Rəsmi “1842-ci il”, yoxsa mübahisəli “1837-ci il”?

post-img

Bir daha Zərdabinin doğum tarixi barədə

Milli oyanış və maarifçilik tariximizin görkəmli siması, anadilli mətbuatımızn və teatrımızın banisi, bir sıra sivil fəaliyyət sahələrində də təməllər yaratmış, yeni tipli mədəniyyətin formalaşmasında ardıcıllarını yetişdirmiş Həsən bəy Zərdabinin doğum tarixi ilə bağlı diskussiyalar davam edir. Bu mövzuda müxtəlif versiyalar hələ də gündəmdədir.

Həsən bəy Zərdabi Zərdabi irsinin tanınmış tədqiqatçılarından olan tarix üzrə fəlsəfə doktoru, dosent, Ali media mükafatçısı Esmira Cavadovanın bugünlərdə redaksiyamıza daxil olmuş məktubunda da bu barədə narahatlıqla söhbət açılır. Zərdabişünas alim bildirir ki, Həsən bəy Zərdabinin doğum ilini göstərən rəsmi mənbənin – “Attestat”ın üzə çıxarılmasına, Prezident İlham Əliyevin bu sənədə əsasən, görkəmli maarifçi-demokratın yubileyinin keçirilməsi haqqında sərəncam imzalamasına baxmayaraq, bəzi tədqiqatçılar bu gün də böyük mütəfəkkirin dünyaya göz açdığı tarixin 1842-ci il yox, 1837-ci il olduğunu dolayı mülahizələrlə sübut etməyə çalışırlar.

Filologiya elmləri doktoru, professor Baba Babayevin Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr etdiyi yeni monoqrafiyanın elmi nöqteyi-nəzərdən dəyərli və məzmunlu olduğunu vurğulayan Esmira Cavadova bu nəşrdəki Həsən bəy Zərdabinin 1837-ci ildə anadan olması barədə qənaətin gerçəkliyi ifadə etmədiyini söyləyir. Alim bildirir ki, yeni nəşrdə Zərdabi irsinin  tədqiqatçılarından Heydər Hüseynovun, Zaman Məmmədovun, Ziyəddin Göyüşovun, İzzət Rüstəmovun, Cavid Cavadovun, Vəli Məmmədovun, Eldəniz Zərdablının, Elmira Qasımovanın, Tahir Aydınoğlunun, Qəhrəman Behbudovun, Xatirə Quliyevanın, Bəyimxanım Bəydəmirovanın, Anar İsgəndərovun, İsaməddin Əhmədovun və b. adları hörmətlə çəkilir, onların araşdırmaları barədə ətraflı məlumat verilir. 

Esmira xanım daha sonra bildirir ki, Baba Babayevin Həsən bəy Zərdabinin zəngin, mənalı həyatı və yaradıcılığı barədə əhatəli bir kitab ərsəyə gətirməsi məmnunluq doğurur. Lakin tədqiqatçının özündən əvvəlki bəzi müəlliflərin Həsən bəyin 1852-ci ildə Şamaxı qəza məktəbinə gələrkən 15 yaşında olması barədə yazdıqlarına istinad edərək, onun 1837-ci ildə doğulması mülahizəsinə üstünlük verməsi qeyd edilən rəsmi sənəddə əksini tapmış faktla ziddiyyət təşkil edir. Həsən bəy Zərdabinin tərcümeyi-halını yazan həyat yoldaşı Hənifə Məlikova və Fərhad Ağazadə onun Şamaxı məktəbinə gedərkən 15 yaşda olması brədə heç nə yazmayıblar. 

Esmira Cavadova öz qənaətini belə əsaslandırır: 

– 1852–1856-cı illərdə Həsən bəy Şamaxıdakı 4 sinifli rus məktəbində oxuyur. Məktəbi bitirəndə Zərdabinin 14 yaşı tamam olur. Elə bu səbəbdən də Həsən bəy Tiflis Gimnaziyasına daxil ola bilmir, çünki məktəbə yalnız 16 yaşına çatmış şəxslər götürülürdü. 1858-ci ildə Həsən bəyin 16 yaşı tamam olanda məktəbi əla qiymətlərlə bitirdiyi üçün Qafqaz Təhsil Dairəsinin rəisi baron Nikolayın qəyyumluğu və atasının dayısı Tiflis çar ordusunda xidmət edən general-mayor Fərhad bəy Ağayevin köməyi ilə I Tiflis Gimnaziyasının 5-ci sinfinə hökumət xərcinə qəbul olunur. Həsən bəy 1861-ci ildə gimnaziyanı gümüş medalla bitirib elə həmin il imtahansız Moskva Universitetinin fizika-riyaziyyat fakultəsinin təbiətşünaslıq şöbəsinə qəbul olunur.

Həsən bəy Zərdabinin doğum haqqında şəhadətnaməsi əlimizdə olmasa da, “Attestat” adlı sənəd onu dolğunluğu ili əvəz edir. Sənədin “Attestat” adlandırılmasına baxmayaraq, burada Həsən bəyin Moskva Universitetində oxuduğu illər (1861–1865), ali məktəbi elmlər namizədi alimlik dərəcəsi ilə bitirməsi, Vətənə qayıtması, müxtəlif idarələrdə işləməsi sadalanır, eləcə də ­1869-cu ilin noyabrından 1878-ci ilin noyabrınadək Bakı gimnaziyasında təbiət tarixi müəllimi işləməsi, ailə həyatı qurması, həyat yoldaşı və uşaqlarının da Məhəmməd hümmətli olması və onunla birlikdə yaşamaları qeyd edilib. Həmin “Attestat” Həsən bəyə 1878-ci il dekabrın 12-də, yəni onun 36 yaşı olarkən təqdim edilib.

Zərdabi gimnaziyada işlədiyi barədə müdiriyyətdən ona arayış verilməsini xahiş edərkən bu sənəd ona “Attestat” adı ilə verilib. Onu səlahiyyətli şəxslər imzalayıb, məktəbin  möhürü vurulub, surətini isə Tiflis notariusu təsdiqləyib.

Esmira Cavadova göstərir ki, çoxsaylı arxiv sənəd və materiallarının heç birində Həsən bəy Məlikovun təvəllüd tarixinin konkret, dəqiq və aydın olaraq öz əksini tapmamasını Baba Babayev də etiraf edir. Lakin onun rəsmi sənədə yox, “ağlabatan” mülahizəyə əsaslanması təəssüf və yeni dolaşıqlıq doğurur.

Hazırladı:
Tahir AYDINOĞLU
XQ

Redaksiyadan: Həsənbəy Zərdabi kimi millət fədasinin, nadir tarixi şəxsiyyətin bioqrafiyasının dolğunluğu və düzgünlüyü ictimai önəm və elmi sambal daşıyır. Bu, böyük maarifçi-demokratın yubileylərinin keçirilməsi üçün də başlıca istinadgahdır. Şübhəsiz, yeni araşdırmalar bundan sonra da aparılacaq. Son sözü isə Zərdabinin əsl doğum şəhadətnaməsinin aşkar edilməsi deyə bilər. Hələlik isə əldə olan “Attestat” yeganə rəsmi tutalğadır. Həsən bəylə bağlı rəsmi. ciddi qənaətlərin isə bu fakta söykənməsi daha məntiqlidir.

 

Mədəniyyət