Heydər Əliyev: Mən istəyirəm siz qalıb mənə kömək edəsiniz...

post-img

Görkəmli şair, dramaturq, nasir və publisist, ictimai və dövlət xadimi, Azərbaycan Respublikasının birinci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir, Əməkdar incəsənət xadimi Hidayət Orucovla müsahibə.

İkinci söhbət

(əvvəli qəzetin 3 noyabr 2023-cü il tarixli sayında)

– Hidayət müəllim, Heydər Əliyevi açıq dəstəklədiyinizə görə sizə təz­yiqlər, hədə-qorxular olurdumu? Əjdər Xanbabayevin qətli sizi Heydər Əliyev sevgisindən üz döndərmək barədə dü­şünməyə vadar etdimi?

– Mümkün olardımı təzyiqlər, təqib­lər olmasın? Təzyiqlər, təqiblər çox oldu, amma məni yolumdan döndərmək əsla mümkün deyildi. Bu təzyiq və təqiblər müxtəlif yollarla olurdu. Məsələn, bir gün gecə saatlarında doğmalardan biri xanı­mı ilə bizə gəldi. Gördüm çox həyəcanlı və pörtmüş vəziyyətdə gəlib. Elə ailəmin, uşaqların yanında mənə dedi: “Gəl sən çəkil bu yoldan, yazma Heydər Əliyev haqqında, çıxışlarında, söhbətlərində onun adını çəkmə, bir gün səni ya tuta­caqlar, ya da vuracaqlar. Tutmağa bə­hanə tapmayacaqlar, çox güman ki, vu­racaqlar. Ailənin yanında deyirəm, sonra mən bu uşaqlara baxmayacağam”. Aydın görünürdü ki, onu kimsə hədə-qorxu ilə buna hazırlayıb. Əlbəttə, mən onun bu sözlərini gülə-gülə, bir az da istehza ilə qəbul etdim. 

Bu, nə birinci xəbərdarlıq idi, nə də sonuncu. Qohumlar, dost-tanışlar tez-tez mənə irad tuturdular: “Sən nə üçün ümumi axına qarşı gedirsən? Özünə cid­di problemlər yaradırsan. Özünə yazığın gəlmir, barı ailəni düşün...”

20 Yanvardan və Əjdər Xanbabayevin qətlindən sonra axşam evə, gündüz isə işə tez-tez telefon açırdılar, gəldən-get­dən danışırdılar. Düşünürdüm: “Bun­lar nə yaman mehribanlaşıblar?” Sən demə... Aradan müəyyən vaxt keçəndən sonra özləri söyləyirdilər ki, mənim tale­yim üçün narahat olurmuşlar, bilmək istə­yirmişlər necəyəm, sağam, yoxsa...

Ulu öndər hakimiyyət olimpinə qayı­dandan, ölkədə sabitlik yaranandan son­ra həmin yaxınlarım əvvəl söylədiklərini yeni redaktədə, bu dəfə fəxrlə deyirdilər: “Hidayət lazım olanda ümumi axına qarşı çıxa bilir...”

Doğrudur, respublikanın o vaxtkı rəh­bərləri də mənim bu dönməzliyimi unut­madılar, çox yerdə qabağımı kəsdilər, çox yerdən adımı pozdular. Məsələn, həmin il Ali Sovetə seçkilər keçirilən­də, deputat seçilməyə 100 faizli şansım ola-ola, bilavasitə Ayaz Mütəllibovun göstərişi ilə seçilməyimə imkan vermə­dilər. Namizəd olduğum dairədən başqa bir adam, deputat seçdilər. Ayazın hirsi bununla soyumadı. Moskvaya qaçandan bir müddət sonra orada yazdığı və çap etdirdiyi memuarında o vaxtın müxalifət­çilərindən yalnız məni xüsusi qeyd edib “xatırlamışdı”.

Ayaza qədər Vəzirovun təqibinə tuş gəlmişdim. Hətta bir dəfə birinci katib olan Vəzirov öz ətrafında olan adam­lardan soruşur: “Mı kak mojem nemnoj­ka rasslabit Qidayata?” İdeologiya üzrə katib işləyən Rafiq Zeynalov demişdi: “Posledniy vremya on molçit”. Vəzirov özünəməxsus emosionallıqla iki dəfə tək­rarlamışdı: “Eqo molçaniya toje opasno!” 

– Hidayət müəllim, Heydər Əli­yevə qarşı bu qərəz, kin, qəzəb nə­dən irəli gəlirdi? Axı, Heydər Əliyev hakimiyyətdə olduğu 1969-1987-ci illərdə Azərbaycanda heç kimin edə bilməyəcəyi işləri həyata keçirmişdi. Ulu öndərə qarşı çıxanların da əksə­riyyəti məhz onun sayəsində yüksək vəzifəyə, el dilində desək, çörəyə çat­mışdılar. Bu namərdlik hardan, nədən qaynaqlanırdı? 

– Bu paxıllıq, qısqanclıq, maddi ma­raqlardan qaynaqlanırdı. Siz çox doğru qeyd edirsiniz ki, Heydər Əliyevi ədalət­siz tənqid edən, ona qarşı çıxan adam­ların çoxunun karyerası Heydər Əliyevin vaxtında formalaşmışdı. Amma maraqlı bir cəhət də odur ki, Heydər Əliyevin ha­kimiyyət pilləsində yüksək vəzifələrə irəli çəkdiyi əksər insanlar özlərinin xeyirxahı­na, himayəçilərinə qarşı olan ədalətsizlik­lərə, qərəzə, böhtana susdular, səslərini çıxarmadılar. Kim nə deyir, necə qəbul edir bilmirəm, mənə görə bu, əxlaqsızlıq idi. 

Heydər Əliyev artıq 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra, bir qism köhnə no­menklatura adamlarının, onun keçmiş­də vəzifə verdiyi, irəli çəkdiyi insanların çoxunun Heydərçi olmalarına mən inan­madım. Çünki o adamlar ən azından öz səhvlərini etiraf etmiş olsaydılar, onda onlara yanaşmam bir qədər yumşaq olardı. 

Heydər Əliyevin qayıdışından az bir müddət sonra əvvəllər mənə qarşı çıxanlar, məni qəbul etməyənlər, mənə qarşı olan qısqanclıqlarını, məkrlərini, paxıllıqlarını yenə gizlətmədilər. İkinci dövrdə onların hücumları açıq xarakter daşımasa da, gizlin təqiblər daha böyük miqyas almışdı. Çünki onların bir qismi, Heydər Əliyev hakimiyyətdən uzaqlaş­dırılandan sonra vəzifələrdən çıxarılmış­dılar, səlahiyyətləri əllərindən alınmışdı. Heydər Əliyev qayıdandan sonra onların bəzilərinə vəzifə verdi...

– Demək olarmı ki, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbül­fəz Elçibəy hakimiyyətinin Heydər Əliyevə qarşı olan təqib və təzyiqləri­nin əsas səbəbi, ulu öndərin nüfuzu, xalqın ona olan sevgisi, bu şəxsiyyə­tin beynəlxalq aləmdə lider kimi qəbul edilməsindən irəli gəlirdi? Yəni on­lar hakimiyyəti itirməkdənmi narahat olur, qorxurdular?

– Əlbəttə, bunlar əsas səbəblərdən idi. Heç yadımdan çıxmır, Ali Sovetin məlum biabırçı sessiyasında Heydər Əliyevə qarşı hörmətsizlik olunan günün səhəri bir qatı Mütəllibovçu məni görən­də dedi: “Mütəllibov istər göyə çıxa, istər yerə enə, Heydər Əliyevin nüfuzuna xələl gətirə bilməz. Ona görə də Heydər Əliyevi zalda görəndə qorxur, özünü çox narahat hiss edir”.

Heydər Əliyev son dərəcə milli adam idi. Ona görə antimilli adamlar da ona qarşı çıxır, təqib edir və böhtan atırdılar. Respublika rəhbərliyində belə adamlar çox idi. Təsəvvür edin, Heydər Əliyev Azərbaycandan gedəndən sonra Mərkə­zi Komitədə təbliğat və təşviqat şöbəsi­nin mətbuata baxan müdir müavini ermə­ni idi. Bütün mətbuatı vermişdilər onun ixtiyarına. “Azərbaycan” nəşriyyatının istehsalat şöbəsinin müdiri erməni idi. Hələ qarışıq və gizli ermənilərdən danış­mıram...

– AXC hakimiyyətə gələndən az bir müddət sonra siz də onların hakimiy­yətində yüksək vəzifə aldınız və çox qısa bir vaxtda Prezident Əbülfəz Elçi­bəyin millətlərarası münasibətlər üzrə müşaviri, sonra respublikanın milli si­yasət məsələləri üzrə dövlət müşaviri işlədiniz. Onlar niyə Heydər Əliyevdən qorxur, ona təzyiq göstərir, təqib edir, Naxçıvanda Ali Məclisin sədri olması ilə barışmaq istəmir və hətta Bakıya gəlməsinə ən müxtəlif yollarla mane olmağa çalışırdılar? Sizin Əbülfəz El­çibəylə bu barədə heç söhbətiniz olur­dumu, onlara deyirdinizmi Heydər Əli­yev bu xalqa lazımdır? 

– Hakimiyyətə gələnə qədər, mən bilir­dim ki, Əbülfəz Elçibəyin Heydər Əliyevə münasibəti müsbət olub. Hətta mənə demişdilər ki, Heydər Əliyev Siyasi Bü­ronun üzvü seçiləndə Əbülfəz Elçibəyin evində onun portreti asılıb. Bunu mənə onun evinə gedib-gələn adamlar demiş­dilər. Prezident olanda hətta bir dəfə ona dedim: “Heydər Əliyevə qarşı bu qədər əsassız ittihamlar nə üçündür? Niyə buna son qoymaq istəmirsiniz? Buna bir mü­nasibət bildirin”. Elçibəy dedi: “Bilirsiniz, siz onu müdafiə edin, siz düz edirsiniz. O da bizimdir, xalqımızın oğludur”. De­dim: “Əbülfəz bəy, onsuz da mən müdafiə edirəm. Amma siz Prezidentsiniz, sözü­nüz daha keçərlidir”. Susdu, amma bunu etmədi. Hətta xeyli sonra mən bu möv­zuya yenidən qayıdanda məndən incik halda soyuq danışdı. Mən elə başa dü­şürdüm ki, o, ətrafındakı adamlarla mü­nasibəti pozmamaq üçün buna getmədi. Ətrafındakılar isə Heydər Əliyevin haki­miyyətə gəlməsindən qorxurdular.

...1993-cü il mayın 28-də – Müstəqil­lik Günü Zaqatalada Məmmədəmin Rəsulzadəyə büst açırdılar. Tədbirə Ali Sovetin sədri İsa Qəmbər və Dövlət mü­şaviri Arif Hacılı getmişdi. Zaqatala milli azlıqlar olan bir regiondur. Elçibəy bir az sonra mənə dedi ki, sabah orda Məm­mədəmin Rəsulzadənin abidəsi açılır, İsa bəylə, Arif bəy ora gediblər, sən də get”. Tədbirə gecikməyim deyə, təyyarə ilə Zaqatalaya uçdum. 

Zaqatalada abidənin açılışında İsa Qəmbər də, Arif Hacılı da, mən də çıxış etdik. Tədbirdən sonra icra hakimiyyəti­nin akt zalında İsa Qəmbər müsavatçı­larla görüş keçirirdi. Məni də çağırdılar və oturdum Arif, icra başçısı və İsa Qəm­bərlə yanaşı. Təbii ki, mənlik orada bir məsələ yox idi, ona görə əvvəldən axı­radək müşahidəçilik etdim, danışmadım. Zaldan bir müsavatçı sual verdi ki, “Nax­çıvan Ali Məclisinin sədri Heydər Əliyev Ermənistanla müstəqil şəkildə danışıq­lar aparır, bu separatçılıq deyilmi?” İsa Qəmbər sual verənin mövqeyinə uyğun ona cavab verdi. Sözündən belə çıxdı ki, o da bu addıma yaxşı baxmır. 

Tədbir gec başa çatdı və ona görə biz Zaqatalada qalmalı olduq. Təbii ki, Ali Sovetin sədri tədbirdə iştirak edirdisə, Azərbaycan Televiziyası bunu nümayiş etdirəcəkdi. Axşam qonaq evində şam yeməyi zamanı dedim: “İsa bəy, tapşır bu çəkilişi montaj etsinlər, Heydər Əliyevlə bağlı hissəni verməsinlər. İndi konsolida­siya, birlik vaxtıdır. Bir də Heydər Əliyev neyləyir axı? O Naxçıvanı erməni işğa­lından qoruyur! Bunun özü çox böyük iş­dir. Orada da bir cəbhə açılsa bizə asan olmayacaq axı”. Arif də, icra başçısı da bizi eşidirdilər. Dedi: “Düz deyirsiniz, tap­şıraram verməsinlər”. 

Səhəri İsa Qəmbər təklif etdi ki, Ba­kıya onlarla bir yerdə qayıdım. Dedim, mənim İran səfiri ilə görüşüm var, işdə olmalıyam. Ona görə təyyarə ilə Bakıya uçdum. Həmin gün axşam televiziyada xəbərləri izləyəndə baxdım ki, müsavat­çılarla görüşdən yalnız Heydər Əliyev­lə bağlı həmin sualı və İsanın cavabını verdilər. Elə bil görüş məhz bu məsələyə həsr edilibmiş... 

Ertəsi gün Prezident Aparatında mü­şavirədə İsa Qəmbərlə görüşdük, tək sözü bu oldu: “Gördüm, İranın səfirini qəbul etdiniz...” Zaqataladan onlarla qa­yıtmamağıma işarə edirdi. Mən də elə o tərzdə cavab verdim: “Mən də gördüm... Zaqataladakı tədbiri deyirəm!” Mənim nəyə işarə etdiyimi dərhal anladı.

Artıq ölkədə vəziyyət gərginləşmək­də idi. Surət Hüseynov təhlükəsi qapını döyürdü. Qərara gəlmişdik ki, Elçibəyin respublika ağsaqqalları ilə görüşünü təş­kil edək. Xidmətdəki əməkdaşlara kimin hansı bölgələrin icra hakimiyyətlərinin başçıları ilə danışacağını tapşırandan sonra dedim: “Naxçıvanla özüm danışa­cağam”. Zarafat deyil, Heydər Əliyevlə mən danışmasam, kim danışasıydı. 

“VÇ” telefonla zəng vurdum, dəstəyi o zaman onun köməkçisi olan Vasif Talıbov götürdü. Dedim: “Heydər Əlirza oğluynan danışmaq istəyirəm”.Təəccüblə soruşdu: “Özü ilə?” Dedim: “Bəli”. Calaşdırdılar. 

Söhbətimiz çox uzun çəkdi. Əvvəlcə mənimlə Zaqataladakı tədbirlə bağlı çox narazı danışdı. Sonralar məlum oldu ki, mənim haqqımda ona məlumat veriblər. Yeni Azərbaycan Partiyasının təşkilatçı­ları ona demişdilər ki, Hidayət sizi istəyən və müdafiə edən adamdır. Daim də bu yolda mübarizədədir. Vəziyyət aydınla­şanda Nizami Xudiyevə demişdi: “Düz­dür, onun özü və mənimlə bağlı yazıları haqqında çox eşitmişəm. Bəs nə əcəb onu orada saxlayırlar?” 

Telefonda mənə dedi: “Siz bunla­ra demirsiniz, mənim haqqımda bu nə böhtanlar, yalanlardır yayırlar? O nəydi parlamentin sədri Zaqatalada danışırdı?” Televiziyadakı süjetdə məni İsanın ya­nında gördüyü üçün lap qəzəblənmişdi, yəni mən orda ola-ola niyə onun qarşısını almamışam. Dedim: “Heydər Əlirza oğlu, siz böyük şəxsiyyətsiniz. Sizin xidmətləri­nizə kölgə sala bilməzlər. Xalq sizi sevir və dəstəkləyir”. Uzun söhbətdən sonra zəng etməyimin məqsədini dedim. Əslin­də elə özüm də istəyirdim onunla söhbət edim. Dedi: “Bu gün cümə günüdür. Tap­şıraram, hazırlayarlar, bazar ertəsi sizə məlumat verərik”. 

Telefon söhbəti uzun çəkdiyindən tənəffüsdən xeyli keçdi. Mən söhbəti bitirib çıxdım ki, nahar edim. Pilləkənlə yeməkxanaya qalxanda baxdım ki, o vaxt dövlət katibi olan Əli Kərimov aşağa dü­şür. Elə pilləkəndə onu saxlayıb dedim: “İndicə Heydər Əliyevlə danışdım. O çox narahatdır, bizdən də gileyləndi. Buna haqqı da var, çünki son vaxtlar Bakıda bəzi rəsmi adamlar onun haqqında əsa­sı olmayan söz-söhbətlər danışırlar. Biz Naxçıvana gedib Heydər Əliyevlə gö­rüşək, danışaq, vəziyyətlə tanış olaq, ora kömək edək. Yoxsa meydana yeni ağır problemlər çıxar” İnsafən, Əli Kərimov dedi: “Düz deyirsiniz. Qoy bu məsələ qurtarsın, gedərik”. Amma sonra buna imkan olmadı. Ağsaqqallarla görüş də baş tutmadı. Bir həftə keçməmiş Heydər Əliyev özü Bakıya və hakimiyyətə gəldi. 

– Heydər Əliyev hakimiyyətə qa­yıdandan və Prezident seçiləndən sonra təbii ki, dövlət quruculuğuna öz komandasını formalaşdırmaqla başla­malı idi. Heydər Əliyevə komandada Hidayət Orucovu öz vəzifəsində sax­lamağa əsas verən səbəb nə idi? Bu məsələni Ulu öndər özü sizinlə müza­kirə etmişdimi?

– Əvvəla ondan başlayım ki, necə oldu AXC hakimiyyətində mənə yüksək post təklif etdilər və Əbülfəz Elçibəy nə üçün bu vəzifəyə məhz məni seçdi. O illərdə milli məsələlər, xalqımızın tarixi, mənəvi dəyərlərinin bərpası, qorunma­sı, erməni təcavüzü və digər bu kimi problemlər mənim publisistikamın əsas mövzusu idi. Bu, şübhəsiz, AXC-nin saf qüvvələrini, xüsusilə Əbülfəz Elçibəyi çox maraqlandırırdı. Hətta bu təşkilat hakimiyyətə gəlməmiş, ən nüfuzlu vaxt­larında məni İdarə Heyətinə üzv seçmək istəyiblər və məlum olub ki, mən Cəbhə­nin üzvü deyiləm. Təsirli olsun deyə, qərara gəliblər ki, Əbülfəz bəy mənə zəng vursun. Zəng vurdu və söhbətimiz 40 dəqiqədən çox çəkdi. Mən dedim: “Müstəqil qalmaq istəyirəm. Onsuz da sizi dəstəkləyirəm. Bir də sizin Cəbhə­dən kənar dəstəyə də ehtiyacınız var...” Qəbul etmirdi, hətta arada əsəbləşdi də: “Sonra da deyirlər ziyalıları saymırıq”. Mənim haqqımda yüksək fikirlər söylədi, ancaq qərarımı dəyişmədim. Mən deyən­də ki, “Əbülfəz bəy, sizin də konstruktiv müxalifətə ehtiyacınız var axı. Məni niyə bu şansdan məhrum edirsiniz?” Ucadan qəhqəhə çəkib güldü və dedi: “Sizinlə ba­carmaq olmur, nə deyim”.

Ancaq buna baxmayaraq, Prezident olanda fəaliyyətimi dəyərləndirdi və öz təşəbbüsü ilə məni yüksək vəzifəyə təyin etdi. Əminliklə deyirəm ki, əgər Əbülfəz öz təşəbbüsü ilə yüksək vəzifəyə beş nəfər təyin edibsə, biri mənəm, bir nəfər təyin edibsə, o da mənəm. Özü də AXC üzvü olmaya-olmaya...

İki aydan bir az artıq olardı AXC ha­kimiyyətə gəlmişdi. 1992-ci il avqustun 1-i, şənbə günü ailəmlə birlikdə Saray qəsəbəsində məskunlaşan qaçqın xa­lamoğluna baş çəkməyə getməyə ha­zırlaşırdıq. Telefon zəng çaldı. Dedilər: “Hidayət bəy, sizi narahat edən Pənah Hüseynovun köməkçisidir. Pənah bəy sizinlə görüşmək istəyir”. Soruşdum: “Nə vaxt?” Dedi: “İndi gələ bilərsinizmi?” De­dim: “Gələrəm”. Yol boyu düşünürdüm ki, görəsən bunları nə maraqlandırır? 

Aparata gəlib Pənahla hal-əhval tu­tandan sonra dedi: “Hidayət bəy, biz istə­yirik siz gəlib Prezidentin millətlərarası münasibətlər üzrə müşaviri işləyəsiniz”. Dedim: “Pənah bəy, mən nəşriyyatın baş redaktoruyam, yazıçı üçün bundan böyük vəzifə yoxdur. Mən nə qədər istə­yirəm o nəşriyyatda qalıb işləyəcəyəm. İndi ki, bura məsləhət bilirsiniz gəlib işləyərəm, pəncərənizdən görünən o dənizi məsləhət bilsəz, gedib dənizdə işləyərəm. İndi iqtidarda vəzifə seçmək vaxtı deyil”. Dedi: “Təşəkkür edirəm ki, bizim sözümüzü yerə salmadınız. Gedək Prezidentin yanına”. 

Getdik Prezidentin qəbuluna. Əbülfəz bəy gəlib kabinetin ortasında mənimlə səmimi görüşdü. Söhbət etdik, ayrılan­da soruşdu: “Bu gündən işə başlaya bilərsinizmi?” Dedim: “Başlaya bilərəm”. Amma çox təəccübləndi: “Nə üçün bu gündən?” Demə, bu sahədə vəziyyət son dərəcə acınacaqlı imiş. 

Gecəyarı yeni vəzifədə ilk iş günümü başa vurub evə gedəndə özümə söz ver­dim ki, nə vaxt işdən çıxsam və ya məni çıxarsalar, başımı dik tutub Prezident Aparatından evə qədər piyada gedə­cəyəm və ... hamının gözünə dik baxa­cağam. 

Heydər Əliyev Milli Məclisin sədri kimi Prezident səlahiyyətlərini icra edəndə məni yanına çağırdı. Dedi: “Mən istə­yirəm siz qalıb mənə kömək edəsəniz. Düzdür, siz bunlarla gəlmisiniz, amma bilirəm ki, bunlardan deyilsiniz”. Mən ona Pənaha söylədiklərimi qısaca danışdım. Sonra dedim: “Heydər Əlirzaoğlu, Pənah bəyin kabinetinin pəncərəsindən dəniz görünürdü, elə buradan da dəniz görü­nür. İndi bura lazımdı, burada işləyim, dənizdə lazımdı, gedim dənizdə işləyim”. Sonra ümumi vəziyyətlə bağlı söhbət et­dik, bəzi məsələlərlə maraqlandı, sualla­rına cavab verdim.

Heydər Əliyev hər sözün, hər hərəkə­tin, kiçik bir xidmətin belə dəyərini vermə­yi bacaran şəxsiyyət idi. Mənim əvvəlki fəaliyyətimi də, 10 ay AXC hakimiyyətilə işimi də, tutduğum mövqeyi də dəyər­ləndirirdi. AXC hakimiyyətinin yüksək vəzifəyə təyin etdiyi adamlardan onun komandasında tək mən qaldım.

– Heydər Əliyevin sizi öz postunuz­da saxlaması əlbəttə, təsadüfi deyildi, ölçülü-biçili bir qərar idi və yəqin elə sizə inam da burada böyük rol oyna­mışdı. Mənim üçün maraqlıdır, ulu öndər milli məsələlərə niyə bu qədər böyük əhəmiyyət verirdi? 

– Şübhəsiz, belə idi. Mən o vaxt er­məni təcavüzündən, milli münasibətlər­dən çox yazırdım. Amma heç ağlıma da gəlməzdi ki, gəlib milli siyasət üzrə dövlət müşaviri postunda oturaram. 

Açığını deyim ki, o vaxt milli siyasət­lə məşğul olmaq mina təmizləyənlərin işinə bənzəyirdi. Kiçik bir ehtiyatsızlıq, səhv faciəyə gətirib çıxara bilərdi. Çox çətin zaman idi. Heydər Əliyev bunu ha­mıdan gözəl bilirdi. Məsələn, sonralar onun rəhbərliyi altında işləyəndə ulu ön­dər xarici həmkarlarımı, milli məsələlər­lə bağlı beynəlxalq təşkilatların rəhbər­lərini qəbul edəndə, mən də görüşlərdə iştirak edirdim. Bəzən söhbət elə yerə gəlib çatırdı ki, gözləyirdim indi o dönüb məndən həmin məsələni soruşacaq. Çünki elə məsələlər olurdu ki, Heydər Əliyev onu bilməyə borclu deyildi. Mən gözləyirdim ki, indi mənə üz tutub so­ruşacaq. Əlbəttə, mən də buna hazırla­şırdım, sözügedən məsələylə bağlı bil­diklərimi özüm üçün sistemləşdirirdim. Amma yox, özü hər suala elə yüksək ustalıqla, detallarla, dürüst cavab verir­di, özüm məəttəl qalırdım. Deyirdim, İla­hi axı o haradan bunu bilir? Etiraf edim ki, inanmıram milli məsələləri dövlət rəh­bərlərindən kimsə onun kimi mənimsə­miş olaydı. 

Bir dəfə Boris Yeltsinin müşaviri onun qəbulunda oldu. Heydər Əliyev axşam onu iqamətgaha şam yeməyinə dəvət etdi. Məclisdə mən də iştirak edirdim. Söhbət əsnasında rusiyalı həmkarımın söylədiyinə etiraz etdim və onun fikri ilə razılaşmadığımı bildirdim. O isə izah edirdi ki, doğru fikirdədir. Heydər Əliyev dedi: “Hidayət düz deyir, o haqlıdır, bu işi o yaxşı bilir”. Yəni ulu öndər hər şeyi dü­rüst qiymətləndirirdi.

Cənubda Ələkrəm Hümbətov qon­darma “Talış Muğan Respublika”sı elan etmişdi. Heydər Əliyev də yenicə Ali So­vetin sədri seçilib fəaliyyətə başlamışdı. Bu separatizmin haradan qaynaqlandığı bəlli idi. O gərgin günlərdə Heydər Əliyev mənə tapşırdı ki, “Lənkərana get, gör bu Ələkrəm Hümbətov nə etmək istəyir, o ca­maatı niyə gərginlikdə saxlayır”. Razılaş­dıq ki, Lənkərana Şeyxülislamla birlikdə gedək. Göstəriş verdi, təyyarə ayırdılar ki, vaxt itirməyək. Elçibəy də hələ Bakıda idi. İstədim ona da deyim. Köməkçisinə zəng vurdum. Dedi: “Cəbhəçilər gəlib tökülüb­lər, başı qarışıqdı, vaxtı yoxdur”. Dedim: “Yaxşı, mən sabah Lənkərana getmə­liyəm, zəng vurdum ki, məlumatı olsun”.

Zaqulbadakı hökumət bağına yola düşdüm. Nə qədər olmasa, ora hava li­manına yaxındır. VİP salona keçəndə mənə məlumat verdilər ki, Elçibəy sübh tezdən harasa uçdu. Hara, bilinmir. Ora­dan Heydər Əliyevə zəng vurdum. De­dim: “İndi burada məlumat verdilər ki, El­çibəy səhər tezdən harasa uçub”. Dedi: “Düz eşitmisən, gedib”. Dedim: “Mən neyləyim, gedim, qayıdım?” Dedi: “Sən get”. Yəni o məqamda da dövlətçilik üçün vacib olan işi ertələmədi. 

İlqar RÜSTƏMOV
XQ,
Əməkdar jurnalist



Müsahibə