həyatına dair nəsihətlərdən tutmuş, şən zarafata kimi. Mahnıların melodik üslubu deklamasiyaya yaxınlaşır. Burada adətən 7 və 6 hecalı şeir misraları növbələşir  ki, sonuncuya daim təkrarlanan “yar-yar” ikihecalı neqaratı qoşulur. Toy mahnıları sıraslna gəlinin ata evi ilə vidalaşmasını əks etdirən mahnılar – “sınsu” və ya “kız sınsu” da aiddir. Bu mahnılar ah, nalə üslubundadır. 

Qazax xalq mahnı yaradıcılığının ən geniş hissəsini məişət mahnıları təşkil edir. Buraya laylalar, uşaq mahnıları, lirik və məzəli mahnılar aiddir. Məişət mahnıları arasında ən böyük yeri, digər xalqlarda olduğu kimi, lirik mahnılar tutur. Məhz bu mahnılarda inkişaflı melodika və kuplet forması müxtəlifliyi ilə seçilir. 

Qazax məişət mahnıları arasında digər xalqlarda, o cümlədən özbək, qırğız və azərbaycanlılarda olduğu kimi, dialoq (deyişmə) forması çox yayıılıb. Bunlara aytıs deyilir. Aytısların oxunması zamanı ifaçılar növbələşərək dəyişir və hazırcavablıqda yarışırlar. Bu mahnılar müxtəlif məzmunda – lirik-sevgi, zarafat, məsxərə xarakterlidir. 

Deyişmə mahnıları mətndən çox bədahətən qoşulur və 4 misralı bayatı formasının xatırladır. Bu dialoqların musiqiqsi yarıdanışıq və yarıoxuma üslubundadır və sadə quruluşlu kuplet formasına malikdir. 

Ümumiyyətlə, dialoq forması qazaxların mahnı yaradıcılığında son dərəcə populyardır.  Aytısların ümumi üslubuna daha yaxın janr isə məzəli və satirik mahnılardır. Onların forması sadə, ritmi dəqiqdir. Burada mətn qısa şeir misraları ilə qurulur. 

Qazax xalq musiqisinin şeir mətni həm qısa, həm də uzun misralardann ibarəətdir və bu cəhət metodikanın sərbəst inkişafı üçün böyük imkanlar açır. Mahnılarda sadə, qısa reçitativ ibarələrdən tutmuş, geniş nəfəsli melodik quruluşlara rast gəlirik. Bu melodiyalar mahnı mətnlərinin emosional deklamasiyasından yaranır və innovasiya üzlubunu xalq danışıq dilindən alır. 

Qazax xalq mahnılarının əsasında diatonik məqamlar durur. Bəzi hallarda pentaton qammaya da rast gəlinir. Erkən dövrə aid olan mahnılarda məhdud çərçivəli məqamlar üstünlük təşkil eidr və onların diapozonu seksta intervalından böyük olmur. İnkişaflı kuplet formalı mahnılarda oktava və nona diapozonu da nəzərə çarpır. 

Qazax xalqı çox böyük ərazilərdə məskunlaşmışdır. Bununla əlaqədar bir-birindən uzaq yerlərin fərqli məişət şəraiti, dil dialektləri yerli mahnı üslublarının meydana gəlməsini şərtləndirmişdir. Qazaxların cənub bölgəsinin – Aralboyu və Sırdərya sahillərinin mahnıları sadə forması, dəqiq ritmi və ümumi ovqatın oynaqlığı ilə seçilir. Qərbdə  – Uralarxasında, Xəzər dənizi sahillərində isə bir tərəfdən geniş avazlı melodiyaya malik lirika, digər tərəfdən isə reçitativ terme formaları inkişaf etmişdir. 

Tarixi qədimlərə gedib çıxan qazax eposu ilkin dövrlərdə instrumental müşayətsiz və vokal hekayət formasında mövcud olmuşdur. Zaman keçdikcə epik rəvayətlər kobız, daha sonra isə dombıranın müşayiətilə ifa edilməyə başlamışdır. Bu rəvayətlərdə məhəbbət mövzusu böyük yer tutur. 

Bizə gəlib çatmış qazax eposunun tarixi əsasında XV-XVII əsrlərin hadisələri durur. Epik novella xarakterli rəvayətlər içərisində daha çox məşhurluq qazanmışları bunlardır: “Kozı-Korpeş və Bayan Slu” (birincisi bəy oğlu, ikincisi bəy oğludur), “Kız Jibek” (İpək qız”) və “Ayman və Çolpan” (hər ikisi bəy qızlarıdır). 

Bu rəvayətlərin hər ikisində diqqəti çəkən xüsusiyyət məhz qadın obrazlarının öz hüquqları uğrunda cəsarətlə mübarizə aparması və qalib gəlməsidir. Bundan başqa istilaçı kalmık xanı Karamanla mübarizə aparan qəhrəman Kambar-Batır haqqında hekayət də xalq arasında çox sevilir. 

Qazaxların epik hekayəti jır, onu söyləyənlər isə jırçı adlanır. Hekayət forması nəinki qazax eposlarında və bir sıra erkən dövrün mahnılarında, habelə akınlaırn musiqili-poetik yaradıclığında da istifadə olunur. 

Reçitativ mahnı kimi müstəqil surətdə istifadə olunan jır forması terme və ya jeldirme adlanır. Sonuncu termin hərfi tərcümədə “at kimi çapmaq” deməkdir və yanıtmac tempində sürətli ifa ilə bağlıdır. Terme üçün 7 hecalı şeir forması, jeldirme üçün isə 11 hecalı şeir misrası səciyyəvidir. 

Qazaxların tarixən 40-a yaxın musiqi aləti olub. Lakin hazırda daha çox istifadə etdiyi musiqi alətləri bunlardır: dombıra, kobiz, sıbızqıı, şan kobız, jetigen, danqıra.

Görünən budur ki, digər türk xalqları kimi, qazaxlar da zəngin folklor və musiqi ənənələrinə sahibdirlər. Təqdirəlayiq haldır ki, müstəqil Qazaxıstanda bu ənənələrin qorunması və inkişaf etdirilməsi üçün dövlət səviyyəsində davamlı işlər görülür.    

Lalə HÜSEYNOVA,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

 



Sosial həyat