Seyid Əzim Şirvani – 190
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı Kürdəmir rayonunun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsrin Azərbaycan maarifçi şairi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə ədəbi-bədii məclis keçirilib.
Mərasimdə S.Ə.Şirvaninin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilb.
Muzeyin direktoru, akademik Rafael Hüseynov Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına geniş nəzər salıb, şairin böyük Füzulinin poetik məktəbindən qaynaqlanan, klassik şeirin bütün janrlarını – qəzəl, qəsidə, fəxriyyə, müxəmməs, müstəzad, müsəddəs, rübai və s. əhatə edən mükəmməl irsindən əsöz açıb, mövzuca maarifçiliyə üstünlük verməsini, romantizmdən realizmə yol aşmasını qeyd edib.
Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Şamaxıda Seyid Əzim Şirvaninin yaratdığı “Beyt üs-səfa” ədəbi məclisinin ədəbiyyat tariximizə gətirdiyi zənlinlikdən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev XIX əsr Şamaxı ədəbi-mədəni mühitində Seyid Əzimin aparıcı mövqeyini geniş şərh edib.
Məclisin bədii hissəsində Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi Ağamurad İsrafilov, xanəndə Hüseyn Məlikov, VIII Televiziya və “Muğam aləmi” beynəlxalq muğam müsabiqələrinin qalibi Daşqın Kürçaylı, tarzən Adil Rəhimov Seyid Əzim poeziyasının hikmət və ülviyyətini dərindən duyduran müsiqiləri ifa ediblər. Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdləri şairin qəzəl və təmsillərini səsləndiriblər.
XQ

