“Anadolu atəşi” möhtəşəm rəqs şousu

post-img

Fevralın 19-da “Bakı Kristal Zalı”nın səhnəsində Türkiyənin dünyaşöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivi bir-birindən maraqlı möhtəşəm ifaları ilə yenidən tamaşaçıların diqqətini öz üzərinə çəkə bildi. 
Konsertin əvvəlində Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olundu. Faciə qurbanlarının xatirəsi bu kiçik film vasitəsilə bir daha yad edildi. 
Orijinal səhnə dekorasiyaları ilə bəzədilmiş zalda nümayiş etdirilən kompozisiyalara türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs nümunələri, qılıncoynadanların və  nağara ifaçılarının məharətli çıxışları və s. daxil idi. 
Mənbəyini Anadolunun min illik mifoloji və mədəniyyət tarixindən götürən “Anadolu atəşi” rəqs qrupu, demək olar ki, hər bölgədən toplanmış 3000 xalq rəqsi və musiqisini özündə ehtiva edən bir layihədir. Ansambl iki dəfə “Ginnesin rekordlar kitabı”na düşüb. Ən böyük tamaşaçı auditoriyasına malik bu rəqs qrupunun sürəti dəqiqədə 241 pa-dır.
Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar şou-proqramdan əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə ayrılacaq.

 

Fidan HÜQUQQIZI, 
Elşən Ağalar (foto), 
“Xalq qəzeti”

Mədəniyyət