Tarixi abidələr keçmişimizin canlı yadigarıdır

post-img

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qax rayonunda elmi-praktik konfrans keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi məclisin məqsədi tarixi abidələrin qorunmasına ictimai diqqəti atırmaq, mədəni irs nümunələrinin təbliği və milli-mənəvi dəyərlərimizin yaşadılmasına töhfə verməkdir.

Konfransın açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il bəşəriyyətin ortaq sərvəti sayılan tarixi abidələrin, qədim tikililərin və mədəniyyət nümunələrinin qorunmasının vacibliyini bir daha gündəmə gətirməklə aktuallaşdırır. Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün zəruri işlər görüb, həmin dövrdə bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Bu siyasəti son 23 ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uğurla davam etdirirlər.

Bildirilib ki, ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası prosesində abidələr öz əvvəlki görkəminə qaytarılır və mədəniyyətimizin canlı rəmzləri kimi qorunur. Mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində də böyük işlər görülür, mədəniyyətlərarası dialoq prioritet sahə kimi inkişaf etdirilir. Heydər Əliyev Fondunun dəstəyilə işğaldan azad edilmiş torpaqlarımızda tarixi abidələrimizin bərpası və konservasiyası üzrə genişmiqyaslı layihələr reallaşdırılır, qədim tarixi məkanlarımızın müasir muzey komplekslərinə çevrilir.

Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsini icra edən Tərxan Tahirli bölgədə tarixi abidələrin qorunması və daha geniş tanıdılması ilə bağlı qarşıda duran vəzifələrdən söz açıblar.

Sonra “Ulu öndər Heydər Əliyev və mədəni irsimiz “ və “İrs ziyarəti – Qax” videoçarxları nümayiş etdirilib. Məclis İçəri Bazar Turizm Kompleksində bədii hissə ilə davam edib. İştirakçılar tarixi abidələrimizi əks etrirən materiallardan ibarət sərgi və mədəni irsimizi əks etdirən rəsm, toxuculuq və digər sənətkarlıq nümunələri ilə tanış olublar.

Sonda “Mədəni İrsimizi yaşadaq” müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

İlqar MUSAOĞLU,
XQ-nin bölgə müxbiri

Mədəniyyət