İlin ən yaxşı kitabı

post-img

Qazaxıstanın yeni nəsil şairlərindən olan, Dünya Gənc Türk Yazarları Birliyinin (DGTYB) üzvü Sayat Kamşigerin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib.

Sayat Kamşıgerin poeması Beynəlxalq PEN Klubunda (Poets, Essayists, Novelists) International Club) fərqləndirilib. Mükafat müəllifə Avstraliyanın Sidney Opera Evində keçirilən möhtəşəm törəndə təqdim edilib.

Qeyd edək ki, “Qarabağ” poeması bu ilin martında Azərbaycanda gün üzü görüb və Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. DGTYB ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq layihəsi olaraq ərsəyə gələn kitab — Xəzərin o tayından gələn poetik səda, Qazax-Azərbaycan ədəbi-mədəni bağlarının daha bir möhkəm halqasına çevrilib.

Poemanın Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini professor  Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri — Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, ön söz müəllifi   Arzu Bağırova, rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət Qasımovdur.

Əsər Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş yolunu, şəhidləri və Türk dünyasının birliyinə çağıran mənəvi düşüncələri poetik dillə ifadə edir. Sayat Kamşıgerin Azərbaycana səfərindən sonra verdiyi vədə sadiq qalaraq qələmə aldığı “Qarabağ” bu gün həm Azərbaycan, həm də qazax oxucuları üçün dəyərli bir ədəbi hadisəyə çevrilib.

XQ

Mədəniyyət