Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib

post-img

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrailin Eilat regionunda keçirilən Sea the Future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti çərçivəsində təşkil olunan Nazirlər Panelində aparılan müzakirələrdə iştirak edib.

Sammit bu gün öz işini yekunlaşdırır. Tədbir çərçivəsində “Mavi qida təhlükəsizliyi prosesində qlobal liderlik” mövzusunda keçirilən panel müzakirələrində çıxış edən nazir bildirib ki, Azərbaycan Respublikasının balıqçılıq və akvakulturanın inkişafına dair uzunmüddətli strategiyası Xəzər dənizinin və daxili su hövzələrinin akvakultura ehtiyatlarını qorumaqla yanaşı, onların davamlı şəkildə inkişaf etdirilməsi hesabına ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməyə yönəlib.

Nazir qeyd edib ki, Azərbaycan əvvəlki dövrlərdə akvakulturanın inkişafına əsasən ətraf mühitin mühafizəsi prizmasından yanaşıb. Hazırda isə bu yanaşma qorunmaqla yanaşı, akvakulturanın iqtisadi potensialının artırılması istiqaməti də strategiyanın mühüm tərkib hissəsinə çevrilib. Balıqçılıq siyasətinin şəffaf və elmi əsaslara söykənən mexanizmlər üzərində qurulması ölkəyə həm ekosistemlərin qorunmasını təmin etməyə, həm də mövcud resurslardan səmərəli istifadə etməyə imkan yaradır.

Məcnun Məmmədov, həmçinin Azərbaycanın balıqçılıq və akvakulturanın inkişafında elmi innovasiyaların tətbiqinə, qabaqcıl texnologiyalardan istifadəyə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Panel müzakirələrində çıxış edən digər ölkələrin nümayəndələri də akvakultura sahəsində mühüm nailiyyətlər əldə etmiş dövlətlərlə birgə elmi tədqiqatların aparılması, ixtisasartırma və təlim proqramlarının təşkili, ticarət münasibətlərinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu bildiriblər.

XQ







İqtisadiyyat