Mariana Vasileva: “İdmanın kütləviliyini təmin etməklə, həm də xalqımızın sağlamlığının qeydinə qalırıq”

post-img

Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi, idmanda da böyük inkişaf və tərəqqi var. Bunu idman sahəsində ildən-ilə artan nailiyyətlərimiz bir daha sübut edir. Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində də böyük işlər görülür.  

Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva “Xalq qəzeti”nə müsahibəsində ölkəmizdə idmanın daha da inkişafı, kütləviliyinin təmin edilməsi üçün görülən işlər, həyata keçiriləcək tədbirlərdən danışıb. 

– Mariana xanım, artıq Azərbaycan idmançıları ilin ilk yarışlarında iştirak ediblər. İlin ilk həftələri Azərbaycan idmanı üçün necə yadda qaldı? 

– Bu ilə uğurla başladıq. Yanvar ayında ölkəmiz şahmat, karate, stolüstü tennis, cüdo, atıcılıq, boks, sumo üzrə dünya kuboku, Avropa çempionatları, o cümlədən beynəlxalq turnirlərdə 31 medal qazandı. Fevralın ilk iki həftəsində də uğurlar davam etdi. Boksçularımız “Qızıl kəmər” seriyasından, qılıncoynadanlarımız dünya, sumoçularımız Avropa kubokundan, karateçilərimiz Avropa çempionatından, cüdoçularımız “Böyük dəbilqə” yarışından, bədii gimnastlarımız Macarıstanda, güləşçilərimiz isə Xorvatiyadakı beynəlxalq turnirlərdən Vətənə medallarla qayıdıblar. Onların arasında Olimpiadaya vəsiqə verən reytinq xarakterli yarışlar da var. Şübhəsiz, hər yarışdan sonra nəticələr təhlil edilir, idmançılarımızın potensialı nəzərə alınaraq qiymət verilir. Ümumilikdə, nəticələri qənaətbəxş hesab etmək olar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmanının inkişafına böyük dəstək verirlər. Bu dəstəksiz işimiz çətin olardı. Bu il yanvarın 9-da Prezident İlham Əliyevin 2023-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə idmanımızın bundan sonrakı uğurları, eləcə də Azərbaycan gəncliyi üçün prioritet məqsədlərə yönəlmiş fikirləri bizim üçün əsl yol xəritəsidir. Bu il üçün böyük hədəflərimiz var.

– Bu hədəflərin arasında yəqin ki, Paris Olimpiadasına hazırlıq önəmli yer tutur.

– Elədir. Çünki 2023-cü il həm də “Paris-2024”ə hazırlığın son mərhələsi kimi əlamətdardır. Builki nəticələr Olimpiya Oyunlarına düzgün istiqamət götürüb-götürmədiyimizi müəyyənləşdirəcək. Ümumilikdə idmançılarımız 93 lisenziya uğrunda mübarizə aparacaq. Əgər bu qədər alınmasa, biz yenə davam edəcəyik. İdmanın zirvəsinə gedən yol uzundur və dayanmaq, ruhdan düşmək olmaz. Əgər biz ruhdan düşəriksə, idmançılar da yarı yolda dayanacaqlar. Mən idmançılarımıza və Azərbaycan idmanının gələcəyinə inanıram. Biz birlikdə idmanımızı, bununla da üçrəngli bayrağımızı layiq olduğu ən yüksək zirvəyə yüksəltməyə nail olacağıq. Bunun üçün çalışırıq.

Nazirlik, müvafiq federasiyalar, mütəxəssislər bu yöndə birgə səy göstərirlər. Ötən həftə nazir Fərid Qayıbov Olimpiya növləri üzrə federasiyaların nümayəndələri ilə görüş keçirib, Paris Olimpiadasına hazırlıq məsələləri müzakirə olunub.

– İdman federasiyalarının təkmilləşdirilməsi istiqamətində islahatlar aparılır. Onun nəticəsi ilə bağlı məlumat verə bilərsinizmi?  

– Hər bir idman növü bizim üçün vacibdir, amma eyni idman növlərinin bir federasiyadan idarə olunması daha düzgündür. Ona görə də hər idman növü üzrə bir federasiyanın akkreditasiyası təsdiqlənir. Düşünmək lazımdır ki, Azərbaycanda Yaponiya, Çin və digər ölkələrin milli idman növlərinə aid 3-5, bəzən daha çox federasiyanın fəaliyyətinə ehtiyac varmı? Bu yöndə aparılan islahatlar da öz bəhrəsini verməkdədir. Bir çox federasiyaların fəaliyyətində effektivlik göz qabağındadır. Bunlardan Qış İdmanı Federasiyasını nümunə çəkə bilərəm. Bu günlərdə Avropa Gəncləri Qış Olimpiya Festivalında ölkəmizi fiqurlu konkisürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva təmsil etdi. Eləcə də idmançılarımızın xizək alpinizmi üzrə dünya kubokunda iştirakı qış idman növlərində gələcək uğurlara doğru ilk addım oldu. Elə regionlar var ki, orada mütləq qış idman növlərini inkişaf etdirmək istəyirik. Həmin bölgələrdə uşaq gənclər idman məktəblərinin fəaliyyət göstərməsi bu baxımdan çox yaxşıdır.  

– Regionlarda idmanın inkişafı istiqamətində görülən işləri qənaətbəxş hesab etmək olarmı? 

– Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında idmanın kütləviliyini təmin etmək üçün bölgələrdə təbliğatın daha geniş vüsət almalı olduğunu vurğuladı. 

Hazırda bölgələrdə idmanın kütləviliyinin təmini məqsədilə təbirlərin miqyasını genişləndiririk. Məsələn, paytaxtda olduğu kimi, artıq regionlarda da bütün üzgüçülük hovuzları işlək vəziyyətdədir. Ümumiyyətlə, bütün Olimpiya İdman Komplekslərində hansı idman növlərində məşqlərin keçirilməsi, orada məşğul olanların sayı ilə maraqlanır, nəzarət edirik. Bugünlərdə Lənkəran, Lerik, Masallıda olduq. Qış mövsümündə belə uşaqlar isti hovuzda üzürdülər.  

Bu ilin yanvar ayında eyni vaxtda 30 üzgüçülük hovuzunda (onlardan 4-ü Bakıda, 26-sı bölgələrdədir) yarışların təşkili də maraqlı faktdır. Daha bir layihə çərçivəsində məktəblilərimiz (­1-4-cü siniflər) 5 bölgədə həftədə 3 dəfə 1 saat olmaqla üzgüçülük dərsləri keçirlər. Düşünürük ki, artıq bir aydan sonra onlar üzməyi bacaracaqlar. Bütün bunlar yalnız idmançı deyil, həm də sağlam nəsil yetişdirmək üçündür. Biz mütləq üzməyi öyrənməliyik. Azərbaycanda üzgüçülüyün inkişafı üçün böyük imkanlar mövcuddur.  

Gimnastikanın inkişafı, o cümlədən kütləviliyini xüsusi qeyd etmək istəyirəm. Hazırda 32 regionda, o cümlədən Ağdamda gimnastika bölməsi açılıb. Bu istiqamətdə gedən böyük inkişafda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi əvəzsizdir. 

Şübhəsiz, regionlarda idmanın inkişafı, həm də federasiyaların fəaliyyətindən asılıdır. Elə idman növləri var ki, onu inkişaf etdirmək daha çətindir. Məsələn texniki növ olan güllə atıcılığı üzrə tez bir zamanda istənilən regionda bölmələr açmaq olmur. Eləcə də avarçəkmə idmanı üzrə. Amma buna baxmayaraq belə bölmələr açılıb. Bu, federasiyaların fəaliyyətinin nəticəsində mümkün olub. 

İdmanın kütləviliyini təmin etməklə, həm də xalqımızın sağlamlığının qeydinə qalırıq. 

– Kütləviliyin təmin edilməsi istiqamətində hansı layihələr həyata keçirilir? 

– Ötən ildən bu istiqamətdə çox böyük işlər görürük. Onlardan ildə iki dəfə keçirilən “Hamı üçün idman” layihəsi çərçivəsində tədbirləri xüsusi qeyd etmək istəyirəm. Nazirlik layihəyə bir sıra federasiyaları cəlb edib. Ayın birinci həftəsində “Hamı üçün gimnastika”, ikincisində “Hamı üçün qaçış”, üçüncü həftədə “Sağlam həyat tərzi”, dördüncü həftədə isə “Velosiped yürüşü” təşkil olunur. Yaşından asılı olmayaraq bütün idmansevərlər bu layihəyə qoşula, ailələri, dostları, tanışları ilə idman edə və əylənə bilərlər. Sonda imtahan keçirilir və bürünc, gümüş və qızıl nişanlar sahiblərinə təqdim edilir. Bununla da xalqımızın idmana nə qədər meyilli olduğunu müəyyənləşdiririk. 

Elə tədbirlərimiz də olur ki, onları yalnız qadınlar üçün planlaşdırırıq. Qızların idmana cəlb edilməsi də prioritet məsələdir. Artıq Olimpiya Oyunlarında gender bərabərliyi tətbiq edilir. Ona görə biz də bu sahədə diqqətli olmalıyıq. Yardımlı Olimpiya İdman Kompleksində olarkən çoxlu qızların taekvondo ilə məşğul olduqlarını gördük, bu bizi çox sevindirdi. 

Eyni zamanda böyük marağa səbəb olan “Sağlam ailə”, “Kürü keçək?” adlı layihələrimiz var. Həmçinin fevralın 27-dən martın 5-dək “İdman həftəsi” çərçivəsində yeni başlayanlardan tutmuş veteran idmançılara qədər hamının iştirak edə biləcəyi tədbirlər olacaq. Kütləvi tədbirlər, həm də komanda idman növlərinin inkişafına təkan verir. 

– Ötən ildən komanda idman növlərinin inkişafında da irəliləyiş hiss olunur... 

– Basketbol üzrə Gəncə komandasının oyununu izləyərkən azarkeşlərin çoxluğu diqqətimi çəkdi. Bu bir tərəfdən yığmanın göstərdiyi oyunla bağlıdırsa, digər tərəfdən komanda idman növlərinin baxımlılığına dəlalət edir. Həmçinin çimərlik voleybolu və həndbolda da inkişaf gedir. Həndbol üzrə kişilər arasında Azərbaycanda Avropa çempionatının təsnifat yarışı keçirildi. 2012-ci ildən bəri həndbol komandası belə genişmiqyaslı yarışlarda iştirak etməmişdi. Komandaların heyətində çoxlu gənc və perspektivli idmançılar var ki, bu da müsbət haldır. 

– Fərdi idman növlərində komandaların gəncləşdirilməsi üçün hansı işlər görülür?

– Təbii ki, gələcəkdə inkişaf görmək istəyiriksə gənc idmançıların yetişməsinin qeydinə qalmalıyıq. Uşaq-Gənclər İdman Məktəblərində, Olimpiya idman komplekslərində, klublarda, idman cəmiyyətlərində yetişən potensiallı idmançılar yığmalara cəlb olunaraq ehtiyat qüvvə kimi hazırlanır.  

Nazirliyimizin nəzdində 22 Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərir, 76-sı isə Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Məktəblərimizdə çalışan məşqçilərin hamısını şəxsən tanıyırıq, onlarla mütəmadi iş aparırıq. Ümumiyyətlə, bütün məşqçilərimizin və hakimlərimizin kvalifikasiyadan keçməsi əsas məqsəddir. Onların əksəriyyəti çoxdan təhsilini başa vurub və kurs belə keçməyiblər. İdmanda qaydalar dəyişir, həmçinin yeni nəsil bir başqa cürdür. Yəni hər şey dəyişir, irəli baxmaq, metodları, streotipləri dəyişmək lazımdır. Bu istiqamətdə ciddi işlər görürük. Üzgüçülük Federasiyası, nazirlik və Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə məşqçilər üçün 3 seminar keçirib, regionlarda da bu iş davam edir. Azərbaycanın 31 cüdo məşqçisi bugünlərdə Beynəlxalq Cüdo Federasiyasının imtahanından keçərək beynəlxalq sertifikat əldə ediblər. Digər idman növlərində də bu cür nümunələr var. 

Ölkəmizdə ənənəvi idman növləri ilə yanaşı, qeyri-ənənəvi və yeni idman növlərinin inkişaf etdirilməsi üçün də çalışırıq, mütəxəssislərə ehtiyac var. Brekdans, skeytborq kimi idman növlərini inkişaf etdirməliyik. Amma bu idman növü üzrə mütəxəssislərimiz varmı? İnkişaf üçün baza varmı? Federasiyalarla, eləcə də idmançılarla bu işlərin öhdəsindən gəlməyə çalışırıq. 

– Zərifliyin mücəssəməsi olan bədii gimnastika üzrə uzun müddət baş məşqçi kimi böyük uğurlar qazanan Mariana xanım nazir müavini postuna təyin olunanda bu işin məsuliyyəti onu qorxutmadı ki? 

– Qətiyyən. Sadəcə işin miqyasının böyük olmasına görə düşünürdüm ki, onların öhdəsindən gəlmək üçün özümü toplamalıyam, daha çox işləməliyəm. Əsas odur ki, çox yaxşı komandamız var. Hamı öz işini bilir. İstənilən idmançı, məşqçi istədiyi vaxt mənə zəng vura, görüşə bilər. Kömək etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışıram.

– İşlərin çoxluğu sizi yormur ki? 

– Əksinə, işin çoxluğu mənə zövq verir. Gimnastika Federasiyasında da çox işləyirdim. Bəzən o qədər iş olur ki... Amma onları sabaha qoymağı sevmirəm. Hansı işi uğurla başa vururamsa xüsusi məmnunluq hissi duyuram. Evə gələndə gün ərzində gördüyüm işləri öz-özlüyümdə təhlil edirəm. 

– İstirahət vaxtlarınızı necə keçirirsiniz?

– Yemək hazırlamaq mənə xüsusi zövq verir. Azərbaycan mətbəxini də xoşlayıram və deyilənə görə artıq ləziz yeməkləri əla hazırlayıram (gülür). Yemək hazırlayarkən, eyni zamanda hər hansı filmi izləyirəm. Adətən real həyatdan bəhs edən, bəzən də tarixi filmlərə baxıram. Bir də futbolu izləməyi xoşlayıram. Bütün bunlarla yanaşı, idman formamı da saxlamaq üçün məşqləri davam etdirirəm. 

– Bu qədər enerjini haradan alırsınız?

– Uşaqlıqdan idmanla məşğul olmuşam. Gimnastlar adətən 4-5 yaşlarından başlayaraq əvvəl bağçadan, sonra isə məktəbdən məşqlərə gedirlər. Gimnastikada belədir ki, 14-15 yaşdan artıq böyük sayılırsan. Elə bu səbəbdən mənim də uşaqlığım tam olaraq idmana həsr olunub. Əslində, heç kiçik yaşlarında da vaxtımı boş keçirməyi xoşlamırdım. Gərgin məşqlər, dərslər vaxtımı alırdı. Məşqçimiz həddindən artıq məsuliyyətli və çox ciddi intizam qaydalarına riayət edən insan idi. Məşqlərin gərginliyindən şikayət edə bilməzdim. Anamın nəzərində məşqçi həmişə haqlı idi və verilən yükün öhdəsindən gəlməliydim. Məni inandırmışdılar ki, hər bir çətinliyin öhdəsindən insan gələ bilər, ən ağır yükü belə çiyinlərində daşıya bilər. Elə bu inamla da həyatda addımlayıram. Hər bir insanın daxilində sonsuza qədər güc var. Yetər ki, dayanmayasan.

Müsahibə üçün çox sağ olun!

 

Müsahibəni qələmə aldı: 
Leyla Qurbanova

 



Müsahibə