“Heydər Əliyev xatirələr işığında” layihəmizdə ilk qonağımız olmuş tanınmış ictimai-siyasi xadim Həsən Həsənovla geniş maraq doğuran söhbətimizin vəd etdiyimiz davamı və daha maraqlı hadisələrin yer aldığı 9-cu hissəni təqdim edirik.
IX SÖHBƏT
– Müstəqillik illərində hamıya bəlli oldu ki, Novruz bayramı ulu öndərin sevdiyi ən əziz bayramlardan biridir. Heydər Əliyev sovet Azərbaycanında Novruzun qeyd edilməsi üçün cəhdlər göstərirdimi?
– Novruz bayramı xalqımızın əziz bayramı olduğu üçün tarix boyu elimizdə təntənə ilə qeyd edilib. Amma Sovetlər birliyi dövründə xalqımızı ənənələrindən təcrid etmək isətəyənlər bu bayrama müxtəlif dini don geydirməyə başlamışdılar. Ona görə Novruzun dövlət bayramı elan edilməsinə, onun respublika səviyyəsində geniş qeyd olunmasına qısqanclıqla yanaşılır, onu müəyyən qədər arxa plana keçirir və xalqımızın yaddaşından silməyə çalışırdılar. Buna baxmayaraq, 60-cı illərdə Azərbaycanda ilk dəfə Novruz bayramı rəsmilər tərəfindən qeyd edildi. Amma tezliklə bunun qarşısı kəskin şəkildə alındı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda milli-mənəvi dəyərlərimizi cəsarətlə qorumağa çalışdığı kimi, Novruz bayramını da əziz el bayramı kimi yaşatmağa səy göstərirdi.
Mən Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışırdım. Bir gün işdən evə qayıdanda hiss etdim ki, şəhərdən tüstü iyi gəlir. Sürücüm, işçilərimiz yanımda idilər, dedim bəlkə nəsə yanır? Dedilər: “Həsən müəllim, heç nə yanmır”. Dedim: “Bəs bu tüstü iyi hardan gəlir? ” Gülümsəyərək, dedilər: “Bəs sizin xəbəriniz yoxdur? Bu gün Novruz bayramıdır. Ona görə camaat həyət-bacada tonqal yandırıb”. Bütün Gəncə tonqal yandırmışdı. Mən o zaman Gəncədə tək yaşayırdım, ailəm Bakıda idi. Yəqin bu səbəbdən bayramın gəlişini unutmuşdum. Səhəri gün işə gələndə, gördüm iş otağım Gəncə paxlavası ilə doludur. Sual verdim, bu nədi? Katibə dedi ki, bu gəncəlilərin ənənəsidir, işçilərimiz gətiriblər və bununla sizi Novruz bayramı münasibətilə təbrik edirlər. Bir-iki saat sonra cari məsələlərlə bağlı iclas keçirərkən, iş yoldaşlarımı Novruz bayramı münasibəti ilə təbrik etdim. O zaman cəmi iki ay idi ki, Gəncədə işləyirdim. Bu təbrikim və Novruz bayramına göstərdiyim hörmət və diqqət, Gəncədə mənə qarşı formalaşan münasibətin təməl daşlarından biri oldu.
Artıq Bakıda işləməyə başlayanda Heydər Əliyevlə əlaqələrim gündəlik xarakter daşıyırdı. Bir gün mənə dedi: “Həsən, Novruz bayramı ətrafında çoxlu söz-söhbətlər var. Necə edə bilərik ki, hər hansı formadasa bizim bu bayrama münasibətimiz əhaliyə aydın olsun?” Dedim: “Çox yaxşı olardı Heydər Əliyeviç”. Sonra soruşdu: “Sən bu bayram haqqında nə bilirsən, bu həqiqətən İslam bayramıdır?” Dedim: “Heydər Əliyeviç, bu İslam bayramı deyil”. Dedi: “Hardan bilirsən İslam bayramı deyil?” Dedim: “Alimləri deyə bilmərəm, amma öz fikrimi deyirəm: Baxın, Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi. İslamda belə bayramlar yoxdur. Bu İslamaqədərki bir adətdir. Amma onu bilirəm ki, İslam özünə qədər xalqlara mənsub olan dəyərli tədbirləri özününküləşdirir”. O zaman bu mövzuda heç bir elmi məlumatım yox idi. Yalnız öz məntiqimə əsaslanıb bunları deyirdim. Hətta onu da soruşdu: “Bəs Gəncədə Novruz bayramını necə qeyd edirlər?” Dedim: “Xalq el bayramı kimi Novruzu hərə öz evində, həyətində, məhəllədə qeyd edir”. Həqiqətən də vəziyyət belə idi. Təkcə Gəncədə deyil, o zaman bütün Azərbaycanda xalq bunu əziz bayram kimi qeyd edirdi.
Dedi: “Sən bununla maraqlan, gör neyləmək olar”. O zaman bir çoxları ilə bu barədə danışdım. Mənə dedilər ki, xalq “rəsmiyə çatanda” Novruz deyil, çox vaxt “Bahar bayramı” deyir. Beləcə yeganə təklif bu oldu ki, xalq həmişəki kimi, yenə də “Novruz bayramı” deyirsə desin, rəsmiyyətə gələndə buna “Bahar bayramı” desinlər. Bütün bunları Heydər Əliyevə söyləyəndən sonra dedi: “Onda sən özün rayonlara zəng vur, de ki, fikrimiz belədir”. Soruşdum: “Bütün rayonlara deyim?” “Hə, – dedi, – hamısına çatdır”. O vaxt deyəsən 55 rayon vardı. Çalışdım hamısına zəng edəm və mövqeyimizi rayon rəhbərləri vasitəsi ilə əhaliyə çatdıram. Beləcə, demək olar ki, sovet Azərbaycanında Novruz bayramı xüsusi qərarla dövlət bayramı kimi deyil, sadəcə xalq, ailə bayramı kimi leqallaşdı və respublika rəhbərliyinin bununla bağlı mövqeyi xalqa çatdırıldı. Təbii ki, əsas təşəbbüskar Heydər Əliyev idi. Heydər Əliyevin sözlərindən sonra biz daha cəsarətlə Novruz bayramını yerlərdə böyük təntənə ilə qeyd etməyə imkan yaradırdıq.
– Həsən müəllim, Azərbaycan sovet dönəmində müttəfiq respublikalarla müəyyən münasibətlər yaratmağa çalışırdı. Heydər Əliyev belə ikitərəfli əlaqələrin qurulmasında əsasən hansı respublikalara üstünlük verirdi və bunun səbəbləri nə idi?
– Əlbəttə, Azərbaycanı müttəfiq respublikalara daha geniş miqyasda tanıtmaq Heydər Əliyev siyasətinin böyük hissəsi idi. Mən hələ Gəncədə işləyəndə Heydər Əliyevin rəsmi qərarı ilə çox möhtəşəm tədbir keçirildi. Bunlardan biri “Azərbaycanda Ukrayna günləri”, o birisi isə “Azərbaycanda Özbəkistan günləri” idi. Bu tədbirlərin hər ikisinin bir hissəsi Gəncədə keçirildi. Bunlar çox geniş miqyaslı tədbirlər idi və demək olar ki, o günlər Azərbaycan bu respublikalarla vahid bir orqanizm olduğumuzu hiss edirdi. Bu tədbirlər bütün Azərbaycanı əhatə etdi və həmin günlərdə hamı bu tədbirlərlə yaşayırdı. Bir müddət sonra həmin respublikalarda eyni təntənə ilə “Azərbaycan günləri” keçirildi. Bunlardan əvvəl isə Bakıda “Rusiya mədəniyyət günləri” keçirilmişdi. Həmin tədbirdən xatirə isə Tofiq Quliyevin Rusiyanın çox məşhur bəstəkarı Solovyev-Sedoyla birgə Bakı haqqında yazdıqları mahnı oldu.
Heydər Əliyev məni Bakıya Mərkəzi Komitəyə gətirəndə bu problem ətrafında geniş söhbətimiz oldu. Mənə dedi: “Həsən, Özbəkistanın birinci katibi Rəşidov mənə zəng etmişdi, Daşkəndin yaxınlığında bir şəhər var, ora Nəriman Nərimanovun adını verib”. Bir müddət sonra Həştərxan vilayətinin başçısı da Nəriman Nərimanovun adının əbədiləşdirilməsi haqda Heydər Əliyeva məlumat verdi. Azərbaycan mədəniyyətini və ədəbiyyatını Gürcüstanda yayan bir sıra alimlərə Azərbaycanın fəxri adları verildi.
Bir müddət sonra Heydər Əliyev dedi: “Bax, gör biz daha nə edə bilərik ki, başqa respublikalarla əlaqələrimiz güclənsin”. Mən də geniş tədbirlər planının əksini tapdığı Azərbaycan Respublikası Mərkəzi Komitəsinin qərarını hazırladım: “Azərbaycan Respublikasının müttəfiq respublikalarla mədəni və ictimai əlaqələri ilə bağlı tədbirlər haqqında”. Heydər Əliyev bunu çox bəyəndi və geniş müzakirəyə çıxartdı. Hətta Azərbaycan haqqında yazan, tədqiqat aparan başqa respublikaların alim və mədəniyyət adamlarını təltif etmək üçün medal da təsis etdik.
Heydər Əliyev mənə Moskvaya gedib bu qərarımız haqda mərkəzi xəbərdar etmək lazım olduğunu bildirdi. Moskvaya getdim. Kremldə bu sənədi oxuyub çox qəzəbləndilər ki, siz bunu özbaşına necə qəbul etmisiniz? İradlarını gizlətmədən mənə açıq şəkildə dedilər: “Belə çıxır ki, Azərbaycana mərkəzi hökumət lazım deyil? Bizsiz, birbaşa bütün respublikalarla əlaqələr qurub işləmək istəyirsiniz?” Demək olar ki, Azərbaycanın Moskvanın razılığı olmadan başqa respublikalarla özbaşına əlaqə qurmağa icazəsi yox idi. Mərkəzdə respublikaların öz aralarında birbaşa əlaqələrinə demək olar ki, qadağa var idi. Respublikaların bir-biriləri ilə birbaşa əlaqələri olmamalı idi. Nə sözümüz, işimiz var Moskvaya deməliyik, onlar bizə deyə bilərlər ki, nəyi etmək olar, nəyi yox. Biz isə dediyim qərarı qəbul etməklə Moskvanın bir mərkəz olaraq rolundan imtina edirdik. Amma, Moskva artıq qəbul olunmuş qərarın icrasına qadağa qoysa da, qərar tarixdə qalır.
Heydər Əliyev Moskvaya gedəndən sonra mənim ideoloji katib vəzifəsindən uzaqlaşdırılmağımın səbəblərindən biri də, Azərbaycanın başqa müttəfiq respublikaları ilə birbaşa fəaliyyətini nəzərdə tutan bu sənəd oldu. Bu 1981-ci il idi, müstəqilliyimizə hələ 10 il qalmışdı.
Xarici ölkələrlə əlaqələrə gəldikdə isə bütün bunlar da Moskvanın idarəçiliyi ilə olurdu. Şəhərlərimiz başqa ölkələrin şəhərləri ilə qardaşlaşırdı. Xarici ölkələrdə SSRİ günləri keçirəndə hər tədbiri bir respublikaya tapşırırdılar. Məsələn, “SSRİ-nin Avstriyada mədəniyyət günləri Azərbaycan nümunəsində”, “SSRİ-nin Belçika və Lüksemburqda mədəniyyət günləri Azərbaycan nümunəsində” və sair bu kimi tədbirlərdə Azərbaycanın nümayəndə heyətinə mən başçılıq etmişəm. Yəni, burda ad SSRİ olsa da, bu sahəni Azərbaycan təmsil edirdi.
Bunlarla yanaşı Heydər Əliyev xariclə də müstəqil əlaqə yaratmağa cəhd edirdi. Deyəsən artıq sizə söyləmişəm, amma mövzuya uyğun gəlir deyə, bir də xatırladım ki, Heydər Əliyev Moskva ilə razılaşdırmadan Parisdə yaşayan Əlimərdan bəy Topçubaşovun ailəsi ilə əlaqə yaratmağa cəhd etdi. Azərbaycan Yazıçılar İttifaqında xüsusi “Cənubi Azərbaycan ədəbiyyatı bölməsi” yaradıldı və əslən cənubdan olan Balaş Azəroğlu Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi seçildi. Nəbi Xəzri telefonla Şəhriyarla əlaqə yaratdı və bu haqda mətbuatda geniş məlumat verildi.
– Bəs müstəqillik illərində Heydər Əliyev hansı regionlarla beynəlxalq əlaqələrə daha çox üstünlük verirdi, Asiya, yoxsa Avropa?
– Mən BMT-də çalışanda orada üzv ölkələr arasında qruplar var idi. İki Avropa qrupu vardı – Qərbi və Şərqi Avropa qrupları. Asiya, Afrika, Latın Amerikası və sair qruplar da fəaliyyət göstərirdilər. Türkiyə iki qrupun üzvüdür, həm Qərbi Avropa qrupunun, həm də Asiya qrupunun. Mən elə bilirdim bu asan məsələdir. Dedim biz də belə olaq. Dedilər, Türkiyə çox-çox əvvəl bu iki qrupa daxil olan ölkələrdəndir. İndi bu mümkün deyil, siz ancaq bir qrupa daxil ola bilərsiniz. Mən Bakıya yazdım, ancaq həmişə olduğu kimi cavab almadım və özüm qərar verməli oldum ki, Şərqi Avropa qrupuna daxil olaq. Sonra Macarıstanın səfiri bildirdi ki, Rusiya sizin bu qrupa daxil olmağınıza etiraz edir. Dedim səbəbi nədir. Dedi, “deyirlər müsəlman ölkəsidir, Asiya qrupuna daxil olsunlar. Amma mən onlara əhəmiyyət vermədim və sizin Şərqi Avropa qrupuna daxil olmağınızı təkid etdim”. Həqiqətən, sonra şahidi oldum ki, Macarıstan səfiri bizə çox məsələlərdə dəstək olur.
Maraqlıdır ki, Ermənistan daimi nümayəndəliyi bizdən 5-6 ay əvvəl yaransa da, qruplara daxil olmaq üçün müraciət etməmişdi. Səbəb bəlli idi. Onlar gözləyirdilər ki, biz Asiya qrupuna daxil olaq, sonra onlar Şərqi Avropa qrupuna daxil olsunlar. Şərqi Avropa qrupuna keçmiş SSRİ-dən Ukrayna, Belarus, Moldova, Baltikyanı ölkələr və Rusiyanın özü daxil idi. Biz müracət edəndən dərhal sonra Ermənistan da müraciət etdi və bu qrupa daxil oldu.
Qayıdaq sualınıza. Bizim Türkiyə və İranla geniş əlaqə yaratmağımız çox çətin idi. Moskva buna son dərəcə qısqanclıqla yanaşırdı və onlar belə təkliflər eşidəndə qıcıqlanırdılar. Qorbaçovun hakimiyyəti zamanı Moskvadan xəbər gəldi ki, Türkiyə Bakıda mehmanxana tikmək istəyir. Biz, sözsüz ki, razılıq verdik. Lakin məsələ elə təklif olaraq qaldı, real addım atılmadı.
Alimlərimiz və musiqi xadimlərimiz müxtəlif ölkələrlə yaradıcı əlaqələr qurmuşdular. Yaddaşıma əsaslanaraq deyə bilərəm ki, Rəşid Behbutov dünyanın bir çox ölkələrinə dəvət olunurdu. Niyazi bir müddət Türkiyədə işlədi, Rüstəm Əliyev tədqiqat üçün İranda oldu. Lətif Kərimovu bir çox Avropa xalça kolleksionerləri dəvət edirdilər. Fikrət Əmirovun əsərləri ABŞ-da, Xəyyam Mirzəzadənin əsərləri İtaliyada ifa olunanda onları fərdi dəvət etmişdilər. Mən kiçik bir hissəni söylədim, amma belə fərdi əlaqələr çox geniş idi.
Bizim tərəfimizdən xüsusi seçim yox idi. Azərbaycan sadəcə hər hansı xarici ölkə ilə əlaqə yaratmaqda maraqlı idi. Azərbaycanda ən möhtəşəm tədbir İordaniya dövləti tərəfindən keçirildi. Nəticə olaraq İordaniyada Heydər Əliyevin Azərbaycan haqqında kitabı nəşr olundu.
Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist

