Azərbaycan Radiosu – 100
“Axşam görüşləri” radio məkanının ən uzunömürlü verilişlərindən biridir
Azərbaycan Radiosunda 50 ildir ki, davam edən populyar “Axşam görüşləri” verilişinin ən yaşlı dinləyicilərindən biriyəm. Təbii ki, verilişin məndən başqa da çoxlu daimi dinləyiciləri var. Ancaq mənim “Axşam görüşləri”nin digər bir çox köhnə dinləyicilərindən fərqim bundan ibarətdir ki, bu verilişə həmişə, sadəcə, musiqi həvəskarı kimi yox, həm də bir musiqişünas kimi qulaq asmışam.
Bu verilişin efirdə səslənməyə başladığı 1970-ci illərin ortalarından indiyə kimi “Axşam görüşləri” həm də maarifçilik səciyyəsi daşıyıb. Onun hər buraxılışında yalnız dinləyib zövq almaq üçün deyil, öyrənməkdən, biliklərini genişləndirməkdən ötrü də kifayət qədər material olub və indi də var. Təsadüfi deyil ki, mən bu verilişi özüm müntəzəm dinləməkdən əlavə, Bakı Musiqi Akademiyasında da həmişə tələbələrimə qulaq asaraq qeydlər aparmağı tövsiyə etmişəm.
Beləliklə, mənim müxtəlif dövrlərdə dərs dediyim tələbələr də “Axşam görüşləri”nin sabit dinləyicilərinə çevrilmişlər. Mən vaxtaşırı Musiqi Akademiyasındakı dərslərimdə verilişin ayrı-ayrı buraxılışlarının tələbələrimlə müzakirəsini aparmışam və bununla da “Axşam görüşləri” Bakı Musiqi Akademiyasında bizim dərs vəsaitlərimizdən birinə çevrilib. Belə qeyri-rəsmi dərs vəsaitinin rəsmən təsdiqlənmiş mənbələrdən fərqi ondan ibarətdir ki, bu “dərslik” – “Axşam görüşləri” daim yenilənir.
Üstəlik, onun hər buraxılışında biz daim təzə məlumat daşıyıcıları, yeni sanballı ekspertlərlə qarşılaşırıq. Məsləhət bilərdim ki, bu gün həm Bakı Musiqi Akademiyasında, həm Milli Konservatoriyada, həm də orta ixtisas musiqi məktəblərində “Axşam görüşləri” verilişinə məhz bu nöqteyi-nəzərdən yanaşılsın. İnanıram ki, faydasını hökmən görəcəklər.
“Axşam görüşləri” tariximizin, mədəniyyətimizin, elmimizin ayrı-ayrı istiqamətləri haqda mütəmadi söhbətlər açsa da, musiqi əvvəldən bu verilişin başlıca mövzusu olub və digər mövzular da nəticə etibarilə musiqi ilə əlaqələndirilib. Bu verilişin bir üstünlüyü də tanınmağa və xatırlanmağa layiq, ancaq uzun müddət diqqətdən uzaqda qalmış, yada salınmayan sənətkarları işıqlandırmaq, onların haqqında söz açmaq, ifalarını bərpa edərək səsləndirməkdir. Lakin “Axşam görüşləri” məlumları, hətta çox məşhurları belə tamam yeni bir şəkildə, indiyədək geniş ictimaiyyətə bəlli olmayan tərəfləri ilə təqdim etməkdə xüsusi seçilir.
Konservatoriyada təhsil aldığım illərdə dahi bəstəkarımız Qara Qarayevin sinfində oxumuşam, Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında elmi iş aparanda da mənə himayədarlıq edib. Sonralar konservatoriyada Qara müəllimin rəhbərliyi altında işlədim. Düşünürdüm ki, onu məndən yaxşı tanıyan olmaz. Lakin ötən illərdə “Axşam görüşləri”ndə Qara Qarayevlə bağlı səsləndirilən verilişlər və aparılan təhlillər, həmkarlarının, tələbələrinin və tanıyanların bir-birindən maraqlı xatirələri ilə, elə bil ki, əziz Qara müəllimi yenidən kəşf etmişəm.
Rəssam molbertin üzərində yerləşdirdiyi kətan üzərində günlər, bəzənsə illər ərzində fırçası ilə gəzişərək nəhayətdə kamil bir portret yaratdığı kimi, sanki, “Axşam görüşləri” də onlarla belə portreti uzun müddət ərzində ayrı-ayrı cizgiləriylə işləyir, illər, hərdənsə onillər sonra həmin lövhə bütün dolğunluğu və cazibəsiylə üzə çıxır. “Axşam görüşləri”nin verilişlərində mən dahi Niyazinin, Fikrət Əmirovun, Rəşid Behbudovun, həm baba, həm nəvə Müslüm Maqomayevin və onlarla başqa belə qüdrətli sənətkarın bir deyil, onlarla verilişə səpilmiş epizodlar əsasında çox kamil və insanı həm heyran qoyan, həm də heyrətləndirən misilsiz portretlərini görə bilmişəm.
1960, 1970 və 1980-ci illərdə Azərbaycan Radiosunda da, Azərbaycan Televiziyasında da sanballı musiqi verilişləri var idi və onlar həm də öyrədici məzmun daşıyırdı. Lakin həmin verilişlər müəyyən illərdə efirdə oldu və sonra fəaliyyətini dayandırdı. “Axşam görüşləri” isə yeganə verilişdir ki, yarım əsr əvvəldən bu günə qədər hər bazar günü dinləyicilərlə birlikdədir.
Ötən yarım əsrdə bu nadir verilişin yeganə müəllifi və aparıcısı akademik Rafael Hüseynov olub. Söz yox ki, belə uzun vaxt ərzində “Axşam görüşləri”ni hazırlayan Rafael Hüseynov arxivlərdə işlədikcə, bir çox nəsillərin musiqiçiləri ilə yaxın təmaslar əsnasında özü də zənginləşmiş, təcrübəsi artmış, musiqimizin tarixi və problemlərinə dair hərtərəfli dərin biliyə malik musiqişünas kimi yetişmişdir.
Məsələ burasındadır ki, “Axşam görüşləri”nə qonaq gələnlər, adətən, elə yüksək səviyyəli sənətkarlar olur ki, onlarla söhbətləri lazımi şəkildə qurmaq və müsahiblərdən arzulanan məlumatları ala bilmək üçün gərək sual verməyi, nəyi soruşmağı düzgün müəyyənləşdirəydin. Bunun üçünsə, əlbəttə, müvafiq bilik və səriştələrə malik olmaq lazımdır. Bu baxımdan, Rafael Hüseynovun hər qonaqla söhbəti elə onun özünün də hansı yüksək və universal elmi səviyyənin sahibi olmasına uyğun qurulur.
“Axşam görüşləri”ndə məmnunluq doğuran əsas cəhətlərdən biri də budur ki, eyni peşəkarlıq səviyyəsi və səriştəlilik Rafael Hüseynovun istər muğam, istər aşıq sənəti ilə bağlı açdığı söhbətlərdə və apardığı müsahibələrdə aydın duyulur. Onun istər caz və estrada musiqisi ifaçıları və bəstəkarları ilə görüşlərində, istər simfonik musiqi sahəsində çalışanlarla mükalimələrində, istərsə də vokal sənətinin ustaları ilə müzakirələrində bu cəhət qabarıq müşahidə edilir.
Azərbaycan muğamının uzunəsrlik tarixi, məşhur xanəndələr və sazəndələrin sənət taleyi daim “Axşam görüşləri”ndə baş mövzular sırasındadır. “Axşam görüşləri”ni özünəməxsus nadir səslər ensiklopediyası kimi təsəvvür etsək, muğamat və muğamatçılar onun ən əhəmiyyətli fəsillərindən biri hesab oluna bilər.
“Axşam görüşləri” elə ilk vaxtlardan həm Azərbaycan muğam ifaçılarının köhnə təmsilçilərinə, həm də həyatda olan muğamatçılara geniş yer ayırmağa başladı. Xatirimdədir ki, 1976–77-ci illərdə Rafael Hüseynovun “Axşam görüşləri”ndə unudulmuş və həmin dövrdə az adamın adını eşitdiyi xanəndə Mirtağı Mirbabayev haqqında hazırladığı süjetlər necə geniş əks-səda doğurmuşdu. XX əsrin əvvəllərində məşhurlaşmış xanəndə Mirtağı Mirbabayev sonralar neft milyonçusuna çevrilərək sənətdən ayrılmışdı, bolşeviklər gələndən sonra Azərbaycanı tərk edərək bütün ömrünü İranda, mühacirətdə yaşamışdı. Sovet dövründə isə mühacirlərin adı, adətən, çəkilməz, onlar sosialist cəmiyyətinə yad ünsür kimi qəbul edilərdilər. Belə bir yanaşmanın ortada olduğu vaxtlarda Mirtağı Mirbabayev haqqında verilişdən sonra onun qrammofon vallarından köçürülmüş oxuları ilk dəfə səsləndi. Bununla da yaddan çıxmış xanəndənin irsi bəraət qazandı, onun adı da, səsi də mədəni dövriyyəyə təzədən qayıtdı.
1970-ci illərin sonlarından başlayaraq “Axşam görüşləri”ndə köhnə vallardan köçürmələrə getdikcə daha artıq yer ayrılmağa başlandı. Bunun muğam irsimizi xalqa çatdırmağa daha çox cəhd etməkdən başqa bir mənası da ondan ibarət idi ki, radioda yeni musiqi əsərləri səslənirdi. Vaxt dəyişdiyindən müasirlərə bu məqamı izah etməyə ehtiyac var. Sovet dövründə radioda yalnız fonotekada saxlanan, rəsmən təsdiqlənmiş musiqi nömrələri verilərdi. Vallardan köçürülüb “Axşam görüşləri”nə daxil edilən oxular və çalğılar faktik olaraq radioda ilk dəfə eşidilirdi və bunun özü radionun musiqi repertuarına əlavə bir rəng qatırdı.
“Axşam görüşləri”ndə Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Ələsgər Abdullayev, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Qurban Primov, Mirzə Məhəmmədhəsən, Seyid Şuşinski haqqındakı silsilə süjetlər unudulmazdır. 1970–80-ci illərdə bu verilişə tez-tez qonaq dəvət olunan Yavər Kələntərlinin, Mütəllim Mütəllimovun, Bəhram Mansurovun, Habil Əliyevin, Hacı Məmmədovun, Əbülfət Əliyevin və digərlərinin söhbət və xatirələri “Axşam görüşləri”nə xüsusi canlılıq gətirirdi.
Xatirimdədir ki, 1940-50-ci illərdə, mənim yeniyetməlik, gənclik dövrümdə müğənni Töhfə Əliyevanın adı həm muğam, həm xalq mahnılarının mahir ifaçısı kimi məşhur idi. Lakin birdən-birə o səs yoxa çıxdı, nə radiodan eşidildi, nə də konsert salonlarından gəldi. 1970-ci illərin sonlarında isə məhz Rafael Hüseynovun səyləri ilə Töhfə Əliyeva yenidən musiqiyə qayıtdı.
Sən demə, o, ailə həyatı qurduqdan sonra əri səhnəyə çıxmasına, ümumiyyətlə, oxumasına icazə verməyibmiş. Hətta radioda da tanışları vasitəsilə Töhfə xanımın lent yazılarının bir daha səsləndirilməməsinə nail olubmuş. Rafael Hüseynov çoxdan musiqidən ayrılmış bu dəyərli sənətkar haqqında ayrıca veriliş hazırladı, “Axşam görüşləri”ndə Töhfə Əliyevanın yalnız köhnə lent yazıları deyil, yeni oxuları da səslənməyə başladı. Bu, əlbəttə ki, çox xeyirxah bir missiya idi və “Axşam görüşləri”nin efirdə olduğu yarım əsr ərzində musiqimizə qayıdışına səbəb olduğu bu qəbildən olan səslər və əsərlər az deyil.
Aşıq musiqisinin Qaraçı oğlu İbrahim, Mirzə Bilal, Kalvalı Əli klassikləri ilə yanaşı Azərbaycanın fərqli aşıq məktəbləri və mühitlərinin nümayəndələri olan Aşıq Həsrət Hüseynov, Aşıq Barat, Aşıq Əhməd Rüstəmov, Aşıq Kamandar Əfəndiyev, Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov və başqaları ilə söhbətlər musiqimizin bu sevilən qanadı ilə bağlı təsəvvürləri dərinləşdirməklə yanaşı, Azərbaycan aşıq sənətinin bir bütöv olması düşüncəsinin daha artıq bərqərar olmasına, bu sahədəki bölgəçilik baxışlarının yanlışlığının daha aydın dərk edilməsinə səbəb olurdu.
Azərbaycan caz musiqisinin enişli-yoxuşlu tarixinin və ayrı-ayrı ifaçılarının sənət bioqrafiyalarının təqdimində də “Axşam görüşləri”nin xidmətləri əvəzsizdir. Azərbaycanda caz musiqisi tarixinin, ilk dövlət caz orkestrimizin yaranmasının bizim ailəyə birbaşa aidiyyəti var. Mənim atam Məmmədsadıq Əfəndiyev hələ 1939-cu ildə Azərbaycanda xalq maarif komissarı olanda bu məsələlərin həllində birbaşa iştirak etmişdi. O, 1941-ci ildə Filarmoniyaya direktorluq edəndə də caz orkestrinin qurucuları Niyazinin, Tofiq Quliyevin yanında idi. Bu haqda hələ 1980-ci illərin əvvəllərində “Axşam görüşləri”nə müsahibəsində Xalq artisti Tofiq Quliyev söhbət açır, 1941-45-ci illər müharibəsi ərəfəsində yeni yaradılacaq ilk Dövlət Caz Orkestrimiz üçün respublikadan kənardan musiqi alətləri alınıb gətirilməsində atamın nə qədər fədakar köməklər göstərməsindən minnətdarlıqla bəhs edirdi.
Elə həmin vaxtlarda Rafael Hüseynovun ilk peşəkar cazmenlərimizdən olmuş, sovet siyasi repressiyalarının qurbanlarından biri, alt saksafonçu Pərviz Rüstəmbəyov, ilk caz orkestrimiz və onun üzvləri haqqında “Axşam görüşləri”ndə söhbət və müsahibələri musiqi dairələrində təqdirlə qarşılanmış, Bakıda caz musiqisinin keçmişi ilə əlaqədar müfəssəl fikir mübadilələri doğurmuşdu. “Axşam görüşləri”ndə Bakının caz həyatının müxtəlif onillərində izləri qalan Məmməd Cavadov, Dilara Bağırbəyova, Tofiq Əhmədov, Vaqif Mustafazadə, Rafiq Babayev, Vaqif Sadıqov, Rafiq Seyidzadə və digərləri haqda söhbətləri və müsahibələri caz salnaməmizin dəyərli səhifələri cərgəsindədir.
Musiqi mədəniyyətimizin elə görkəmli şəxsiyyətləri və abidə əsərləri var ki, onlarla bağlı “Axşam görüşləri” verilişində sistemli şəkildə təqdim edilmiş süjetlər həm də musiqişünaslığımızdakı bir sıra “ağ ləkələr”in aradan götürülməsinə gətirib çıxarmışdır.
Bəstəkar Asəf Zeynallının həyatı və yaradıcılığı ilə bağlı Rafael Hüseynovun apardığı tədqiqat, əldə etdiyi əlyazmalar və açdığı söhbətlər, Niyazi, Tofiq Quliyev, Məmmədrza Bakıxanov, Nigar Qasımova, Sevda Pepinova kimi şahidlərdən aldığı müsahibələr 23 il ömür sürmüş bu istedadlı insanın şəxsiyyətini də, irsini də bizə yenidən, daha təhrifsiz və tam halda tanıtmışdır. Üzeyir bəyin silahdaşı Müslüm Maqomayevin gündəlikləri, məktublaşmaları əsasında aşkarladığı tarixi həqiqətlər XX əsrin ilk onilliklərindəki musiqi həyatımız haqqında biliklərin dairəsini xeyli genişləndirmişdir.
Musiqi tariximizin elə açar şəxsiyyətləri və hadisələri var ki, onları Rafael Hüseynov “Axşam görüşləri”ni hazırladığı bütün illərdə izləməkdə davam edib. Orta əsrlər müsəlman Şərqində ərəb, fars, türk dillərində yaradılmış musiqi risalələri, Əbdülqadir Marağayinin sözlərini də, musiqisini də özünün yazdığı təsnifləri, Azərbaycan xalq rəqsləri, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskinin şəxsiyyəti və irsi, “Leyli və Məcnun”, “Koroğlu”, “Şah İsmayıl” və digər məşhur operalarımızın surətlər qalereyası, Güney Azərbaycanın musiqi həyatı və digər belə mövzulara dəfələrlə qayıdılması, hər dəfə yeni tapıntılar, yeni cizgilərlə əvvəlki ayların və illərin “Axşam görüşləri”ndə bəhs edilmişlərin üstünə yeni məlumatların əlavə edilməsi tədricən bir-birindən qiymətli kitabların yazılması üçün bünövrəyə çevrilmişdir.
Rafael Hüseynovun musiqi ədəbiyyatı kitabxanamızı zənginləşdirən “Min ikinci gecə”, “Hamısı ulduz”, “İmzamız” kimi mükəmməl kitablarının əsasında, zənnimcə, elə “Axşam görüşləri”nin münbit təsiri dayanır. Ancaq çox yaxşı olardı ki, Rafael Hüseynov “Axşam görüşləri”nin 50 illik yolunun yazılarını bir neçə cilddə birləşdirərək kitablaşdıraydı. Bu, musiqişünaslığımıza, bütövlükdə mədəniyyətimizə çox böyük töhfə olardı.
Azərbaycan Radiosunun “Axşam görüşləri” verilişinin, onun yarım əsr ərzindəki sabit müəllifi akademik Rafael Hüseynovun xidmətləri ən yüksək təriflərə layiqdir. Əslində işini yaxşı bilən və vicdanla yerinə yetirən böyük bir kollektivin öhdəsindən gəlməyə qadir olacağı belə əhatəli və əhəmiyyətli vəzifəni bircə nəfərin bu qədər parlaqlıqda, bunca uzun müddətdə icra etməsi həm minnətdarlıq, həm ehtiram duyğusu oyadır.
Mən artıq 90 yaşımı arxada qoymuşam və bu ömrün yarısından çoxunu “Axşam görüşləri”ni ardıcıl dinləmişəm. Milli mədəniyyətimizin və Azərbaycan teleradio məkanının iftixarı olan “Axşam görüşləri” verilişinə, ən azı, mənim yaşıma çatmağı arzulayıram!
İmruz ƏFƏNDİYEVA,
sənətşünaslıq doktoru,
professor, Əməkdar incəsənət xadimi

