Ulu öndər Cəlil Məmmədquluzadə irsinə yüksək qiymət verirdi
Bir neçə gün əvvəlin söhbətidir. Keçmiş Hüsü Hacıyev, indiki Ceyhun Hacıbəyli küçəsindən Süleyman Tağızadə küçəsinə tərəf dönüb, vaxtilə “Sovetski” adlanan məhəllədə ensiz, dar küçə ilə üzüyuxarı piyada qalxmağa başladım. Böyük ustadımız Cəlil Məmmədquluzadənin Ev-Muzeyinə tərəf gedirdim. Bu məfkurə ocağı Azərbaycanın ovaxtkı rəhbəri Nəriman Nərimanovun görkəmli ədibə hədiyyə etdiyi 5 otaqlı mənzildə yerləşir. Mirzə Cəlil həyatının son 12 ilini (1920-1932-ci illər) ailəsi ilə bu evdə yaşayıb.
Muzeyə doğru gedərkən qeyri-ixtiyari addımlarımı yavaşıdıb ətrafa boylanır, ədəbiyyatımızın və publisistikamızın böyük klassikinin bir vaxtlar hər gün buradan ötüb keçdiyini, nəfəsinin bu köhnə küçə və binalara hopduğunu düşünürdüm. Mirzə Cəlilin ev-muzeyini bu il artıq 4-cü dəfədir ki, ziyarət edirdim. Muzeyin direktoru Yeganə Məmmədovanın “Siz bu ocaqdan ən çox yazan jurnalistsiniz” sözlərini xatırlayıb qəlbimdə bir az da qürurlandım.
Bir an ürəyimdən keçdi ki, dolu bədənli, ürəyi xəstə olan Mirzə Cəlilə ahıl yaşlarında bu xeyli dik yoxuşlu küçəni piyada qət etmək heç də rahat olmayıb. Məlumdur ki, ömrünün son illərində ailəsi böyük maddi çətinliklərlə üzləşmişdi. Yeganə xanımın sözlərinə görə, üstəlik, zorən “Allahsızlar İttifaqı” ilə bağlı qaragüruh da onu çox incidib. Bu və digər bu günün özündə belə narahatlıq doğuran fikirlərlə girişdə böyük ədibin barelyefi olan tanış ünvana necə çatdığımı hiss etmədim.
3-cü mərtəbəyə qalxdım. Ömrünün böyük hissəsini burada əvvəlcə elmi işçi, baş elmi işçi, son illər isə direktor vəzifəsində çalışan Yeganə Məmmədova dahi siyasətçi Heydər Əliyevin muzeyin açılması, əsaslı təmir olunması və səmərəli fəaliyyətindəki rolu barədə yazı hazırlamaq niyyətimdən xəbərdar idi. Məni bu dəfə də ona xas olan səmimiyyətlə qarşılayaraq mehribancasına “Xoş gəlmisiniz. Cəlil Məmmədquluzadə muzeyi hər bir qələm əhlinin mənəvi ata ocağıdır”, - dedi.
Qələm və bloknotumu çıxardım. Muzeyin direktoru əvvəlcə belə bir məqamı diqqətə çatdırdı ki, Ulu öndər hələ sovetlər dönəmində, daha dəqiq desək, 1978-ci ildə Cəlil Məmmədquluzadənin yaşadığı bu mənzildə onun ev-muzeyinin yaradılması barədə sərəncam vermişdi. 1979–1980-ci illərdə muzeydə fond materiallarını toplamağa başlayıblar. Lakin bu iş sonralar yarımçıq qalıb. 1982-ci ildə Heydər Əliyev Kremldə yüksək vəzifəyə irəli çəkiləndən sonra muzeyin təmirinə və açılışına məsul olanlar, təəssüf ki, öhdələrinə düşən vəzifələri yerinə yetirməyiblər.
Qeyd etmək lazımdır ki, o dönəmdə ölkə mətbuatı və televiziyalar muzeyin təmir olunması və açılışının yubadılması faktını dəfələrlə kəskin tənqid ediblər. Amma bunun da elə bir faydası olmayıb. Muzeyin otaqları baxımsızlıq üzündən çox pis vəziyyətə düşüb. Yalnız dahi siyasətçi Heydər Əliyevin müdaxiləsindən sonra vəziyyət köklü surətdə dəyişib. Belə ki, 1993-cü ilin yayında xalqımızın israrlı tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmış Ulu öndər Mirzə Cəlilin Ev-Muzeyinin taleyi ilə maraqlanaraq, 1994-cü il iyunun 16-da Cəlil Məmmədquluzadənin 125 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Bundan sonra aidiyyəti qurumlar təcili surətdə muzeyin əsaslı təmirinə və fond materiallarının toplanmasına başlayıblar.
Vaxt, vədə yetişib. Hamı böyük intizarla açılış mərasimini gözləyirdi. 1994-cü il dekabrın 28-də Prezident Heydər Əliyev şəxsən özü muzeyin açılışına gəlib. Açılış mərasimində 70-ə yaxın rəsmi şəxs, alimlər, mədəniyyət xadimləri və KİV mənsubları iştirak ediblər.
Ali qonağa muzeyin ekspozisiyası barədə geniş məlumat verməyi muzeyin gənc elmi işçisi Yeganə Məmmədovaya həvalə ediblər. Yeganə xanım, təbii ki, Ulu öndərin qarşısında çıxış etməyin nə qədər böyük məsuliyyət olduğunu gözəl dərk edirdi və özünün sözlərinə görə, dərin məsuliyyət hissi ilə həyatının ən böyük imtahanına ciddi hazırlaşıb.
Gəlin, bu məqamda Yeganə Məmmədovanın özünü dinləyək:
– Bugünkü kimi yadımdadır. 1994-cü il dekabrın 28-i idi. Saat 11-ə bir neçə dəqiqə qalırdı. Prezident Heydər Əliyev muzeyə daxil oldu. Ətrafa göz gəzdirdi. Mən bu dahi insanı həyatda ilk dəfə idi ki, görürdüm. Buradakı səliqə-sahmanı görüb gülümsədi, ovqatı yaxşı idi, simasından nur yağırdı.
Əvvəlcə 7 yaşlı Ləman (Yeganə xanımın böyük qızıdır–müəllif) əlində gül dəstəsi ilə Heydər babanı ucadan salamlayaraq dedi:
– Hörmətli Prezident, Mirzə Cəlil ocağına xoş gəlmisiniz!”
Heydər Əliyev gülümsədi və əyilib qızcığazın alnından öpdü.
Bununla da hiss və həyəcanımız azaldı.
Yeganə xanım bu sözləri deyərək bir an nəfəsini dərdi. Hiss olunurdu ki, ürəyi doludur. Sonra fəxrlə söhbətinə davam etdi:
– Heydər Əliyev sonra qırmızı lenti kəsdi. O lent muzeydə əziz bir yadigar kimi saxlanılır. Bundan sonra mən Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə Prezidentə məlumat verməyə başladım. Söhbət 1920-ci illərin əvvəllərinə gəlib çatanda söylədim ki, təəssüf ki, Sovetlər Birliyində Mirzə Cəlilə çox haqsızlıqlar edilib, özü və ailə üzvləri haqsız təqib və təzyiqlərə məruz qalıb. O dönəmdə keçmiş İttifaq təzəcə dağılmışdı. Ulu öndərin bu fikrə necə münasibət göstərəcəyini bilmirdim. Amma dahi siyasətçi başını razılıq əlaməti ilə tərpətdi.
Sonra Ulu öndər üzünü mərasimdə iştirak edən Xalq yazıçıları Anara və Elçinə tutaraq gülümsəyərək dedi:
– Baxın, siz indiki dövrdə kef edirsiniz, görün, yazıq Mirzə Cəlil nələr çəkib!
Zaldakılar gülüşdülər.
Yeganə Məmmədova sonra nəql etdi ki, dahi siyasətçinin bu replikası hamının əhval-ruhiyyəsini bir qədər də yüksəltdi. Bundan sonra muzey bələdçisi ayrı-ayrı otaqlardakı əsas eksponatları bir-bir təqdim etdi.
Qeyd etmək lazımdır ki, Yeganə Məmmədova BDU-nun filologiya fakültəsini əla qiymətlə bitirib. Tələbə dostları arasında əsərlərini çox sevdiyi və dönə-dönə mütaliə etdiyi Mirzə Cəlil yaradıcılığının “fanat”larından sayılıb. Eyni zamanda, yaxşı bilirdi ki, Ulu öndər özü də Cəlil Məmmədquluzadənin ölməz əsərlərinin vurğunudur və böyük ədiblə bağlı, demək olar ki, hər şeyi çox yaxşı bilir.
Yeganə xanım bu an yenidən qəlbini dolduran qürur və riqqət hissi ilə dilləndi:
– Bəli, o mənə, sanki, çox şeyi ilk dəfə eşidirmiş kimi, o qədər diqqətlə və maraqla qulaq asırdı ki, mən qarşımda dərin biliyə və yüksək mədəniyyətə sahib olan dahi bir şəxsiyyətin dayandığının fərqinə varsam da, danışdıqca danışmaq istəyirdim.
Muzeyin eksponatlarının nümayiş olunduğu 5-ci otaqda (“Molla Nəsrəddinçilər otağı”) 55 dəqiqə çıxış edərək fikrimi bu sözlərlə bitirdim:
– Ey böyük Mirzə Cəlil, millət olaraq sənə həmişə borcluyuq!
Bundan sonra bir qədər kənara çəkildim.
Heydər Əliyev üzünü rəsmilərə tutub belə bir sual verdi:
– Mən bu muzeyin əsaslı təmir olunması barədə hələ 16 il qabaq sərəncam vermişəm. Muzey niyə vaxtında təmir olunmayıb?
Bu məqamda gəlin yenidən hadisənin canlı şahidi Yeganə Məmmədovanı dinləyək:
– Bu sözləri deyəndə Heydər Əliyevin səsində qəribə bir ağrı, giley və narazılıq vardı. Onun bu gözlənilməz sualı hamını çaşdırdı. Heç kim dinmir, hamı başını aşağı salıb susurdu. Belə bir gərgin anda birdən-birə özümdə cəsarət taparaq ali qonağa yaxınlaşdım və dedim:
– Hörmətli cənab Prezident! Böyük şəxsiyyətlərə böyük insanlar dəyər verər! Mirzə Cəlilə siz dəyər verdiniz. Çox sağ olun. Sizə sonsuz minnətdarıq!
Heydər Əliyev bu sözlərdən sonra ürəkdən gülərək əlimi sıxdı və mənə təşəkkür etdi. Bir neçə dəqiqə hamı əl çaldı. Zalda yenidən əvvəlki xoş əhval-ruhiyyə yarandı. Özümü xoşbəxtlərin xoşbəxti sanırdım. Bu, mənim həyatımda ən bəxtəvər və unudulmaz anlar idi!
Sonra Heydər Əliyev muzeyin rəy kitabının ilk səhifəsində ürək sözlərini yazıb: “Bu gün Azərbaycanın həyatında böyük bir hadisə baş verir. Azərbaycan xalqının böyük yazıçısı, maarifçisi, ictimai xadimi Cəlil Məmmədquluzadənin Ev-Muzeyi açılır. Bakı şəhərində yeni mədəniyyət ocağı, Mirzə Cəlil ocağı fəaliyyətə başlayır. Bu, Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə, onun xalqımızın tarixinə əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir. Şübhə yoxdur ki, muzey Mirzə Cəlil dühasının təbliğinə faydalı xidmət edəcəkdir. Xalqımızın mənəvi saflaşmaq yolunda, müstəqillik yolunda mübarizəsinə xidmət edəcəkdir”.
Rəy kitabına ürək sözlərini yazandan sonra Heydər Əliyev muzey əməkdaşlarına fəaliyyətlərində böyük uğurlar arzulayıb.
Yeganə xanım deyir:
– Açılış mərasimində çox səmimi ab-hava, isti münasibət yaranmışdı. Həmin gün böyük Mirzə Cəlilin bayramı idi! Onun ruhu şad idi! Öz parlaq yaradıcılığı ilə ömrü boyu cəfakeş xalqının həyatına işıq salan bir mütəfəkkirin bayramı idi! Bütövlükdə, ədəbiyyatımızın və milli mədəniyyətimizin bayramı idi! Bu unudulmaz bayramı bizə xalqımızın xilaskar oğlu, dahi siyasətçi Heydər Əliyev bəxş etmişdi!
Dahi siyasətçi muzeyi tərk edəndən sonra açılış mərasimində iştirak edən hörmətli ədəbiyyatşünas alimlər, akademiklər – Yaşar Qarayev, Kamal Talıbzadə, İsa Həbibbəyli və digərləri kollektivi, xüsusilə də ekspozisiyanın Ulu öndərə yüksək səviyyədə təqdimatına görə Yeganə Məmmədovanı təbrik ediblər.
Akademik İsa Həbibbəyli Yeganə xanıma yaxınlaşaraq deyib:
– Siz bu gün muzeydə dahi siyasətçiyə təkcə bələdçilik etmədiniz, həm də Mirzə Cəlil barədə qəlbinizin bütün hərarəti ilə özəl fikirlərinizi söylədiniz. Hiss etdim ki, məhz bu məqam Ulu öndərin çox xoşuna gəldi. O, sizi çox diqqətlə dinləyir və fikirlərinizdən məmnun qalırdı!
Yeri gəlmişkən, muzeydə öyrəndim ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin Ev Muzeyinin, fondunun qiymətli eksponatlarla zənginləşməsinə böyük köməkliklər göstərib. Hörmətli akademik bu gün də muzeylə əlaqəsini kəsmir və bu böyük mədəniyyət ocağının normal fəaliyyəti üçün əlindən gələn köməyi əsirgəmir.
Xatırladaq ki, muzeyin açılışı günü axşam Respublika Sarayında (Heydər Əliyev Sarayı) Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Məclisə Mirzə Cəlilin adını daşıyan muzeyin kollektivi də dəvət olunub.
Toplantıda ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin Azərbaycan mədəniyyətinin inkişafındakı rolu və ədibin zəngin irsinin hərtərəfli tədqiq və təbliğ olunmasının əhəmiyyəti barədə parlaq nitq söyləyib, paytaxtda Mirzə Cəlilə həsr olunan muzeyin açıldığını xüsusi diqqətə çatdırıb.
Yeri gəlmişkən, Cəlil Məmmədquluzadənin Ev-Muzeyində Ulu öndərin açılış mərasimində iştirakını əks etdirən fotolar, qəzet materialları, nəfis şəkildə hazırlanmış ayrıca bir stend də nümayiş etdirilir. Yeganə xanımla həmin stendin qarşısında durub oradakı tarixi fotolara bir daha nəzər yetirdik. Bu an muzeyin direktoru dahi Heydər Əliyevin önündə söylədiyi sözləri bir daha qürurla təkrar etdi:
– Böyük şəxsiyyətlərə böyük insanlar dəyər verər!
Məsaim ABDULLAYEV
XQ

