KİTAB RƏFİ

post-img

“Heydər Əliyevin siyasi dilinin lüğəti” 

AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsəri çapdan çıxıb.

Yeni nəşr bütün ömrünü öz xalqına həsr etmiş Ulu öndərin 100 illik yubileyinə həsr olunub. Bu lüğət dövlət xadiminin dilinə həsr olunma xüsusiyyətinə görə leksikoqrafiya sahəsində ilk təcrübədir.

Sözlüyə Ümummilli liderin politologiya elminə, diplomatiyaya və hərb sahəsinə   aid işlətdiyi terminlər, abbreviaturaların açması,  antroponimlər, toponimlər daxil edilib. Elmi yenilik kimi təqdim edilən lüğətə Heydər Əliyevin nitq və çıxışlarında adlarını çəkdiyi siyasi xadimlər haqqında məlumatların, tarixi-coğrafi adların, hadisə və predmetlərin şərhinin verilməsi tarixi baxımdan əhəmiyyətlidir.

Mənbə olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının “Heydər Əliyev, Elektron sənədlər toplusu”ndakı nitq, çıxış, məruzə, müsahibə və bəyanatlardan istifadə olunub.

Dağlar pıçıldayıb o şeirləri...

Şair Sahib Əliyevin “Son şeirlərin seçilmişləri” çapdan çıxıb.

Yarım əsrdən artıq publisistikada qələm çalan şair Sahib Əliyev zirvələrindən ­Savalanın göründüyü Yardımlı dağlarının yetirdiyi istedad sahiblərindəndir. Onun 3 ciliddən ibarət “Seçilmiş əsərləri”ndən sonra  buraxılmış növbəti toplusu “Son şeirlərin ­seçilmişləri” adlanır. 

Filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva – Təkəlinin maraqlı “Ön söz”ü ilə açılan kitab “O da dünya, bu da dünya”, “Ana Vətən, doğma torpaq, bir də təbiət”, “İnsan və insanlıq haqqında”, “Qələmin qüdrəti”, “Məhəbbət olmasa, sevgi olmasa”, “Mövzular müxtəlif, deyimlər təzə” kimi bölümlərdən ibarətdir.

Mülki Məcəllə: suallar və cavablar

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru, dosent Asif Qədirovun “Mülki Məcəllə: suallar və cavablar” metodik vəsaiti nəşr olunub. Kitab dövrümüzün mülki hüquq münasibətləri sahəsində mövcud olan bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Burada hüquqşünasları, həmçinin digər sahənin mütəxəssislərini də maraqlandıran məsələlərə toxunulub. 

Sual-cavab formatında işlənilən vəsait sadə, anlaşıqlı dildə və məntiqə uyğun şəkildə tərtib edilib. Mülki hüquq sahəsində aktual xarakter daşıyan, hətta gündəlik həyatda insanların maariflənməsinə ehtiyac yaranan mövzular kitabda demək olar ki, tam əhatə olunub.  

Kitab 494 səhifədən, 73 fəsildən və 3857 sualdan ibarətdir. Hesab edirik ki, bu vəsait nəinki hüquqşünaslar, o cümlədən cəmiyyətimizin digər zümrəsi üçün elmi mənbə rolunu oynayacaq. 

Ədalət mühakiməsi əleyhinə cinayətlər

Hüquq və İnsan Haqları İnstitutunun Ekspert Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Romella Güləliyevanın “Nəzəriyyədə və Azərbaycan Respublikasının Qanunvericiliyində ədalət mühakiməsi əleyhinə olan cinayətlər” adlı kitabı işıq üzü görüb. Bu kitabda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq fəslində nəzərdə tutulmuş ədalət mühakiməsi əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətinin normativ hüquqi tənzimlənməsinin aktual məsələləri araşdırılır, həmçinin, qeyd edilən cinayət tərkiblərinin bəzi müddəalarının, onların qanunvericilikdə verilmiş təriflərinin və ifadələrinin gələcəkdə təkmilləşdirilməsinin zəruriliyi əsaslandırılır.

Kitab tələbələr, magistrantlar, doktorantlar, dissertantlar, kriminologiya, cinayət hüququ və cinayət prosesi üzrə mütəxəssislər, habelə hüquq tətbiqetmə fəaliyyəti ilə məşğul olan əməkdaşlar üçün nəzərdə tutulub.

Kitab 2 dildə - Azərbaycan və rus dilində nəşr olunub, 98 səhifədən və 4 fəsildən ibarətdir.

XQ

 







Mədəniyyət