Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun sədri Murad Pirməmmədovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə ən xoş arzularımızı çatdırıram.

Sizin müdrik, prinsipial və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikası müasir çağırışlara layiqincə cavab verən, beynəlxalq arenada nüfuzu daim artan güclü və suveren dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Milli maraqlara əsaslanan ardıcıl dövlət siyasətiniz, sosial-iqtisadi inkişaf strategiyanız və müstəqil xarici siyasət kursunuz gənc nəsil üçün nümunə və ilham mənbəyidir.

Bizim üçün xüsusi qürur və mənəvi dəyər kəsb edən məqam ondan ibarətdir ki, Siz MGİMO-nun məzunu olaraq bu ali məktəbin tarixi və intellektual irsinin parlaq nümayəndələrindən birisiniz. Bu fakt MGİMO-da təhsil alan azərbaycanlı tələbələr üçün böyük stimul olmaqla yanaşı, üzərimizə xüsusi və məsuliyyətli bir missiya qoyur. Azərbaycanı beynəlxalq akademik mühitdə təmsil edən tələbələr kimi biz ölkəmizin adını daim uca tutmağı, dövlətçilik ənənələrinə və milli maraqlara sadiq qalmağı özümüz üçün yüksək mənəvi borc hesab edirik.

Sizin rəhbərliyinizlə həyata keçirilən gənclər və təhsil siyasəti, intellektual potensialın inkişafına göstərilən diqqət Azərbaycanın gələcəyinə yönəlmiş strateji baxışın bariz nümunəsidir. Xaricdə təhsil alan gənclər,

o cümlədən MGİMO tələbələri ölkəmizin uğurlarını böyük qürur hissi ilə izləyir və Vətənlə mənəvi bağlılıqlarını daha da möhkəmləndirirlər.

Biz Sizə güclü, müasir və qalib Azərbaycanın Prezidenti, milli birliyin və dövlətçilik ənənələrinin simvolu kimi dərin hörmət bəsləyirik. Sizin fəaliyyətiniz Azərbaycan gəncliyində dövlətə, xalqa və milli dəyərlərə xidmət idealını möhkəmləndirir.

Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyiniz ali missiyada yeni-yeni uğurlar arzulayırıq. Qoy yorulmaz fəaliyyətiniz ölkəmizə davamlı inkişaf, sülh və tərəqqi gətirsin!

Dərin hörmətlə və ehtiramla,

 

Murad Pirməmmədov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu

nəzdində fəaliyyət göstərən Azərbaycan Klubunun sədri

Məktublar