Azərbaycan qazı tezliklə Macarıstanda da alovlanacaq

post-img

Dost ölkəyə ildə 100 milyon kubmetr “mavi yanacaq” nəql ediləcək

Macarıstanın Baş naziri Viktor Orban bu günlərdə mediaya müsahibə­sində ölkəsinin enerji asılılığının aradan qaldırılmasında Azərbaycanı həlledici rol oynayan dövlət kimi dəyərləndirib. Baş nazir, eyni zaman­da, Azərbaycan olmadan enerji müstəqilliyini reallaşdırmağın müm­künsüzlüyünü vurğulayıb. V.Orban daha sonra isə Macarıstanın qaz tədarükü ilə bağlı Bakı ilə müqavilə imzalamasını, Cənub Qaz Dəhlizi­nin (CQD) ölkəsi üçün mühüm əhəmiyyət daşımasını, bunun prioritet məsələ kimi diqqət çəkməsini xatırladıb. 

Qeyd edək ki, bir müddət bun­dan əvvəl sözügedən ölkənin “MVM CEEnergy Zrt.” şirkəti və SOCAR arasında qaz tədarükü barədə im­zalanan sazişdə cari ilin sonuna­dək respublikamızdan Macarıstana “mavi yanacağ”ın nəqlinə başlanı­lacağı bildirilib. Sözügedən sənəd imzalanandan sonra bu ölkənin rəsmiləri tərəfindən Macarıstanın Rumıniya, Bolqarıstan, Türkiyə, Serbiya, Yunanıstan və Slovakiya ilə birgə regionun enerji infrastruktu­runun modernləşdirilməsinə başla­nılacağını, eyni zamanda, alternativ enerji mənbələrinə asanlıqla çıxış əldə ediləcəyi diqqətə çatdırılıb. 

Bu məqamda xatırladaq ki, Azərbaycanın CQD ilə Avropaya təbii qaz tədarükü 2020-ci il dekab­rın 31-dən reallaşıb. Trans–Adriatik Boru Kəmərinin (TAP) ilkin buraxılış gücünün 20 milyard kubmetrədək genişləndirmə potensialı isə ildə 10 milyard kubmetr təşkil edəcəyi müəyyənləşib. 

“Azərbaycan, Gürcüstan, Rumı­niya və Macarıstan arasında “ya­şıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem ope­ratorları və SOCAR arasında əmək­daşlığa dair Anlaşma Memorandu­mu”, nəhayət, “SOCAR” ilə “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satı­şına dair müqavilə” respublikamızın Macarıstanın enerji təhlükəsizliyinə prioritet istiqamət kimi yanaşdığın­dan xəbər verir. 

Onu da deyək ki, Macarıstana qaz təchizatının ilin sonuna kimi reallaşdırılması məqsədilə indiyə­dək nəzərdə tutulan infrastrukturun qurulması, Xəzər dənizində isteh­salı gerçəkləşdirilən “yaşıl enerji”nin ötürülməsi üçün müxtəlif xətlərin, həmçinin Qara dənizin dibi ilə kabeli çəkməklə bazarlara çatdırılmasını əhatə edən layihənin texniki iqtisadi əsaslandırması ilə bağlı zəruri təd­birlər həyata keçirilib. Burada Maca­rıstanın respublikamızla birgə “yaşıl dəhliz” layihəsini maliyyələşdirməyə maraq göstərməsi isə diqqətçəkən məqam olub. 

Beləliklə, iki ölkə arasında əlaqələr hazırda digər sahələrdə olduğu kimi, təbii qazın ötürülməsi sahəsində də özünü yüksək səviy­yədə doğruldur və bu zaman Azər­baycanın “yaşıl enerji”nin əldə olun­ması layihəsinə də mühüm önəm verilir. Respublikamızın belə bir öhdəliyi üzərinə götürməsi – Cənubi Qafqazdan “yaşıl enerji”nin Gürcüs­tan və Rumıniya vasitəsilə Macarıs­tana ötürülməsi dost ölkə tərəfindən enerji təchizatının şaxələndirilməsi, tədarükün təmin edilməsi baxımın­dan yüksək qiymətləndirilir. 

Yeri gəlmişkən, iki ölkə arasın­da münasibətlər təkcə Azərbayca­nın qaz tədarükü və “yaşıl enerji” potensialının hərəkətə gətirilərək nəzərdə tutulan əraziyə ötürülməsi ilə məhdudlaşmır. Respublikamız­la Macarıstanın sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait var və hazırda bu ehti­yatın böyük həcmdə reallaşdırılması üçün zəruri tədbirlər görülür. Bu isə Azərbaycan–Macarıstan əlaqələri­nin getdikcə dərinləşməsinə, iqtisa­di sahədə yüksək nəticələrin əldə edilməsinə əlverişli şərait yaradır. Bu gün ölkəmizdə Macarıstanın 20-dən çox şirkətinin səmərəli fəaliyyət göstərməsi, indiyədək respublikamı­za 1,1 milyard dollar, Azərbaycan­dan isə qarşı tərəfə 18,1 milyon dol­lar məbləğində investisiya yatırması bunun əyani ifadəsidir. 

Ticarət sahəsində də bu mən­zərə aydın nənzərə çarpır. Belə ki, 2021-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon dollar təşkil edib. Ötən il bu göstərici 47,4 milyon dollar səviyyəsinə yüksəlib. Bu ilin keçən aylarında isə əmtəə dövriyyəsi 2021-ci illə müqayisədə 34,81 faiz artıb. 

Macarıstan şirkətləri tərəfindən bu gün işğaldan azad edilən Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quru­culuq işləri diqqətlə izlənilir, bununla əlaqədar respublikamıza müəyyən layihələr təqdim edilir. Düşməndən təmizlənən ərazilərimizdə minatə­mizləmə əməliyyatına sözügedən ölkənin 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir. 

Macarıstanın Azərbaycana yatır­dığı investisiyanın respublikamızın bu ölkəyə qoyduğu sərmayədən 55 dəfə çox olması (1,1 milyard dollar və 18 milyon dollar), Ələt Azad İq­tisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması və digər çoxsaylı məqamlar tərəflər arasında iqtisadi münasibətlərin di­namik inkişafından xəbər verir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat