Dövlət əhəmiyyətli xüsusi tapşırıq

post-img

(əvvəli https://xalqqazeti.az/siyaset/134320-dovlet-ehemiyyetli-xususi-tapsiriq
https://xalqqazeti.az/siyaset/134432-dovlet-ehemiyyetli-xususi-tapsiriq
https://xalqqazeti.az/siyaset/134529-dovlet-ehemiyyetli-xususi-tapsiriq)

 

Keçən əsrin ortalarında atamla qohumu Qurban Abbasov Payız kən­dindən Bakı şəhərinə gedirlər. Atam Mərdəkanda milis məktəbinə daxil olur, Qurban Abbasov isə neft mədənlərin­də əmək fəaliyyətinə başlayır. Sonralar Qurban Abbasov nəinki sovet məka­nında, hətta dünyada tanınmış neftçi olur. Atam milis məktəbini hüquqşünas kimi bitirdikdən sonra, Naxçıvanda daxili işlər orqanlarına göndərilir. Dedi­yinə görə, o zaman şəhər milis idarə­sində işləyən ermənilər çox narahat ol­muşdular. “Biz burada acından ölürük, Əlican, gəl sənə on baş qoyun alaq, get kəndinə”, – deyərək ona söz atırdı­lar. Atam onları çox yaxşı tanıyırdı. Ata­sı Kərbəlaya getmişdi. Cəhri kəndində yaşayan anasının dayısı Kərbəlayı Kərim isə dövrünün ən igid adamların­dan biri olmuşdu. Naxçıvanı qoruyan, erməniyə qan udduran bir qəhrəman kimi sevilirdi. 

On bir il bundan öncə “Şərq qapı­sı” qəzetinin keçmiş baş redaktoru Akif Axundov mənə telefon açıb görüşmək istədiyini bildirmişdi. Görüş zamanı XX əsrin əvvəllərində Naxçıvana Türkiyə­dən gəlmiş bir zabit haqqında məlu­mat toplayıb kitab yazmaq istədiyini söylədi, amma kifayət qədər məlumat olmadığı üçün ona kömək göstərməyi­mi xahiş etdi. Söhbət Veysəl Ünüvar­dan gedirdi. Naxçıvanda hərbi attaşe kimi çalışan Mehmet albaya müraciət etdim. On gün sonra Mehmet albay mənə 1948-ci ildə general Veysəl Ünü­varın yazdığı “İstiklal harbində bolşe­viklərlə sekiz ay (1920-1921)” kitabını verdi. Kitabın 31-ci səhifəsində general Kərbalayı Kərimdən bəhs edirdi. Kitabı atama göstərəndə gözləri dolmuşdu. Kitab Naxçıvanda yenidən nəşr olun­du. Türkiyənin Naxçıvandakı baş kon­sulu mənə məktub göndərdi:

19 mayıs 2006

Sayın Urfullah Gurbanov!

1920-1921 yılları arasında Nahçı­van türklerinin Kazım Karabekir paşa­ya bağlı Şark Cephesi Komutanlığına bağlı Binbaşı Veysel Ünüvar komu­tasındaki türk askerleriyle birlikte er­menilere karşı verdikleri kahramanca mücadele 1948 yılında Veysel Ünüvar paşa tarafından “İstiklal harbinde bol­şeviklerle sekiz ay (1920-1921)” adıyla bir kitap haline getirilmiştir.

1920-1921 yıllarında ermenilere karşı verilen mücadelenin özellikle genç nesillerin dikkatine getirilmesi ve atalarımızın dönemin zor şartlarında verdikleri kahramanca mücadelenin daha iyi anlaşılması açısından sözko­nusu eser, doğumunun 125 yıldönümü münasebetiyle büyük önder Atatürke ithafen filoloji ilimleri doktoru Ebülfez Güliyevin çok değerli katkılarıyla Azer­baycan türkçesine çevrilmiş olup, ekte sunulmaktadır.

Azerbaycan ve Türkiye cumhuri­yetlerinin bağımsızlıklarını ebediyete kadar koruması dileğiyle saygılarımı sunarım.

İ.Sefa YÜCEER,

Başkonsolos

1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyətinin 20 taboru var idi. Onlardan birinə Kərbəlayı Kə­rim rəhbərlik edirdi. Atam bizim Aslanlı tayfasının davamçıları olduğumuzu deyirdi. İkinci Dünya müharibəsində bir nəsildən 17 nəfər qohumumuz geri qayıtmamışdı. Onlardan biri hətta pol­kovnik rütbəsinədək yüksəlmişdi. 20 Yanvar hadisəsindən sonra atamda Sovet hökumətinə qarşı nifrət hissi ya­ranmışdı. Otuz iki il daxili işlər orqan­larında fəaliyyətdən təqaüdə çıxandan sonra atam fabrikdə mülki müdafiə şö­bəsinin rəisi işləyirdi. Uşaqlıqdan atam bizə birgə kəsilən çörəyə, dostluğa sə­daqətli olmağı öyrətmişdi. 

Bir dəfə yenə də uzaq qohumla­rından biri mənə Heydər Əliyevin təh­lükəsizliyi ilə bağlı narahatlığını bildir­di. Əlbəttə, başqasına da deyə bilərdi, lakin mənə etimad edirdi. Axı biz dost idik. Təbii ki, qısa zamanda bütün təh­lükəsizlik tədbirlərini həyata keçirdim. Yaranmış vəziyyət bizdən daha diqqət­li olmağı tələb edirdi. Ertəsi gün gecə Heydər Əliyevin yaşadığı evi mühafizə edən əsgərlərimizi yoxlamağa gedən­də növbətçilərdən üç metr aralı atılmış “Belomor kanal” papirosunun qutusu gözümdən yayınmadı. Növbətçilərin ayaqlarının altında isə siqaret kötük­lərini gördüm. Dərhal növbətçiləri də­yişdirdim. Elman bəylə görüşərək tam fərqli kriteriyalarla növbətçilərin seçilib posta göndərilməsini razılaşdırdıq. Heydər Əliyevin yolunda biz canımız­dan keçməyə hazır idik. Bu, gəlişigözəl deyilmiş bir ifadə deyildi. Ümumiyyətlə, Heydər Əliyevi bütün xalq, Naxçıvan əhalisi qoruyurdu.

Heydər Əliyevlə görüş zamanı rus­lara aid hərbi hissələrdən nəinki müsəl­man əsgərlərini, hətta xeyli rus əsgərini evlərinə göndərdiyimizi bildirdim. Mənə dedi ki, burada xeyli ukraynalı əsgər və zabit var, bu yaxınlarda Ukraynadan bir təyyarə gələcək, tezliklə onları da bu­radan köçürəcəyik.

Nəhayət ki, Goranboya planlaşdır­dığım səfər baş tutdu. Goranboy Azər­baycanın ən şiddətli döyüşlərin getdiyi rayonlarından biri idi. Sədərəyi “Nax­çıvanın qapısı” hesab etdiyimiz kimi, Goranboyu da “Gəncəbasarın qapısı” adlandırmaq olar. Goranboylular Vətə­nin müdafiəsində mətin dayanmışdılar. Şəhidlər vermiş, lakin bir qarış torpa­ğı düşmənə təslim etməmişdilər. İcra başçısının qəbul otağında gözləri dol­muş yaşlı analarla bərabər, hərbçilər və məmurlar da var idi. Hamı tələsirdi. Pıçıltılardan tezliklə problemlərin həll ediləcəyinə ümidlər hiss olunurdu. 

Köməkçiyə Naxçıvandan gəldiyimi bildirdim. O, qəbulda bir qrup vətən­daş olduğunu, onlardan sonra başçı­nın məni qəbul edəcəyini bildirdi. İr­şad Əliyev məni gözlədiyimdən daha çox səmimiyyətlə, doğma qardaşı kimi qarşıladı. İlk diqqətimi cəlb edən İrşad müəllimin hərbi formada olma­sı idi. Özümü təqdim etdim, vəsiqəmi göstərdim. Naxçıvandakı ağır iqtisadi və hərbi vəziyyətdən ətraflı danışdım. Hərbi ehtiyaclarımızdan söz açıb on­dan kömək istədim. Bilirdim ki, onların da ehtiyacları var, amma İrşad müəllim bizə kömək edəcəyinə söz verdi. 

O dövr üçün ən zəruri ehtiyacları­mızın təxirəsalınmadan ödənilməsinə göstəriş verdi. Ən kritik günlərdə gəldi­yim zaman da məni əliboş qaytarmadı. Gecəni qonaq evində qalmağımı təklif etdi. Mən tabora getmək istədiyimi bil­dirdim. Qərargahda tabor komandiri Rasim Ağayevlə (Azərbaycanın Milli Qəhrəmanı) görüşdüm. Çox yorğun və yuxusuz olmasına baxmayaraq, onunla xeyli söhbət etdik. Məni ən çox ermənilərin döyüş taktikaları ma­raqlandırırdı. Burada xaricdən gəlmiş muzdlular da bizə qarşı döyüşürdülər. Sonralar Goranboyda Fəxrəddin Məm­mədovla tanış oldum. Çox vətənpər­vər bir insan idi. Bizə xeyli kömək etdi. Ertəsi gün yük dolu iki “Kamaz” və bir ədəd zirehli texnika ilə Gəncəyə doğru yola çıxdıq.

Aeroporta yenicə daxil olmuşdum ki, uçuş zolağının yanında üç əsgər və bir podpolkovnik gözümdən yayınma­dı. Əllərində iki yeşik və bir dolaq naqil var idi. Hər şey aydın idi, burada mina­lama işləri aparırdılar. “Siz burada nə işlə məşğulsunuz?” – deyə soruşdum. Özlərini itirdilər. Əsgərlərdən birinin si­lahını aldım. Yeşiklərdə minalar var idi. “Hər birinizə bir mina bağlayıb partla­dacağam” – dedim. Onlarla çox sərt danışdım. Aeroportun yerüstü qurğula­rına xeyli ziyan vurmuşdular. Aeropor­tun rəhbərliyini ayağa qaldırdım. Şəhər rəhbərliyini, hüquq-mühafizə orqanla­rının rəhbərlərini vəziyyətlə bağlı mə­lumatlandırdım. Təxirəsalınmaz tədbir kimi tabeliyimdə olan əsgərlərimi və­ziyyət sabitləşənə kimi aeroportun mü­hafizəsinə cəlb etdim. Böyük bir təxri­batın qarşısı alındı.

O vaxt ekstremist ruhlu bir neçə rus hərbçisinin, bu yaxınlarda Gürcüstana bir yük maşını aparacaqları barədə məlumat aldıq. Deyilən gün şəhərdən təxminən, 5 km aralı yük maşınının qarşısını kəsdik. Maşını əllərindən alıb onları yolda boş buraxdıq. Yük maşı­nını aeroporta gətirdik. Rusların ermə­nilərə satmaq istədikləri 2 ədəd 100 mm çaplı top və hərbi gəmidən sök­dükləri “Zenit” qurğusu artıq Naxçıvana gedəcəkdi. Üç gün əvvəl Naxçıvanda Heydər Əliyevlə danışanda ona böyük bir yük təyyarəsinə ehtiyacım olduğunu bildirmişdim. Təyyarə ertəsi günü Öz­bəkistandan gəlməli idi.

Gəncədə şəhərin mərkəzində “Xal­ça” firması fəaliyyət göstərirdi. Firma­nın direktoru Nəsrəddin Əliyev qeyrətli, vətənpərvər bir iş adamı idi. Nəsrəddin müəllimlə söhbət zamanı özü mənə kömək etmək istədiyini bildirdi. Vaxt itirə bilməzdim. Çünki yükümüz həm çox, həm də ağır idi. Hər bir mərminin çəkisi 100 kq olardı. Sabah bunu yük­ləmək üçün köməyə ehtiyacımız vardı. 

Kömək üçün Gəncə Şəhər Polis İdarəsinin rəisi polkovnik Eldar Həsə­novla görüşdüm. Sabah 30 nəfər yan­ğınsöndürən mənim sərəncamıma verildi. Söhbət zamanı Eldar müəllim Kəlbəcərə kömək etdiyini bildirdi. Rus­lardan bir ədəd 100 mm-lik top mərmi­sini 8000 manata, avtomat patronları­nın birini isə 20-30 manata aldıqlarını dedi. Daşkəsən rayon prokuroru, əslən kəlbəcərli Nəbi Quliyevin mənə kömək üçün müraciət etdiyini ona demədim. Elşən Əliyevlə Nəbi müəllimin evində olmuşduq. Çox narahat idi. Elşənlə ona kömək etdik, lakin bizim yardımımız kifayət qədər deyildi. Səhər açılmışdı. Yusifə “məni aeroporta sən aparacaq­san” dedim. Yenicə zala daxil olmuş­dum ki, milis starşinası Nəbi Eyyubov mənə yaxınlaşdı. Onunla, qardaşları Eyyub və Bəylərlə (hazırda Azərbay­can Prezidentinin şəxsi mühafizəsinin rəisidir) yaxın münasibətim var idi. Nəbi mənə Heydər Əliyevin Özbəkis­tanda Etibar adlı bir şəxsə yük təyyarə­si ilə bağlı zəng etdiyini dedi. Bu gün təyyarənin gələcəyini bildirdi. Az sonra Eyyub müəllim da gəldi. Üçlükdə çay içib təyyarəni gözləməyə başladıq. 

Eyyub müəllim mənim xətrimi çox istəyirdi. Hər gün olmasa da, günaşı­rı görüşürdük. “Həmişə təhlükədəsən” deyərək məni mehmanxanada ge­cələməyə qoymazdı. Beşmərtəbəli binanın birinci mərtəbəsində darısqal mənzildə yaşayırdılar. “Etibar da gələ­cək?” – deyə Eyyub müəllimdən soruş­dum. “Xeyr” – deyə cavab verdi. Aydın məsələ idi ki, bu cür böyük təyyarələri ruslar idarə edirdilər. Tədbirli olma­lı idik. Az sonra bir təyyarə endi. Bu, bizim gözlədiyimiz deyildi. Aeroportun şöbə rəisi mənə yaxınlaşdı. Aeropor­tun komandiri Firudin Qasımov mənim­lə görüşmək istəyirdi. Kabinetdə heyət üzvləri və bir qadın vardı. Yanacaq doldurmaq üçün eniş etmişdilər. Təy­yarə Kiyevdən gəlmişdi. Bu təyyarə ukraynalı əsgər və zabitləri Naxçıvan­dan evlərinə aparacaqdı. Qadın özünü təqdim etdi: Rimma Nikolayevna. Uk­rayna Radasında əsgər və zabitlərin hüquqlarının müdafiə komissiyasının rəhbəri idi. Mənə Heydər Əliyevlə gö­rüşmək istədiyini bildirdi. “Problem yoxdur” – dedim. Onları Naxçıvana yola saldıq. Naxçıvana uçan təyyarə geri qayıtmışdı. Gələnlərin arasında Telman Sadıqovu gördüm. Yarası qis­mən sağalmışdı. Telman müəllim Nax­çıvan Ali Məclisinin deputatı idi. Son­ralar Şahbuz rayonunun icra başçısı oldu. Telman müəllimlə səmimi görüş­dük. Vəziyyətlə maraqlandı. Saat 14 radələrində gözlədiyimiz təyyarə endi. Öncə iki texnikanı, sonra topları, ”Ze­nit” qurğusunu, 100 ədəd mərmini və s. yüklədik. Telman müəllim də 100 kq-lıq mərmiləri yükləyəndə bizə kömək etdi. 

Eyyub müəllimlə mən təyyarəyə daxil olduq. Kabinəsi ikimərtəbəli idi. Eyyub müəllimə “Siz ikinci mərtəbəyə qalxın, mən birinci mərtəbədə olaca­ğam” – dedim. Əlavə etdim ki, qeyri-adi bir vəziyyətlə qarşılaşsan dərhal mənə xəbər ver. Təxminən, 20 dəqiqə sonra biz Ermənistanın hava məkanına daxil olmuşduq ki, Eyyub müəllim aşağı endi. Təyyarə komandiri yanacağın tezliklə qurtaracağı üçün İrəvana məcburi eniş edəcəklərini demişdi. Eyyub müəllimə yuxarı qalxmağı və bir daha enməmə­yi tapşırdım. Ona dedim ki, komandirə təyyarənin partladılacağını çatdırsın. Aşağı kabinədəki ruslar nədən söhbət etdiyimizi başa düşmürdülər. Hansı suprizlə qarşılaşacaqlarını heç ağılla­rına belə gətirməzdilər. Eyyub müəllim yuxarı qalxan kimi kəmərimin altından tank əleyhinə qumbaranı çıxaranda rusların rəngi sapsarı oldu. “Əgər hiss eləsəm ki, təyyarə bir metr aşağı enir özümü də, sizi də məhv edəcəyəm” – deyib onların gözü önündə qoruyu­cunu çəkib çıxardım. Kabinədən çıxıb mərmilərin yanında mövqe tutdum. Zabitlərdən biri dərhal yuxarı qalxdı. Sonralar Eyyub müəllim komandirə “o partladar” – deyəndə komandirin onu necə dilə tutmasından danışmışdı. Komandir ona psixoloji təsir göstər­mişdi. Ya yanacaq qurtaracaq, təyyarə göydən yerə düşəcək, ya da yoldaşın partladacaq. Hər iki halda biz öləcəyik. Lakin Eyyub müəllim aşağı enməmişdi. Komandir təslim olmuşdu. Yarım saat sonra təyyarə Naxçıvanda eniş etdi. Eyyub müəllim aşağı düşərək dedi ki, hər şey qaydasındadır. Hamı mənə baxırdı. Qumbaraya işarə edib hamı­nın çölə çıxmasını istədim. Qumbara­nı əvvəlki halına gətirdim. Yarım saat idi ki, barmaqlarım bir-birinə möhkəm kilidlənmişdi. Bu müddət ərzində ürə­yimdən keçənləri, düşüncələrimi ifadə edə bilmirəm. 

Vaxt itirmədən Sədərəyə getdim. Məni idman (xüsusi təyinatlı) bölüyü­nün komandiri Səfər və İbrahim qar­şıladılar. Onlarla birlikdə əsgərlərimizi yoxlamaq üçün səngərlərə qalxdıq. Şiddətli döyüşlər gedirdi. Güllələr ya­ğış kimi yağırdı. Səngərdə bir əsgəri­mizin rahatsızlığı gözümdən yayınma­dı. Onun avtomatını aldım, maqazini yoxladım, patronların hamısı yerində idi. Ayağa qalxdım. Səngərdən yarım metr hündürdə idim. Atəş açıb maqa­zini boşaltdım. Əsgərə mənim etdiyi­mi təkrar etməməyi tapşırdım. Əsgər ürəklənmişdi. Yoldaşları kimi artıq atəş açmağa başlamışdı. İdman bölüyü­nün əsgərlərinə 100 ədəd gətirdiym F-1 qumbaralarını payladım. Bu, onlar üçün ən böyük sovqat idi. İki saata qə­dər müşahidə və yoxlamalar apardıq­dan sonra aşağı endim. 

Kənddə Adil Kazımov və Vaqif Məm­mədovla görüşdüm. Vaqif müəllim evini OMON-a qərargah kimi istifadə etməyə vermişdi. Komandirləri Azər Məmmə­dov idi. Ukraynanın Donetsk şəhərində Ali Siyasi Hərbi Məktəbi bitirmişdi. Dö­yüşçülər arasında “OMON Azər” kimi tanınırdı. Əfqanıstanda xidmət etmişdi. Malik Qalabəyov, Cavanşir Cəfərov, Səxavət Rzayev, Şücaət Qasımov, Ceyhun Abbasov və başqaları qəhrə­man döyüşçülər idi. XTMD-yə qəbul Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbi xidmət keçmiş, fiziki cəhətdən güclü, vətənpərvər gənc­lər qəbul olunurdu. Ona görə də orada nizam-intizam çox yüksək səviyyədə idi. Sonralar ara sakitləşəndən sonra 1993-cü ildə Azər Məmmədov Heydər Əliyevin mühafizə xidmətinə cəlb olun­du. Heydər Əliyevin Bakı şəhərinə qayı­dışında, Gəncəyə səfəri zamanı Azərin onu müşayiət etməsi təsadüfi deyildi. Naxçıvan XTMD-nin fəaliyyəti kifayət qədər tədqiq olunmayıb. Onun haqqın­da hələ çox yazılacaq.

Axşam Elman Abbasovla yaranmış vəziyyəti müzakirə etdik. Sabah da Sə­dərəkdə qalacağımı bildirdim. Bir aylıq müşahidədən sonra düşmənin hansı si­lahlardan, texnikalardan istifadə etməsi, o cümlədən, canlı qüvvəsi haqqında son məlumatları bildirdim. May ayı dö­yüşlərin ən şiddətli, çox şəhid verdiyi­miz bir ay idi. Bu ay xüsusilə Naxçıvan üçün yaddaqalan tarixdir. İki gün sonra “Ümid” körpüsünün açılışı olacaqdı. Türkiyənin Baş naziri Süleyman Də­mirəl Naxçıvana gələcəkdi. Sovetlər Birliyi zamanı heç kəsin ağlına gəlməz­di ki, Araz çayı üzərində tikilən körpü Naxçıvanla Türkiyəni birləşdirəcək. 

Burada Mustafa Kamal Atatürkü sayğı və sevgi ilə yad etməmək müm­kün deyildi. Onun dövründə Türkiyə ağır iqtisadi böhran yaşayırdı, güclü İs­tiqlal savaşı aparılırdı. Mustafa Kamal İran dövlətindən 11 km bu ərazini ona görə alır ki, vaxt gələcək bizim Naxçı­vanla gediş-gəlişimiz olsun. Sanki tarix təkrarlanırdı. Ulu öndərimiz çox uzaq­görən idi. Bütün təhlükəsizlik tədbirləri görülürdü ki, tədbir yüksək səviyyədə keçsin. Naxçıvan əhalisi qonaqları qarşılamağa hazır idi. Bundan xeyli əvvəl Kamal Yılmaz paşa Naxçıvana ziyarətə gəlmişdi.

“Ümid” körpüsünün açılışı çox yük­sək səviyyədə, təhlükəsizlik şəraitində keçirildi. Tək Naxçıvan əhalisinin deyil, bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi Heydər Əliyev – Süleyman Dəmirəl görüşü baş tutdu. Gələcəyə böyük inam, ümid qığılcımları doğdu. Dünya mətbuatı bu görüşdən yazdı. Bu görüş qədim türk yurdu olan Naxçı­vanın haqq savaşında düşmənə yalqız olmadığını göstərdi.

(ardı var)

Urfullah QURBANOV,
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi



Siyasət