Əcəmi Naxçıvani – 900
Prezident İlham Əliyevin ötən ilin sonunda – dekabrın 30-da imzaladığı Sərəncamla Azərbaycan memarlığının görkəmli siması, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması qərara alınıb.
Xatırlayırıq ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi respublikamızda təntənəli şəkildə keçirilib. Ondan 25 il sonra isə Ümummilli lider onun Möminə Xatun abidəsini ziyarəti zamanı deyib: “...Bu abidənin qiyməti yoxdur. Möminə Xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da, böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında yubileylər proqramı çərçivəsində Əcəmiyə həsr olunan sərgi açılıb. Dahi memarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, onun 900 illiyi UNESCO-nun rəsmi Yubileylər Siyahısına daxil edilib və bu, Azərbaycan mədəni irsinin dünya miqyasında tanıdılmasının növbəti nümunəsidir və ölkəmizin qlobal səviyyədə mədəni irsin qorunmasına sadiqliyini bir daha nümayiş etdirir.
Hələ 1983-cü ildə Bakıda keçirilən Şərq Xalça Sənəti üzrə Beynəlxalq Simpozium zamanı görkəmli xalça ustası Lətif Kərimovun toxuduğu “Əcəmi Naxçıvani” təsvir xalçası UNESCO-ya hədiyyə edilib. Bu gün həmin xalça UNESCO-nun divarlarını bəzəyərək mədəni mübadilənin rəmzinə çevrilib. Sözügedən sərgidə isə Əcəmi Naxçıvaniyə aid şəkillərdən əlavə, Türk Mədəni İrsi Fondu tərəfindən hazırlanmış yeni kitab və broşürlər təqdim olunub. Bir fakt da xatırladılıb ki, XIII əsr mənbələri Əcəminin “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir.
Göründüyü kimi, dünya da etiraf edir ki, Əcəmi Şərqdə riyazi dəqiqliyi bədii təxəyyüllə birləşdirən memarlıq məktəbinin yaradıcısıdır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri – Naxçıvan şəhəri ilə bağlı olub. XII əsrin nadir inciləri olan Möminə Xatun və Yusif ibn Küseyr türbələri onun dahiliyinə dəlalət edir. Əcəmi məkan quruluşunda yeni prinsiplər tətbiq edərək, nadir ornamental üslub yaradıb və həndəsi dili dövrü üçün misilsiz səviyyəyə yüksəldib. Memarın monumental tikililəri incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən ölməz sənət inciləridir.
Əcəminin parlaq irsi ondan sonrakı dövrlərdə Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərib. Marağadakı Göy Günbəzdə (XII əsr), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas abidələrində (XIV əsr), türk sənətkarı Memar Sinanın (XVI əsr) İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.
...Xalq arasında Atabəy Günbəzi kimi məşhur olan xatirə abidəsi – Möminə Xatun məqbərəsi Şəmsəddin Eldənizin birinci arvadı, Azərbaycan Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsi üçün çox böyük işlər görmüş xanımın adını əbədiləşdirib. Formasına görə kəsik onbucaqlını xatırladan bu tarix yadigarının naxışları, üzərində kufi xətti ilə yazılmış Quran ayələrindən ibarət haşiyələr istər-istəməz Hindistandakı məşhur Tac-Mahalı, Səmərqəndin, İsfahanın möhtəşəm abidələrini xatırladır. Məsələ burasındadır ki, Möminə Xatun məqbərəsinin yaranma tarixi onları neçə əsr qabaqlayır. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan bu abidəni anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar böyük maraqla ziyarət edirlər. Yusif ibn Küseyrin məqbərəsi, Naxçıvan Cümə məscidi, dağıdılmış bir memarlıq abidəsinin qoşaminarəli piştağı və sair də Memar Əcəminin yadigarlarıdır.
Əcəminin həyatı haqqında tarixi mənbələr yox dərəcəsindədir. İstinad yalnız onun ölməz əsərlərinə edilir. Dahi memar, sanki, belə olacağını qabaqcadan duyubmuş kimi, öz şah əsərinin – Möminə Xatun türbəsinin üzərində belə yazıb: “Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik – bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə”.
Böyük Əcəminin xatirəsi daim qəlbimizdə yaşayır. Naxçıvanda irsi qorunan, dünyaya səsi-sədası yayılan memarın yubileyi oldu-olmadı, adı hər gün yüz dəfələrlə Bakıda çəkilir: Paytaxtımızdakı metro stansiyalarından biri onun xatirəsinə “Memar Əcəmi” adlandırılıb və yeraltı rahat nəqliyyatdan istifadə edənlər üçün dönə-dönə xatırladılır. Binəqədi rayonu, 8-ci mikrorayonda isə yaraşıqlı küçələrdən biri böyük şəxsiyyətin adını daşıyır.
Ə.DOSTƏLİ
XQ



