Azərbaycan rəqəmsal incəsənət sərgisində təmsil olunub

post-img

Fransanın Mejev şəhərində “6-cı Digital Art EXPO Megève” rəqəmsal incəsənət sərgisi keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrədə fəaliyyət göstərən “Global Oracle Association for Leaders” (GOAL) təşkilatının təsisçisi və rəhbəri Leyla Bağırzadənin və “Digital Art Expo”nun əməkdaşlığı ilə ölkəmiz bu sərgidə təmsil olunub.

XQ xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və səfirliyin əməkdaşları da iştirak ediblər.

Mejev İdman və Konsert Sarayının auditoriyasında keçirilən sərgidə rəqəmsal incəsənət əsərləri nümayiş olunub, yaradıcı icmalar arasında peşəkar mübadilə və dialoq aparılıb. Təmsilçilərimiz Ramil Məmmədlinin, Emin Mathersin və Nargiz Ramizqızının əsərləri rəğbətlə qarşılanıb. Ramil Məmmədlinin “Signal Fragment” adlı əsəri insan şüurunun elm və texnologiya ilə qarşılıqlı əlaqəsini əks etdirən orijinal yanaşması ilə diqqət çəkib. Emin Mathersin sərgidə nümayiş etdirilən işləri müasir vizual üslubu və texnoloji estetikası ilə böyük marağa səbəb olub. Nargiz Ramizqızının əsərləri isə zərif vizual dili və rəqəmsal texnikaların ahəngdar istifadəsi ilə seçilib.

Layihənin icrasında peşəkar koordinasiya və mentor dəstəyi də təmin edilib. Agnessa Tariverdiyeva layihənin koordinatoru (art-menecer), Səbinə Şıxlinskaya isə “Atesh Hub”-ın mentoru qismində çıxış edib.

Sərgidə, həmçinin Thierry André Krief, Marta Zaremba, Richard Vigniel (RVig), Olivier Tops və Loïc Morell (Lokigraf) kimi beynəlxalq sənətçilərin əsərləri də təqdim olunub.













Mədəniyyət