Gəncədə Gürcü havası

post-img

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan və Gürcüstan Mədəniyyət nazirliklərinin, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib. O bildirib ki, iki ölkə arasında əlaqələr siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf edir. Şəhər rəhbəri mədəniyyətin xalqları birləşdirən və onları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdən biri olduğunu vurğulayıb.

Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze çıxışında tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. O, bu cür mədəni tədbirlərin xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra təxminən üç əsrlik zəngin tarixə malik “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblı gürcü xalqının musiqi və rəqs irsini özünəməxsus ifa tərzi və möhtəşəm xoreoqrafiyası ilə tamaşaçılara təqdim edib.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri





















Mədəniyyət