Nəsir İmanquliyevin jurnalistika dərsləri

post-img

Ölkənin media və ictimaiyyəti Azərbaycan milli jurnalistikasının inkişafında çoxillik səmərəli xidmətləri olmuş, ictimai-siyasi xadim, publisist, Əməkdar jurnalist, professor Nəsir İmanquliyevin anadan olmasının 115 illiyinə hazırlıq işləri aparır.

Uzun illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi kimi fəaliyyət göstərən Nəsir İmanquliyevin jurnalistika məktəbi bu gün də önəmini saxlayır. Nəsir müəllimin işıqlı xatirəsini anmaq və onu gənc nəslə daha yaxından tanıtmaq üçün bu ali təhsil müəssisəsində yubilyarın həyatı və yaradıcılığına həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinə başlanılıb.

Həftədə bir dəfə 90 dəqiqəlik mühazirələr təşkil edilərək keçirilən dərslər çərçivəsində tələbələr onun publisistik yaradıcılığı, pedaqoji fəaliyyəti və milli mətbuatın inkişafına verdiyi töhfələr haqqında geniş məlumat əldə edəcəklər. Bununla yanaşı, layihə tələbə jurnalistlərin nəzəri biliklərini praktiki vərdişlərlə zənginləşdirməyə, onların analitik düşünmə, tədqiqat aparma və yazı bacarıqlarını inkişaf etdirməyə şərait yaradacaq.

“Professor Nəsir İmanquliyev dərsləri” layihəsi milli jurnalistika ənənələrinin qorunması və davamlılığının təmin edilməsi baxımından da əhəmiyyətlidir. BDU jurnalistika fakültəsi tələbə həmkarlar təşkilatının sədri Nurlan Cəbrayılzadə XQ-yə bildirdi ki, may ayında yekunlaşacaq layihə çərçivəsində 100 nəfərə yaxın tələbə Nəsir İmanquliyevin yaradıcılığı və jurnalistikada nəzəri aspektləri ilə bağlı təqdimatlar edəcək, mühazirələr oxunacaq, praktiki dərslər keçiriləcək.

“Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılış mərasimində çıxış edən Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirdi ki, Nəsir İmanquliyev Azərbaycanda peşəkar jurnalistlər nəslinin müəllimi, ötən əsrin ikinci yarısında ölkə mətbuatında xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktoru olub:

– Azərbaycan jurnalistikasında tətbiq olunan müasir xəbər tipləri Nəsir İmanquliyevin adı ilə bağlıdır. Nəsir İmanquliyev 51 il jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışıb. Bu gün Yeni media və kommunikasiya nəzəriyyəsi adlanan həmin kafedranın önündə onun barelyefi var. Gələcəyin jurnalistləri müəllimlərinin xatirələrindən və əsərlərindən tanıdıqları bu böyük insanın barelyefi önündən keçəndə onu ehtiramla yad edirlər.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov isə ömrünü universitetin, milli mətbuatımızın inkişafına, jurnalist kadrların hazırlanmasına həsr etmiş Nəsir İmanquliyevin Azərbaycanın ictimai-mədəni mühitində dərin iz qoyduğunu dedi. Nəsir müəllimin klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyətinin bəhrələri Azərbaycan jurnalistikasında yaratdığı yeni məktəb və onun yetirmələridir. Tale Nəsir İmanquliyevə heç də hamar ömür yolu qismət etməyib, amma heç vaxt əqidəsindən dönməyib.

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev, multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, milli mətbuat tarixi kafedrasının professoru Qərənfil Quliyeva Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüblər, özündən sonra məktəb yaradan müəllimlərin ənənələrinin daim yaşayacağını bildiriblər.

Sonda Nəsir İmanquliyevin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirildi.

Qeyd edək ki, yekunda layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri – yazı müsabiqəsi” keçiriləcək və qaliblər təltif ediləcək.

Xatırladaq ki, Nəsir İmanquliyev “Xalq qəzeti”ndə redaktor müavini olub, Azərbaycan radiosuna rəhbərlik edib, “Bakı” və “Baku” paytaxt qəzetinin yaradıcısı olaraq 30 il bu nəşrin baş redaktoru olub, burada peşəkar jurnalistlər dəstəsi formalaşdırıb. Professor Nəsir İmanquliyev qəzetçilik anlayışına yeni yanaşma gətirərək mətbuatın əsas missiyasını cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasını ön plana çəkirdi. “Bakı” və “Baku” qəzetləri dövrün ictimai-siyasi, sosial və mədəni həyatını, zamanın ruhunu, ictimai dinamika və insan amilini əks etdirirdi.

Redaktor kimi Nəsir müəllim xəbər janrını qəzetin əsas sütunlarından biri hesab edirdi. Bu, həmin dövr üçün kifayət qədər yenilikçi idi. Çünki o zamanlar publisistik və ideoloji materiallar daha üstün mövqedə dayanırdı. Bu baxımdan professor xəbərin gücünü, onun oxucu ilə birbaşa əlaqə yaradan təsir imkanlarını düzgün qiymətləndirirdi. Məhz buna görə də rəhbərlik etdiyi qəzetlərdə operativ, maraqlı və rəngarəng xəbərlərə geniş yer ayrılırdı. Bu isə qəzetlərin oxucu auditoriyasını genişləndirir, onların nüfuzunu artırırdı.

Ləman TƏHMƏZ
XQ







Mədəniyyət