Qarabağ zəfəri Zəngəzur dəhlizinin açılmasını zərurətə çevirib

post-img

Sərhəddə “TIR şousu” çıxaranlar Naxçıvanın 35 illik blokadasını niyə görmürlər?

İkinci Qarabağ müharibəsi hərb tariximizin öyrənilməsi baxımından hələ uzun illər müzakirə olunacaq. Xüsusilə, müasir savaşların aparılması texnologiyasını ilk dəfə dünyaya təqdim edən Azərbaycan bununla dünya hərb tarixində yeni səhifələr yazdı. Qardaş Türkiyənin Baxçaşəhər Universitetinin müəllimi, terror və təhlükəsizlik üzrə ekspert Abdulla Ağarla söhbətimizin mövzusu da Qarabağ uğrunda Vətən müharibəsi və sonrakı dövrdə regionda baş verən proseslər oldu. Xatırladaq ki, II Qarabağ müharibəsinə həsr etdiyi kitabı yazmaq üçün müsahibimiz 400-ə yaxın insanla görüşüb söhbət edib.

– Abdulla bəy, Qarabağ savaşı Azərbaycan və Türkiyə ictimaiyyəti sizin ardıcıl təhlil və açıqlamalarınızı yaxından izləyirdi. Bu gün isə oxu­cularımız müharibədən sonrakı dövrə baxışınızı maraqla gözləyir. 

–Əvvəlcə qeyd etmək istərdim ki, İkinci Qarabağ savaşı illər idi ki, həllini gözləyidi. Buna görə də bu müharibə qa­çılmaz idi. Müharibələr o zaman baş verir ki, hər iki tərəf üçün danışıqlar artıq heç bir nəticə vermir və son çıxış yolu kimi qarşı-qarşıya gəlmək zərurəti yaranır. Azərbaycan bu savaşda, təbii ki, dünya birliyinin də qəbul etdiyi kimi haqlı tərəf idi və 30 il öz torpaqlarını işğaldan azad et­mək üçün bütün siyasi, diplomatik yollara baş vurmuşdu. 

Artıq işğalçı Ermənistan müharibənin olmaması üçün heç bir yer qoymamışdı. Amma bir də bu müharibəni tezləşdirən səbəblər oldu. Xüsusilə, 2020-ci ilin iyu­lunda Tovuz döyüşləri zaman əfsanəvi general Polad Həşimov kimi oğulların şə­hid olması Azərbaycanın səbrini daşırdı. Erməni tərəfinin bu istiqamətdə aqressiv hücumlarının əsl səbəbi Azərbaycanın bu hissədən keçən təbii qaz, neft və bey­nəlxalq nəqliyyat marşrutlarını nəzarət altına almaq istəyi idi. Əgər müharibə Er­mənistanın və onun arxasında dayanan­ların istədiyi kimi olsaydı, Azərbaycanın yeni torpaqları işğal ediləcəkdi. 

– Azərbaycan bu təhlükəni ön­ləyərək müsəddəs Vətən savaşına qalxdı və ilk gündən qardaş Türkiyəni yanında gördü... 

– Tamamilə doğrudur. Buna görə də müharibənin ilk günlərində güvəndiyi dost və qardaş Türkiyə ilə birgə çox sıx siyasi və diplomatik mübarizə apardı. Prezident Rəcəb Tayyib Ərdoğanın güc­lü iradəsi ilə Türkiyə açıq şəkildə siyasi və mənəvi imkanları ilə Azərbaycanın yanında yer aldı. İkinci Qarabağ savaşı dünyada çox kiçik bir ərazidə yaşanan təhlükəli bir müharibə idi. Azərbaycan mi­silsiz bir fədakarlıqla, qəhrəmanlıqla bu mübarizəsini başa çatdıraraq möhtəşəm bir Zəfərin altına öz imzasını qoydu. 

– Təhlükəli dedikdə, əsas nəyi nəzərdə tutursunuz? 

– Bilirsiniz, cəbhədəki Ohanyan səd­di bizim indiyədək digər müharibələrdə rastlaşdığımız sadə bir maneə deyildi. Normal qaydalara görə I, II, III müdafiə istehkamları haqqında hər birimiz mə­lumatlıyıq. Mən müharibədən sonra o cəbhə xəttini gəzərkən ermənilərin bü­tün təmas xətləri boyunca çoxpilləli is­tehkamlar qurdugunun şahidi oldum: arda-arda qalın beton divarlar, tank əley­hinə keçilməz sədlər, əlavə xəndəklər, mina sahələri və s. Azərbaycan ordusu bu səddləri keçərkən, təbii ki, itkilər verdi. Nəzərə alaq ki, ümumi şəhid sayı 3 minə çatmışdı və bunun üçdə biri ilk iki-üç gündə olmuşdu. Deməliyəm ki, rusların ermənilərə verdikləri müasir tank əley­hinə idarəetmə sistemləri, baxmayaraq ki, döyüş zamanı onlar məhv edildi, Azər­baycan ordusunun irəliləməsinə ilk gün­lərdə böyük çətinliklər yaradırdı. Amma xüsusi təyinatlı qüvvələr bu sədləri yarıb keçdilər. 

– Şuşanın alınmasında isə xüsusi təyinatlılar möcüzə yaratdılar.

– Təkcə Şuşanın alınmasında deyil. Xüsusi təyinatlılar “N” saylı korpuslar­la birlikdə müxtəlif istiqamətlərdən hü­cumlarda iştirak edirdilər. Bildiyiniz kimi, hələ Füzuli rayonu azad edilməmişdən əvvəl Azərbaycan İranla cənub sərhəd­ləri boyunca ərazilərin işğalçılardan tə­mizlənməsi üçün strateji bir qərar qəbul etdi. O zaman cəbhənin ön bölgələrində yerləşən xüsusi təyinatlıların da bir qismi oradan çıxarılaraq sızma hərəkatı ilə 250 kilometrlik bir sərhəd xəttini çox qısa za­man ərzində nəzarətə götürdü. Xüsusilə Cəbrayıl ərazisində tərəflərin xüsusi təyi­natlıları qarşı-qarşıya gələrkən Azərbay­can igidləri böyük bir əzm, qəhrəmanlıq göstərərək düşməni darmadağın etdilər və Cəbrayıl işağldan azad olundu. Bunun ardınca Hadrut azad edildi. 

Onu da deyim ki, Hadrutun ələ ke­çirilməsi çox möhtəşəm bir əməliyyatın nəticəsi idi. Bundan sonra da Füzuli iş­ğalçılardan təmizləndi. Bu əməliyyat­lardan sonra erməni tərəfində böyük bir ruh düşkünlüyü yarandı. Bundan sonra qarşıya qoyulan əsas vəzifə Şuşanın alınması idi. Şuşa əməliyyatı haqqında da bilirsiniz ki, xüsusi təyinatlılar burada çox böyük vəzifənin öhdəsindən gəldilər. 

Şuşa əməliyyatı çox möhtəşəm bir savaş oldu. Ən əsası xüsusi təyinatlıları­mız ermənilərin gözlədikləri yerdən deyil, tam əks tərəfdən – şimal-qərb tərəfdən Şuşaya girdilər və Şuşada çox güclü dö­yüşlər getdi, çünki ermənilərə Xankəndi istiqamətindən davamlı təminat gəlirdi. Sonda bu yolun da qarşısı kəsildi və Şuşa Azərbaycan əsgərinin tam nəzarəti altına keçdi. 

Onu da deyim ki, Naxçıvanda Əlahid­də Ümumqoşun Ordunun hər an savaşa hazır vəziyyətdə olması, təmas xətti bo­yunca silah və texnikaların döyüş hazır­lığında saxlanılması da erməni tərəfinə psixoloji təsir edirdi. Qarabağ istiqamə­tində yola Naxçıvandan ciddi nəzarət edilməsi də ermənilərin zəiflədilməsi baxımından çox böyük əhəmiyyət daşı­yırdı. 

– Müharibədən sonrakı dövrdə er­mənilərin təslim aktına uyğun hərəkət etməməsi sülh prosesinə mənfi təsir edir. Bu baxımdan Zəngəzur dəhlizi­nin açılmaması regionda böyük nara­hatlıq doğurur. 

– Zəngəzur dəhlizinin açılması Ru­siya, Azərbaycan və Ermənistan lider­lərinin birgə imzaladıqları bəyənatda öz əksini tapıb. Amma müharibənin qur­tarmasından iki il yarım keçsə də, bu sahədə heç bir addım atılmayıb. Səbəb nədir? Səbəb çox sadədir: bu dəhliz artıq bir çox güclərin maraqlarının toqquşdu­ğu bir əraziyə çevrilib. Halbuki dəhlizin açılması burada iştirak edən Rusiyanın da, Azərbaycanın da, Ermənistanın da, hətta İranın da xeyrinədir. Amma ortada nəyi görürük? Məsələn, İran bunu özü­nün qırmızı xətti kimi görür, Ermənistan hərdən bir söz deyir. Halbuki, dediyimiz kimi, buradakı ölkələrin hər biri bundan faydalana bilər. 

Nəhayət, son günlərdə Qarabağda “humanitar fəlakət” adı altında haray-hə­şiri qoparan Ermənistan və onun himayə­darları 35 ildir ki, Naxçıvanın blokadada saxlanmasını bir dəfə də dillərinə gə­tirməyiblər. Qarabağ zəfəri Zəngəzur dəhlizinin açılmasını zərurətə çevirib. Sərhəddə “TIR şousu” çıxaranlar bəs Naxçıvanın blokadasının hələ də davam etməsini niyə görmürlər? Zəngəzur dəh­lizinin açılmasının heç bir əsas olmadan ləngidilməsi dünyadakı ən böyük haqsız­lıqlardan biridir. Lakin bu yolda hərəkətin bərpası zamanı gəlib çatmışdır.

Eyni zamanda, bu layihə Çinin və di­gər Avropa ölkələrinin də marağındadır və hər biri də bundan yararlanmaq istəyir. Bir şeyi unutmayaq ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin haqqıdır. Biz bu haqqımızdan istifadə edəcəyik, istər barışla, istərsə də güclə. Bu dəhlizin açılması ilə Naxçıvanın təhlükəsizliyi də diqqət mərkəzində olacaq. Yəni bu, artıq iqtisadi maraqlar üzərində formalaşan zərurətə çevriləcək.

– Siz Qarabağ müharibəsi ilə bağlı zəngin material da toplamısınız.

– Bəli, mən artıq II Qarabağ mühari­bəsindən bəhs edən kitabımın üzərində çalışıram. Buna ilyarım vaxtımı sərf et­mişəm. Bu kitabı yazmaq üçün birbaşa savaşın içində olan yüzlərlə insanla gö­rüşüb söhbət etmişəm. Bu söhbətlərdə başda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev, xüsusi təyinatlıların komandanı Hikmət Mirzə­yev, eləcə də digər korpus və ayrı-ayrı hərbi birləşmələrin komandirləri olmaq­la, çox sayda zabit və əsgərlər iştirak ediblər. Hazırda yazdığım material 1500 səhifədir, bəlkə də, yekunlaşınca 2 min səhifəyə çata bilər. Və bir şeyi də deyim ki, dünyada heç bir müharibə ilə bağlı bu həcmdə və səviyyədə kitab yazılmayıb və bu kitabın Azərbaycana həsr olunma­sının mənim üçün ayrı bir önəmi vardır. Şükürlər olsun ki, Allah mənə belə bir iş görməyi nəsib etdi. 

– Kitabın adı necə olacaq? Çox maraqlı gəldi mənim üçün...

Kitabın adını “Qarabağ dastanı” qoy­muşam, “Qarabağ savaşı” da ola bilər. İşlər yekunlaşandan sonra adını da tam dəqiqləşdirəcəyik.

– Abdulla bəy, sizə uğurlar arzu­layırıq, kitabınızın da tezliklə işıq üzü görməsini səbirsizliklə gözləyirik.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Naxçıvan – Ankara – Naxçıvan



Müsahibə