Qərbi Azərbaycanın tarixi-siyasi mədəni irsi və qayıdış hərəkatı

post-img

Qərbi Azərbaycan İcmasının Paşalı rayon təşkilatının təşəbbüsü və BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi-siyasi mədəni irsi” mövzusunda dəyirmi masa keçirilib.

BDU Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru Xalid Niyazovun moderatorluğu ilə davam edən məclisdə AMEA Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, dosent Bəxtiyar Həsənov məruzə ilə çıxış edərək Qərbi Azərbaycanın tarixi-siyasi mədəni irsi mövzunun aktuallığını elmi dəlillərlə əsaslandırmış, məsələnin tarixi-siyasi mahiyyətini və milli maraqlar baxımından önəmini ətraflı şərh edib.

Dəyirmi masa müzakirəsində Paşalı rayon təşkilatının sədri, QAİ İdarə Heyətinin üzvü, dosent Faiq Xudayev, fəlsəfə doktoru, etnoloq Nazir Əhməd, QAİ Keşkənd rayon təşkilatının sədr müavini Məhəmməd Rəsuloğlu, İstisu təşkilatının sədri filoloq Alı Alıyev Qərbi Azərbaycan torpaqlarının tarixi türk torpaqları olması barədə elmi dəlilləri, milli toponimləri və digər hüquqi sənədləri gündəmə gətiriblər. Onlar Qərbi Azərbaycanda yaradılmış tarixi-mədəni irsin doğma yurd yerlərinə qayıdış hərəkatına önəmli mənəvi dəstək olduğunu vurğulayıblar.

BDU-nun diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının baş müəllimi, fəlsəfə doktoru, Paşalı icması qadınlar şurasının sədri, fəlsəfə doktoru Xatirə Mehdiyeva, kafedranın baş müəllimi, fəlsəfə doktoru Gülgün Quliyeva da mövzu ilə bağlı mülahizələrini söyləyiblər, gənclərin bu istiqamətdə maarifləndirilməsinin milli maraqların qorunması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Sonda tələbələrin marağına səbəb olan mövzulara əlavə aydınlıq gətirilib, çoxsaylı suallar cavablandırılıb. Bildirilib ki, BDU Araşdırmalar Mərkəzi Qərbi Azərbaycana Qayıdış hərəkatı ilə bağlı silsilə dəyirmi masalar keçirməyi nəzərdə tutur.

T.RÜSTƏMLİ
XQ

Mədəniyyət