“Azərbaycanın köməyini hər an hiss edib ümidlənirdik”

post-img

Qaziantepdə Türkiyənin fəlakətli günlərinə şahidlik edən soydaşımız Əli İmamverdiyevlə ötən günlərdə dəfələrlə zəngləşib ölkəmizin yardımlarının çatdırılması, xilasedicilərimizin və könüllülərimizin köməyi barədə məlumat almışıq. Əli Qaziantep Universitetinin hüquq fakültəsinin məzunudur, orada Vəkillər Kollegiyasında çalışır. Qardaş ölkə ilə növbəti birbaşa bağlantıda Əlinin ümumi zəlzələ təəssüratını öyrəndik. Müsahibimiz bildirdi: 

– Yer üzünün görünməyən bir fəlakə­ti oldu bu zəlzələ. 6 fevral 2023-cü ilin erkən bir səhərində, hamının şirin yuxu­da olduğu bir vaxtda gözlərimizi böyük bir fəlakətə açdıq. Ev güclü bir təkanla silkələnirdi. Yan otaqda ata-anamın səsini eşitsəm də səsim çıxmırdı. Kirayədə qal­dığımız evimiz, sanki, bir gəmi kimi ləngər vururdu. 

Təngənəfəs qalxıb aşağı endik. Lakin giriş qapısı sıxıldığı üçün açılmırdı. Axırda ev sahibi İsmayıl bəyin köməkliyi ilə qapı­nı bir təhər aralayıb çölə çıxdıq. Sulu qar yağırdı. Yaşadığımız məhəllə Qaziantep Universitetinin qarşısında olduğu üçün tələbələrin ən çox qaldığı yer idi. Burada binalar çoxmərtəbəli olmadığından dağın­tı az idi. Başqa yerlər isə alt-üst olmuşdu.

Telefon susmurdu: Adanadan, Ha­taydan, Kahramanmaraşdan, Urfadan... zəng edənlər binaların uçduğunu, vəziy­yətin ağır olduğunu deyirdilər. Bir çox tələ­bələrə zəng çatmırdı. Sulu qar yerini ya­ğışa verəndə hava aydınlaşırdı. Adətən, sərt soyuğun olmadığı Qaziantepdə indi temperaturun mənfi dərəcəyə düşməsi özlərini tələm-tələsik çölə atmış tələbələ­rin, fərqli yaşda olan insanların vəziyətini çətinləşdirmişdi. Saat 7-8 radələrində Qa­ziantep Universitetinin şəhərciyinə, atam İlqar Cəmiloğlunun işlədiyi Türk Musiqisi Dövlət Konservatoriyasına gəldik. 

Bütün müəllimlər giriş qatında idi. Təhlükəli olduğu üçün yuxarı çıxmağa qəti icazə vermirdilər. Otaqlarda rəflər aşmış, kitablar döşəməyə dağılmışdı. Di­varlarda çatlar görünürdü, bəzi otaqları su basmışdı. Hər kəsin üzündə qorxu, həyə­can, təlaş və böyük bir ağrı var idi. Saat 10-a kimi bir zəlzələ də oldu, ancaq saat 12-də başlayan güclü təkan isə pəncərə və qapıları elə silkələdi ki, sanki, yer aya­ğımızın altından qaçdı. Qorxu və həyə­canımızı sözlə ifadə etmək çox çətindir. Rəhbərliyin qərarı ilə universitetin idman kompleksinə gəldik, bura təhlükəsiz zona elan edilmişdi. 

– Zəlzələ xəbəri həmin saatlarda Azərbaycanı da ayağa qaldırmışdı...

– Bunu bizə Ankaradan Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nə­cibə xanım Nəsibova zəng vurub çatdırdı. O bildirdi ki, Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan ayaqdadır, sizə hər bir kömək olacaq. Bu xəbər ən qorxulu anlarda bizi xeyli sakitləşdirdi. Bu zəng kövrəldici olduğu qədər də xaricdə yaşayan hər bir həmvətənimiz, vətənin­dən uzaqda olanlar üçün çox ümidli və sevindirici idi. 

Sonra səfirlikdən Elnur Xəlilovun və Tural bəyin zəngləri gəldi. Qaziantepdəki vəziyyəti bildirdim. Buradakı tələbələrin və Azərbaycan vətəndaşlarından ölkə­mizə dönmək istəyənlərin siyahısını tut­mağı xahiş etdilər. Bir-bir tələbələrdən tut­muş müəllimlərə qədər, bütün tanıdığım azərbaycanlılarla əlaqə yaratmağa çalış­dım. Kimin Azərbaycana qayıtmaq istə­diyini, kimin Türkiyənin digər şəhərlərinə nəql edilməsini planlaşdırmağa başladıq. Zəlzələnin ilk günü hər yarım saatdan bir gecə saat 12-yə qədər səfirliklə əlaqələri­miz davam etdi. 

Gün ərzində yaşadığımız həyəcan nəticəsində ağır yorğunluq və təlaş bizi əldən salmışdı. Bir yandan da aclıq və susuzluq başlamışdı. Gecəni idman za­lının yaxınlığındakı Ali Eruslu məscidində keçirdik. 

– Fevralın 7-də səhər saat 6-da yeni bir zəlzələnin qeydə alındığı barədə xə­bər Azərbaycanda ikiqat ağrı ilə qarşı­landı, yeni yardımlara təkan verdi.

– Bəli, səhərisi də zəif təkana oyandıq. Xoşbəxtlikdən məscidin uçmamasına şü­kür etməkdən başqa çarəmiz qalmadı və təkrar idman kompleksinə gəldik. Dünənki qorxu və təşvişlər yerini planlı bir calış­maya vermişdi. Sosial qurumlar və icra hakimiyətinin qida evləri isti yemək gə­tirmişdilər. Adamlara 3 saatdan bir xörək paylanırdı. 

Saat 9-da Ankaradan səfirimizin Qazi­antepə gələcəyini bildirdilər. Azərbaycana getmək istəyənlərin sayını, adlarını, so­yadlarını dəqiqləşdirməyi söylədilər. Qazi­antep Universitetinin diş həkimliyi fakültə­sinin tələbəsi Rəvan ilə dəqiqləşdirmələrə başladıq. Bir neçə saat sonra səfirlikdən zəng edən İslam bəy işlərin sürətləndi­rilməsini və Qaizantepdən, Kahraman­maraşdan, Urfadan, Diyarbakırdan olan azərbaycanlıların təxliyələrinə kömək et­məyi xahiş etdi. 

Ərzurum Atatürk Universiteti Azər­baycanlı Tələbələr Birliyinin sədri Fariz Məmmədova zəng etdim. O, kömək üçün bir TIR hazırlandığını (isti paltarlar, yor­ğan-döşək, çadır və s.) bildirdi. 

Azərbaycana dönmək istəyən həm­vətənlərimizin saat 15.00-da avtovağza­la getmələri problem olmuşdu. Nəhayət, universitetin beynəlxalq tələbə şöbəsinin əməkdaşı Burcu Mihçioğlu bizə bir avto­busun ayrıldığını bildirdi.

Bu ağır günlərdə səfirimiz Rəşad Məmmədov da Qaziantepə gəlmişdi. Artıq fəlakətdən sonrakı 4-cü günü yola salmaqda idik. Qaziantepə gələn növbəti kömək avtobusu ilə yola çıxıb bu şəhər­dən ayrıldıq. Ötən 4 gündə illərə bərabər fəlakətə şahidlik etdik, həm də bu ağrı-a­cıları yaşadıq. Çətin gündə önəmli olan isə insanlıq borcumuzu yerinə yetirmə­yimiz oldu. Ən əsası isə Azərbaycanın köməyini hər an hiss edib ümidlənirdik. 

 

Hazırladı:
Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”



Müsahibə