“Kəpəz”i batıranlar kənarda təqsirkar axtarırlar

post-img

Müdrik filosof Konfutsi vaxtilə demişdi: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də əgər pişik otaqda yoxdursa”.

Birbaşa mətləbə keçirəm. Hazırda Azərbaycanın ikinci böyük şəhəri Gən­cədə “Kəpəz” futbol klubunu pis günə salanlar, acınacaqlı bir duruma gətirib çıxaranlar istefa vermək əvəzinə, təq­sirkar axtarırlar. Halbuki baiskar elə öz­ləridir. Onda özlərini qoyub kimi axtarır­lar, görəsən? 

Elə isə “istefa vermək də bir mədə­niyyətdir” deyimini xatırladaq: “Kəpəz”i bu günə salanlar, cavab verin, yaxud da sakitcə, üzüsulu çıxıb gedin. Lakin inanmırıq ki, müvafiq qurumlar, o cüm­lədən hüquq-mühafizə orqanları sizin başınızı sığallasın. Çünki son 4-5 ayda böyük ənənələri, adı-sanı olan klubun daxilində elə hadisələr cərəyan edib ki, onlara biganə qalmaq, sadəcə, müm­kün deyil.

Xatırlayırsınızsa, bu ilin martında qəzetimizdə bir yazı getmişdi. Adı belə idi: “Futbol dedi-qodu sevmir”. O za­man da yazmışdıq ki, böyük futbolun yenidən Azərbaycanın ikinci şəhərinə qayıtması Gəncədə sonsuz coşqu ya­radıb. İstər şəhər rəhbərliyi, istərsə də AFFA və digər əlaqədar təşkilatlar oyunların şəhər stadionunda keçirilmə­si üçün tədbirlər görüblər və buna nail olublar. Bildiyiniz kimi, “Kəpəz” bir neçə tur ev oyunlarını başqa şəhər və rayon­ların stadionlarında keçirmək məcbu­riyyətində qalmışdı və komandanın ak­tivində bir xal belə yox idi. Məhz belə bir vaxtda, yəni, ötən il sentyabrın əvvəllə­rində “Kəpəz” PFK İctimai Birliyi İdarə Heyətinin iclası keçirildi və o vaxtadək klubun icraçı direktoru olan İlqar Nadiri sədr seçildi, Tərlan Əhmədov isə ko­mandanın baş məşqçisi təyin olundu.

O zaman klubun daxilində gedən xoşagəlməz proseslər, dedi-qodu, giley-güzar elə ilk andan diqqətimizi cəlb etmişdi. Doğrudur, Tərlan Əhmə­dov artıq mübariz bir komanda yarada bilmişdi və “Kəpəz” sonuncu yerdən aralanmış və premyer liqada qalmışdı. Amma Gəncədə “yerli-yersiz” söhbəti yaranmışdı və baş məşqçinin klub daxi­lində dedikləri, nizam-intizama üstünlük verməsi başqa cür yozulmuşdu. Belə bir əhval-ruhiyyəni kimlərin yaratdığını şəhərdə hamı bilirdi. Lakin klub rəhbər­liyi, ilk növbədə, keçən ilin payızında idarə heyətinin sədri seçilmiş İlqar Na­diri heç kimin gözləmədiyi halda Tərlan Əhmədov kimi çox təcrübəli bir məşq­çini daxildəki müəyyən qüvvələrin təsiri ilə, necə deyərlər, “oyundan kənarda qoydu”, onunla təkrar müqavilə bağla­madı. 

Elə klubun enişi də bundan sonra başladı. “Tərlan Əhmədov komandada yoxdursa, biz də yoxuq”– deyərək bir neçə futbolçu klubu tərk etdi. Halbuki bu oyunçuların çoxu AFFA-nın maaşla­rı hər ay gecikdirməsinə baxmayaraq, komandada qalıb mübariz, peşəkar oyun göstərirdilər.

Komandaya yeni baş məşqçinin – Azər Məmmədovun gətirilməsi də bir­mənalı qarşılanmadı. Doğrudur, keçən əsrin 90-cı illərində “Kəpəz”in heyətin­də maraqlı və məzmunlu oyunu ilə yad­da qalan A.Məmmədov, təbii ki, Tərlan Əhmədova çata bilməzdi. “Səbail” klu­bunda ikinci məşqçilikdən dəvət olunan mütəxəssis ciddi dönüş yaratmağa nail olmadı. Rəhbərlik də lazımi köməklik göstərmədi. 

Bugünlərdə klubda vəziyyəti öy­rənmək üçün bazaya getmişdik. Azər Məmmədovla ayaqüstü, qısa söhbəti­miz oldu, məşqə tələsirdi. Bu o məşq idi ki, “Qarabağ”la keçiriləcək və biabır­çı məğlubiyyətə uğrayacaq oyuna ha­zırlaşırdılar. Dedik: “Azər, hiss olunur ki, çalışırsan və çox istəyirsən ki, “Kəpəz” qələbə qazansın. Hər dəfə də görürük ki, çox üzülürsən. Amma alınmır.”

Heç nə deməyib gülümsəyərək yaxınlıqdakı yaşıl meydançada onu gözləyən futbolçuların yanına üz tutdu.

Sonra Gəncə Futbol Akademiyası­nın direktoru Cabir İbrahimovla söhbət etdik. Üç aydır ki, bu vəzifədədir. Əvvəl­lər stadionun, sonra klubun icraçı direk­toru olub. Tanınmış idmançıdır, Dünya və Avropa yarışlarında mükafata layiq yerlər tuta bilib. Hiss olunur ki, akade­miyada sağlam əhval-ruhiyyə, işgüzar mühit, nizam-intizam yaratmaq istəyir. Deyir ki, burada 12 yaş qrupu üzrə məşğələlər, dərslər keçirilir. Bunlardan biri qızlar qrupudur. Hər bir şərait var. Sadəcə, bizə göstərilən etimadı doğ­rultmalıyıq.

Akademiyanın yataq, istirahət otaqlarını, akt zalını və digər guşələri göstərir. Təzə mebellər, digər avadanlıq quraşdırılıb, bəzisinin heç yeşiyi açıl­mayıb. Qürurla deyir ki, Azərbaycanda ikinci belə bir baza yoxdur. 

Dörd tərəfi hasara alınmış şəhər stadionunun yenidən qurulmasının vəziyyəti ilə maraqlandıq. Əslində, bu barədə bir qədər əvvəl Gəncə–Daş­kəsən Regional Gənclər və İdman Baş İdarəsinin rəisi İntiqam Hüseynovdan soruşmuşduq. Cavabı qəribə olmuşdu: “Düzü, idarəmiz “Kəpəz” ilə yaxından məşğul olmur, həm də nazirliyimiz icazə vermir ki, stadionda təmir işlərinin gedi­şi haqqında mətbuata açıqlama verək. “Dövlət sirri”dirsə, sözüm yoxdur” – de­yib telefonu qapatmışdıq.

Gənclər və İdman Nazirliyinin, AFFA-nın isə birbaşa vəzifəsidir ki, klubların maddi-texniki bazasının yax­şılaşdırılmasından tutmuş, oyunçuların seçilməsinə, transferlərə, sağlam mü­hitin qorunub saxlanmasına, nizam-in­tizama kimi hər şeyi yoluna qoysun. Məsələn, bu günlərdə məlum olub ki, Kəpəzin ən yaxşı futbolçularından biri, nigeriyalı Abdullahi Şuaybu “Hepatit-B” virusu daşıyırmış. Klubun rəhbərliyi onunla müqavilə bağlanmayacağından ehtiyat edərək bu faktı gizlədiblər, AF­FA-ya saxta sağlamlıq arayışı təqdim ediblər. Düzdür, klubun rəsmiləri deyir­lər ki, bu irsi xəstəlikdir, keçici deyil. Elə isə niyə gizlədirdiniz? Təbii ki, bütün bunlar hüquq-mühafizə orqanları tərə­findən yoxlanmalıdır. Bu və ya digər faktlara görə adlarını çəkdiyim qurum­lar məgər məsuliyyət daşımırlar?

Başqa bir məsələ. Klubun bazasın­dan hamının gözü qarşısında dəmir borular oğurlanır, bir məşqçi müəllim digərinə kəllə atır, başqa birisi “burda mənəm, Bağdadda kor xəlifə” deyirsə, biz niyə qaranlıq otaqda qara pişik ax­tarırıq?

“Kəpəz” yüksək liqada çıxış edən yeganə komandadır ki, onun sponso­ru yoxdur. Nə özünün avtobusu var, nə oynamağa stadonu, nə də normal ma­liyyə vəsaiti. Əslində, ayrılmış 3 milyon manat vəsait kluba lazım olan bütün işləri görməyə imkan vermir. Ona görə də idarə və təşkilatlar kluba yaxından köməklik göstərməlidirlər, heç olmasa sponsor tapılanadək. Klubun bazasın­da bir dənə də olsun məişət tullantısı qabı yoxdur. Akademiya binasının qar­şısında qurumuş ağaclar hər an bu­radan keçən uşaqların, yeniyetmə id­mançıların üzərinə düşə bilər. Dəfələrlə deyilməsinə, ekologiya idarəsinin razı­lığına baxmayaraq, Şəhər Mənzil-Kom­munal Təsərrüfatı İstehsalat Birliyi bu işi görmür. Məişət tullantılarının daşın­ması üçün bu qurum elə yüksək şərt­lərlə müqavilə bağlamağı təklif edir ki, klubun belə bir vəziyyətində onu etmək, sadəcə, mümkün deyil. 

Gəncənin futbol azarkeşləri qədər öz klubu üçün can yandırana, sözün əsl mənasında, cəfakeşlik edənə başqa bir yerdə rast gəlmək mümkün deyil. Onla­rın əksəriyyəti klubu bu günə salanların tezlikə istefa verəcəklərinə inanırlar. 

Prezident İlham Əliyevin “Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamasını şəhər sakinləri, çoxminli azarkeş ordusu böyük coşqu və sonsuz razılıqla qarşılayıblar. Bunu dövlət baş­çımızın Gəncəyə və gəncəlilərə növbəti qayğısı kimi qiymətləndiriblər. 

Sərəncamla Gəncə şəhər stadio­nunun yenidən qurulması işlərinin la­yihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası­nın 2023-cü il dövlət büdcəsində nəzər­də tutulmuş Prezidentin ehtiyat fondun­dan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Bu, ilkin rəqəmdir. Həmişə idmanın, o cümlədən futbolun inkişafı, maddi-texniki bazası­nın möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyən Prezidentin Gən­cədə sanballı, müasir, 16 minlik ta­maşaçı tutumu olan stadionun tezliklə tikilib başa çatdırılması üçün daha bir xeyirxah addımının şahidi olacaqlar.

Göründüyü kimi, Azərbaycanın ikin­ci şəhərinin futbol klubu pis durumda­dır. Daha doğrusu, onu bu vəziyyətə salanlar var. Cavab verməlidirlər – heç olmasa, öz vicdanları qarşısında.

 

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri

Gəncə





Sosial həyat