Mahir Cavadlının “Hökumə” poemasının təqdimat mərasimi keçirilib

post-img

...Həmin gün onun son uçuşu olmalı idi. Bakı Dövlət Universitetinin məzunu olan 33 yaşlı stüardessa həmin uçuşdan sonra öz ixtisası üzrə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi. Lakin tale elə gətirdi ki, dekabrın 25-də Bakı-Qroznı reysi ilə havaya qalxan “Embraer 190” təyyarəsinin ekipaj üzvü, stüardessa Hökumə Əliyevanın həyat yolu Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə başa çatdı. Lakin həmin gün öz missiyasını çox böyük qəhrəmanlıqla yerinə yetirən gənc stüardessanın yanımcıllığı, sərnişinlərə göstərdiyi qayğısının ifadəsi olan hüzr dolu məlahətli səsi əbədi olaraq qulaqlarda, nurlu çöhrəsi, xoş rəftarı isə yaddaşlarda qaldı. Şair-jurnalist Mahir Cavadlı ona həsr etdiyi “Hökumə” poemasında həmin epizodları, təhlükə ilə dolu anları poetik bir dillər qələmə alıb. Poema qəhrəmanın əziz xatirəsinə ucaldılan söz abidəsidir.

XQ xəbər verir ki, bu fikirlər şair-jurnalist Mahir Cavadlının “Hökumə” poeamasının təqdimat mərasimində səslənib.

Əvvəlcə ötən il Aktauda qaza enişi etmək məcburiyyətində qalan təyyarədə həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, kitabın redaktoru, Əməkdar jurnalist Zemfira Məhərrəmli, filologiya elmləri namizədi Tahir Şirvanlı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri, yazıçı-publisist Şəhla Ağbulud, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev və başqaları çıxış edərək poemanın sənətkarlıq, eləcə də dil və üslub xüsusiyyətlərindən, müəllifin mövzuya yanaşma tərzindən, onun sözlə bədii lövhələr, tablolar yaratmaq məharətindən bəhs ediblər.

Müəllifin Milli Qəhrəmanlara həsr etdiyi ikinci poemasının onun yaradıcılığında xüsusi yer tutduğu vurğulanıb. Poemadan bir hissənin isə bəstəkar, Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın bəstələdiyi “Son uçuş” mahnısı da onun musiqi üçün də uyarlı bir mətn olduğunu təsdiq edir.

Kitabın müəllifi Mahir Cavdlı çıxış edərək onun qələmə aldığı poemaya verdikləri dəyərə görə toplaşanlara təşəkkür edib.

Mədəniyyət