Ankara Qərbi Azərbaycana Qayıdışa dəstək verdi

post-img

Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan–Türkiyə Parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun nümayəndə heyətinin iştirakı ilə Ankara Universitetində Qərbi Azərbaycana qayıdış mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Milli Məclisi (MM) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlərinin, Ankarada fəaliyyət göstərən Qazi, Sosial Elmlər, Ortadoğu Texniki universitetlərinin rektorlarının, Ankara Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbir Ankara Universitetinin rektoru Necdet Ünüvarın açılış nitqi ilə başlayıb. 

Tədbirdə çıxış edən MM-də Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının (QAİ) Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov Ermənistan tərəfindən zorla doğma yurdlarından qovulmuş azərbaycanlıların hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməsinin əhəmiyyətini qeyd edib.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli təşkilatın ­fəaliyyəti, məqsədi və məramı haqqında məlumat verərək Qərbi Azərbaycandan olan əhalinin əsas hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin və təmin olunmasının vacibliyini vurğulayıb. Daha sonra nümayəndə heyətinin tərkibində olan millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, Anar İskəndərov, Məlahət İbrahimqızı Qərbi Azərbaycan İcmasının fəaliyyətinin müxtəlif aspektləri haqqında məlumat veriblər. TBMM-də Türkiyə–Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım, çıxışında Qərbi Azərbaycandan məcburi köçürülmüş əhalinin hüquqlarının beynəlxalq platformalarda müdafiəsi məqsədilə Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlığın zərurətini vurğulayıb.

Daha sonra çıxış edən natiqlər – Qazi, Orta Doğu Texniki, Sosial Elmlər universitetlərinin rektorları və Ankara Universitetinin professor-müəllim heyəti üzvləri Qərbi Azərbaycan mövzusunun tədris prosesində işlənilməsi, bu mövzuda akademik tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda iştirakçılar Ankara Universiteti Rektorluğu önündə 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən əkilmiş ağacın önündə xatirə şəkli çəkdirərək, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

XQ

 

Son xəbərlər