Azərbaycan–Özbəkistan: ali təhsil körpüsü qurulur

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Daşkənd  Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanovla görüşüb. 
İnstitutda keçirilən görüşdə rektor Özbəkistan–Azərbaycan arasında mövcud əlaqələrin dövlətlərarası münasibətlərin genişlənməsi fonunda daha da möhkəmləndiyini, dövlət rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini vurğulayıb. Eldar Şermanov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. 
Samir Abbasov qardaş Özbəkistanla mədəni əlaqələrin daha da genişləndirilməsi və inkişafının prioritet olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistan Respublikasına üç səfərinin olduğunu xatırladaraq Azərbaycan dövlətinin Özbəkistanla əlaqələrə və əməkdaşlığa mühüm əhəmiyyət verdiyini və eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair konkret tapşırıqların olduğunu diqqətə çatdırıb. Direktor Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda layihələr, tədbirlər, konfranslar, sərgi və müsabiqələr, konsertlər keçirəcəyini vurğulayıb.  
O, “Heydər Əliyev ili” münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin əlaçı tələbəsi üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun bir əlaçı tələbəsinin bu təqaüdə layiq görüləcəyini bildirib.
Mədəniyyət Mərkəzi tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilində tərcümə və nəşr edilmiş “Xəmsə”si və “Kitabi-Dədə Qorqud” dastanının nəfis nəşrləri Eldar Şermanova  hədiyyə edilib.


Qulu KƏNGƏRLİ
Daşkənd

Son xəbərlər