Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının prezidenti Fuad Aydınbəyzadədən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Sizi Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı adından doğum gününüz münasibətilə dərin ehtiramla təbrik etməkdən böyük şərəf duyuruq. Sizin qətiyyətli liderliyiniz, milli maraqların müdafiəsi üçün nümayiş etdirdiyiniz yüksək siyasi iradə və müasir dövrün tələblərinə uyğun olaraq formalaşdırdığınız dövlətçilik strategiyası dünya azərbaycanlıları üçün hər zaman nümunə olmuşdur.

Zati-alinizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu il Azərbaycan xalqı Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü xüsusi qürurla qeyd etdi. İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə, dövlətimizin suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin edilməsi birmənalı şəkildə Sizin adınızla bağlıdır və xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu tarixi Zəfər Azərbaycan diasporunun fəaliyyətinə yeni motivasiya, milli birlik düşüncəsinə isə yeni məna qazandırmışdır. Avstraliyada yaşayan soydaşlarımız bu gün həm dövlətçilik, həm mədəniyyət, həm də milli kimlik baxımından daha mütəşəkkil şəkildə bir araya gəlirlər. Bu proses Sizin rəhbər ideyalarınız, xüsusilə də diaspor işinin institusional səviyyədə inkişafına verdiyiniz strateji dəstək nəticəsində mümkün olmuşdur.

Hörmətli cənab Prezident, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı olaraq bildiririk ki, milli maraqlar naminə həyata keçirdiyiniz fəaliyyətlər diasporumuz tərəfindən xüsusi minnətdarlıqla qarşılanır. Azərbaycançılıq ideyasının müasir dövrdə qorunması, inkişafı və beynəlxalq müstəvidə təbliği istiqamətində verdiyiniz töhfələr bizim üçün həm etalondur, həm də məsuliyyət mənbəyidir.

Fürsətdən istifadə edərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Yeni ilin dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, xalqımızın rifahının yüksəlməsinə və sülhün möhkəmlənməsinə xidmət edən yeni mərhələnin başlanğıcı olmasını arzu edirik.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə ali dövləti fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə və ehtiramla,

 

Fuad Aydınbəyzadə

Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının prezidenti

Məktublar