Heydər Əliyev Azərbaycan–Gürcüstan dostluğunu yeni epoxada əbədiləşdirdi

post-img

Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzovla II söhbəti təqdim edirik

– İsak müəllim, ötən söhbətinizdə dediniz ki, Heydər Əliyev Qaratəpə­dəki komsomol şəhərciyində ağac əkəndə ona siz kömək etmisiniz. Hə­min ağacın taleyi ilə sonralar maraq­landınızmı?

– Təbii ki, Ulu öndərin özü kimi, əkdi­yi o küknar da mənim üçün əziz və unu­dulmaz olub. Onun bitməsi, böyüməsi və qorunması həmişə diqqətimdə olub. Gürcüstan müstəqilliyini qazanandan sonra həmin ərazi təhlükəsizlik orqan­larının sərəncamına verildi. Ondan sonra bağa giriş yasaq edilsə də, mən səlahiyyət və nüfuzumdan istifadə edib vaxtaşırı Ulu öndərimizin öz əlləri ilə ək­diyi ağacı onun Borcalıdakı daim boy atan yadigarı kimi ziyarət edirəm. 

– Ümummilli lider Heydər Əliyev Gürcüstanda yaşayan soydaşlarımı­zın bir çoxunun şəxsi həyatında da silinməz izlər qoyub, istedadlı və ba­carıqlı kadrların yüksəlişinə dəstək verib. 

– Heydər Əliyev dünyanın hər ye­rində azərbaycanlıların problemləri ilə maraqlanır, Gürcüstanda isə onların idarəçilikdə layiqincə təmsil olunmasını daim nəzarətdə saxlayırdı, milli-mədəni inkişafda bu amilə xüsusi diqqət yeti­rirdi. Elə buna görə də Ümummilli lider dünyada yaşayan bütün azərbaycanlı­ların prezidenti sayılırdı. Mənim şəxsi həyatımda isə Heydər Əliyevin rolu ata­lıq qayğısı qədər böyük və dəyərlidir. Sovet dönəmində bir təsadüfdən baş­layan bu tanışlıq Gürcüstan parlamen­tinin üzvü olanda bir daha yeniləndi və mənim ictimai fəaliyyətim Heydər Əliye­vin diqqət mərkəzində oldu. 

1996-cı ilin yanvarında Gürcüstan parlamentinin nümayəndələri Bakıya gəlmişdi. Bakıda Prezident Sarayında Heydər Əliyev Gürcüstan parlamentinin o zamankı deputatları Ramiz Bəkiro­vu, Hidayət Hüseynovu və məni ayrıca qəbul etdi. Ulu öndər bir saatdan çox çəkən görüşdə hər birimizi diqqətlə din­lədi, soydaşlarımızın qayğı və problem­ləri ilə maraqlandı. Qürurverici sözləri indi də yadımdadır: “Siz Gürcüstanda yaşayan azərbaycanlılar, unutmayın ki, bu ölkə sizin vətəniniz, dövlətinizdir. Siz bu dövlətin qurulmasında, möhkəmlən­məsində və inkişafında gürcü qardaş­larla çiyin-çiyinə çalışmalısınız. Sizin Gürcüstan parlamentinin deputatı se­çilməyiniz məni çox sevindirir. Çalışın ki, Gürcüstanda yaşayan azərbaycan­lılar öz zəka və bacarıqları ilə hamıdan öndə olsunlar”.

1999-cu ilə kimi – deputat olduğum illərdə münasibətlərimiz davam etdi və Heydər Əliyevlə görüşlərim taleyimin ən xoş səhifələri kimi yaddaşımdadır. Amma növbəti seçkilərdə mən bu şans­dan məhrum oldum. Daha doğrusu, proporsional qaydada deputat seçilmə­yimə imkan verilmədi. 

– Bunun səbəbi nə idi?

Təbii ki, səbəb bəlli idi və bu barədə dəfələrlə açıq şəkildə danışmışam. O dövrdə Aşağı Kartili bölgəsinin quber­natoru olan Levan Mamaladze buna imkan vermədi. Bu o Mamaledze idi ki, bölgədə azərbaycanlıların fəaliyyə­tini və fəallığını qəbul edə bilmirdi. O özünü zahirən azərbaycanlıların dostu kimi göstərir, əslində isə bacarıqlı soy­daşlarımızı irəli buraxmırdı. Bizim özü­müzünkülərdən də bəziləri onu azər­baycanlıların sadiq dostu kimi təqdim edirdilər.

O zaman Mamaladzenin azərbay­canlılara qarşı riyakar münasibətinə, onları gizli şəkildə sıxışdırmasına ciddi etirazımı bildirdim. Bundan sonra “hör­mətli qubernator” mənim fəaliyyətimi qəbul etmədi, regionun və azərbaycan­lıların problemlərinin həllində iştirakıma maneçilik törətdi. Bir sözlə, adamların məni yaxından tanımasını istəmədi və qisasını bu cür aldı, ikinci dəfə deputat seçilməyimə imkan vermədi.

– Amma hakimiyyət strukturunda daha ciddi bir vəzifəyə irəli çəkilmisi­niz – Gürcüstan energetika nazirinin müavini olmusunuz. Bu necə müm­kün olmuşdu? 

– Mənim sıxışdırıldiğım bir vaxt­da yenidən irəli çəkilməyim məhz Ulu öndərin adı ilə bağlıdır. Levan Mama­ladze Eduard Şevardnadzenin koman­dasında sözü keçən adam idi. Amma dahi siyasətçi olan Heydər Əliyevin diqqət və sayğısı mənə münasibətdə onun mövqeyinə üstün gəldi. Bu belə olmuşdu. 1999-cu ilin oktyabrında Hey­dər Əliyev Gürcüstanın Bakıda səfərdə olan dövlət naziri Vaja Lordukipanid­zeni qəbul edəndə Ulu öndər soruşur ki, İsak Novruzov hardadır? O vaxtlar mənə kənd təsərrüfatı, təhsil və başqa nazirliklərin birində yüksək vəzifə ve­riləcəyi barədə müzakirələr gedirdi. Bu məsələlərin içərisində olan Lordukipa­nidze cavab verir ki, deputat seçilmədi, amma nazir müavini təyin ediləcək. Azərbaycan rəhbəri bildirir ki, Novruzov bacarıqlı kadrdır, iki xalqın dostluğunun möhkəmlənməsinə xidmət edir. 

Onun bu siyasi dəstəyi mənə müna­sibəti istiləşdirdi. Bundan sonra təyinat məsələmin müzakirəsi bir az da sürət­ləndi və mənə olunan təkliflər sırasında Energetika Nazirliyində çalışmaq qəra­rını verdim. O dövrdə də enerji məsələ­sinin aktuallığı çox yüksək idi və Azər­baycanla əlaqələr sürətlə inkşaf edirdi. Belə bir mühüm vəzifəni seçməyimin obyektiv səbəblərindən biri də bu idi. Amma bu təyinat da daha 5 ay ləngi­dildi. Nəhayət, 2000-ci il martın 22-də Heydər Əliyev Gürcüstana rəsmi səfərə gəldi. Həm Azərbaycanın, həm də Gür­cüstanın iqtisadi və siyasi həyatında çox əlamətdar hadisələrlə zəngin olan bu səfər mənim üçün də önəmli oldu. 

Yerli azərbaycanlılarla görüşən Ulu öndər bu dəfə Gürcüstanın prezidenti Şevardnadzedən ciddi bir tərzdə soru­şur ki, İsak Novruzov haradadır? Hələ 6 ay əvvəl bu məsələdən məlumatlı olan Şevardnadze cavab verir ki, energeti­ka nazirinin müavini təyin etmişik, indi daha operativ və vacib işlərlə məşğul­dur. Amma, əslində, o vaxt mənim bu təyinatım təsdiq olunmamışdı. Heydər Əliyevin Gürcüstan səfəri başa çatan­dan sonra, daha dəqiq desək, 5 gün sonra Gürcüstan prezidenti mənimlə bağlı məsələyə, nəhayət, son verməli oldu – gözlənilən sərəncamı imzaladı.

Martın 28-də mən Gürcüstanın energetika nazirinin müavini təyin edil­dim. Göründüyü kimi, bu təyinat Ulu öndərin Gürcüstandakı soydaşlarımı­zın taleyi ilə bağlı narahatlığından irə­li gələn siyasəti nəticəsində mümkün oldu. Heydər Əliyevin təkidli mövqeyi və mənə inamı karyera yolumu yenidən açdı və bədxahlara da layiqli dərs ver­di. Təbii ki, gürcü dilini mükəmməl bil­məyim və Gürcüstanın hakimiyyət da­irələri tərəfindən ciddi qəbul olunmağım Heydər Əliyevin diqqətindən yayınma­mışdı. İndi görün Heydər Əliyev ən adi məsələlərdə belə nə qədər diqqətli və uzaqgörən bir insan olub. Onun nəzə­rindən heç nə zərrə qədər yayınmayıb, xüsusən də azərbaycanlılara, o cüm­lədən Gürcüstan azərbaycanlılarına münasibətdə bu amil özünü dəfələrlə təsdiqləyib. 

– Ümumiyyətlə, Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından son­ra Gürcüstanda soydaşlarımıza mü­nasibət sivil məcraya düşdü. Onların bu ölkənin köklü xalqı olması gerçə­yi rəsmən qəbul edildi.

– Elədir. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə haki­miyyətə qayıdışından sonra Borçalının taleyi xüsusi diqqətə alındı, hətta özü çətin durumda olan Azərbaycan bu müqəddəs işə səfərbər oldu. O vaxtlar Şəmkir Rayon İcra Hakimiyyətinin baş­çısı işləyən Aslan Aslanov məhz Hey­dər Əliyevin göstərişi ilə bu gərəkli mis­siyanın icrası ilə məşğul idi. Ulu öndərin Gürcüstan və gürcüstanlı azərbaycanlı­larla bağlı tapşırıqlarının icrasında mən də birbaşa iştirakçı olmuşam. 

Heydər Əliyev Azərbaycan – Gür­cüstan əlaqələrinin möhkəmləndirilmə­sinə, daha da inkişafına, orada yaşayan soydaşlarımızın problemlərinin həllinə, Gürcüstan ərazisində yerləşən milli abi­dələrimizin, maddi-mənəvi dəyərlərimi­zin, bir sözlə, tarixi yaddaşın qorunub saxlanılmasına xüsusi önəm verirdi. 1993-cü ildən başlayan bu iş mütəma­di olaraq davam etdirilmiş, Gürcüstan azərbaycanlılarının bütün problemləri diqqətdə saxlanılmış və onların həlli gündəmə gətirilmişdir.

– Yeri gəlmişkən, Gürcüstanın o dövrdəki gərgin siyasi vəziyyəti, xüsusən də azərbaycanlılara edilən təzyiqlər, onların kütləvi deportasiya edilməsinə açıq-gizli cəhdlər, yəqin ki, yaddan çıxmayıb. Belə bir vaxtda Heydər Əliyev bu yaramazlıqlara qə­tiyyətlə son qoydu.

– Bəli, 1993-cü ildə Gürcüstanda ictimai-siyasi və iqtisadi vəziyyət son dərəcə gərgin idi, hadisələrin məcrası hər gün dəyişirdi. Soydaşlarımızın na­rahatlığına ciddi səbəblər var idi. Bu na­rahatlıqları və haqsızlıqları Heydər Əli­yev kimi siyasətçi görə bilərdi və gördü də. Ulu öndər ilk gündən bu məkrli mü­nasibətlərin aradan qaldırılmasını tələb etdi. Düşmən qüvvələr duruş gətirə bilməyib geri çəkildi. Azərbaycandan göndərilən nümayəndələrə tapşırıldı ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemləri dərindən öyrənilsin. 

Azərbaycan xalqının tanınmış şəx­siyyətlərindən olan Nəriman Nərima­novun, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeylərinin himayəyə götürülməsi barədə xüsusi tapşırıq ver­di. Hələ sovet dövründə tarixi şəxsiy­yətlərimizin evlərinə müxtəlif yollarla sahib olmuş ermənilərdən həmin mülk­lər alınaraq özəlləşdirildi. Daha sonra onların yüksək səviyyədə əsaslı təmiri aparıldı. Eksponatlar əldə edildi və lazı­mi avadanlıqlar alındı, mənzillərin xarici və daxili görünüşündəki tarixilik özünə qaytarıldı. 

Bir sözlə, Heydər Əliyevin göstə­rişinə əsasən, Gürcüstanda həyata keçirilən belə işlər milli mənliyimizin bərpasına verilən töhfə idi və yeni quru­culuq işləri ilə əhatə olunmuşdu. Hər bir addım, həyata keçirilən çoxsaylı tədbir­lər milli mədəniyyətimizin inkişafına və tərəqqisinə xidmət edirdi. 

– Həmin dövrdə Azərbaycanda da vəziyyət çox gərgin idi. Tarixin elə keşməkeşli bir dövrü idi ki, Dağlıq Qarabağ və onun ətrafı sovet impe­riyasının məkrli siyasəti sayəsində Ermənistan silahlı birləşmələri tərə­findən zəbt edilmişdi.

– Bunlar hamısı düşmən dairələr tərəfindən idarə olunurdu və ermənilər bundan məharətlə istifadə edirdilər. Gürcüstanda da erməni daşnaklarının xalqımıza qarşı təzyiqi güclənməkdə idi. Hətta yerli ermənilərin və millətçi gürcülərin terrorundan qorxuya düşən soydaşlarımızın Gürcüstandan Azər­baycana axını başlanmışdı. Ermə­niəsilli gürcülər quldur və işgalçı er­mənilərlə, gürcülərin Xüsusi Təyinatlı Polis Dəstəsinin başçısı Mixidironla əlbir olaraq azərbaycanlılara qarşı açıq təzyiq, təhqir, şantaj kampaniyasına başlamışdılar. Oğurluq, quldurluq fakt­ları günü-gündən çoxalır, adamlar illərlə məskunlaşdıqları yurd-yuvalarından di­dərgin salınırdı. 

Gürcüstanın azərbaycanlılar yaşa­yan sərhəd kəndlərində belə hadisələr ara vermədən intensivləşirdi. Məqsəd də aydın idi: azərbaycanlı ailələrini yurd-yuvalarından qovaraq həmin əra­zilərə asanca sahib olsunlar. Bu təbii ki, Azərbaycan üşün də qorxulu idi, çün­ki Dağlıq Qarabağdan gələn məcburi köçkünlər probleminə Gürcüstandan qaçanların da əlavə olunması Azərbay­canda gərginliyi artırmaqla siyasi sabit­liyi də pozmaq məqsədi güdürdü. 

Bunun nə qədər böyük bir fəlakət olacağını o zaman yalnız Heydər Əli­yev uzaqgörənliyi və müdrikliyi ilə qiy­mətləndirdi. Gürcüstanın o vaxtkı pre­zidenti Eduard Şevardnadze ilə olan dostluq münasibətlərindən məharətlə istifadə edən Ulu öndər bu fəlakətin qarşısını aldı. Ermənistan silahlı qüv­vələri Gürcüstanda yaşayan erməni və erməni əsilli gürcülərlə əlaqəyə girərək qurduğu planlar iflasa uğradı və belə­liklə, onların illərdən bəri hazırladıqları işğalçılıq əməlləri həyata keçmədi. 

Gürcüstan azərbaycanlılarının pik həddinə çatan narahatlığı məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində aradan qaldırıldı. Heydər Əliyev Azər­baycanın və Gürcüstanın dostluğunu müstəqillik epoxasında möhkəmləndir­di. Ən əsası, Borçalı torpağının Qərbi Azərbaycanın taleyini yaşamamasının qarşısını məhz ümummilli lider Heydər Əliyev aldı. Gürcüstan azərbaycanlıları bu xilaskarlığı heç zaman unutmaya­caqlar.

– Maraqlı söhbətə görə sağ olun. Gürcüstanda yaşayan soydaşlarımı­za daha xoş günlər arzulayırıq. 

 

Namiq ƏHMƏDOV

XQ

Bakı–Tbilisi–Bakı







Müsahibə