Liverpul kafedralı
İngiltərənin ən böyük, dünyanın isə 5-ci ən böyük dini abidəsi olan Liverpul kafedralı 1903-cü ildə Ciles Qilbert Skottun layihəsi əsasında neoqotik üslubda inşa edilib.
Anqlikan kilsəsi kimi də tanınan binanın tikinti işləri 1970-ci illərdə başa çatıb. Şəhərin əsas katolik məbədini tikmək üçün müsabiqə elan edilib. Müsabiqənin qalibi isə məşhur memar Edvin Laçens olub. Memarın layihəsinə əsasən kilsə Vatikanın Müqəddəs Pyotr soborundan sonra dünyanın ikinci ən böyük məbədi olmalı idi. Lakin tikinti işləri uzandığı və İkinci Dünya müharibəsindən sonra tamamilə dayandırıldığı üçün layihə müəllifləri bu iddialı fikirdən imtina etməli oldu. 1959-cu ildə yeni bir memarlıq müsabiqəsi elan edildi. Bu dəfə isə qalib Frederik Qibberd oldu. O, ultramüasir üslubda bir məbəd tikməyi təklif etdi.
Sahəsi 9687 kvadratmetr olan kilsənin uzunluğu 188, hündürlüyü isə 101 metrdir. Kafedralın qülləsindəki zəngin çəkisi 31 tondur. Konik forması ilə seçilən abidənin yuxarı hissəsi tamamilə şüşədən ibarətdir. Kafedralın qeyri-ənənəvi planlaşdırması və keşişin kürsüsünün dairəvi zalın mərkəzində yerləşməsi məbədi daha çox arena və ya konsert meydançasına bənzədir. Kilsənin interyerində olan mebellər də xüsusi olaraq hazırlanıb. Şəhər yepiskopunun kafedrası rolunu oynayan məbəd kilsə kimi fəaliyyət göstərir. Məhz bu xüsusiyyətlərinə görə, kafedral beynəlxalq dizayn müsabiqəsində müxtəlif mükafatlara layiq görülüb.
Fil qülləsi
1997-ci ildə Banqkokun şimalındakı Çatuçak rayonunda dünyanın ən böyük fil formalı binası inşa olunub.
Əsrlər boyu Tayland cəmiyyətində geniş rol oynayan fillər ölkənin memarlıq üslubunda da öz əksini tapıb. LEGO kubiklərdən yığılmış konstruksiyaya bənzəyən unikal tikilinin ideya müəllifi mühəndis və daşınmaz əmlak maqnatı Arun Çayzari ilə memar Onqard Satrabhandhu olub. Şəhərin müxtəlif yerlərindən görünən nəhəng Fil qülləsi bir neçə dəfə ən məşhur göydələnlərin reytinqinə daxil edilib, “CNN” onu dünyanın 25 böyük göydələni siyahısına əlavə edib, 2017-ci ildə isə qüllə 5-ci yerə layiq görülüb. Buna baxmayaraq, “Architectural Digest” jurnalı onu “dünyanın ən çirkin 31 göydələni” sırasına daxil edib. Belə ki, jurnalın əməkdaşları Fil qülləsinin Tayland memarlığına töhfə vermədiyini qeyd edib.
32 mərtəbəli “Fil”in hündürlüyü 110 metrdir. Üç qülləni özündə birləşdirən tikilidə A, B və C blokları mövcuddur. Burada mənzillər bir-biri ilə üfuqi zolaq vasitəsilə birləşir. Qüllələrdən ikisi “Fil”in ayaqlarını təşkil edir, üçüncüsü isə gövdəsidir. Binanın ümumi görünüşünə incəlik qatan əlavə detallar da var. Xortumun hər iki tərəfindəki qabarıq hissədə şirkətin ofisləri yerləşir. Filin göz hissəsində iki nəhəng dairəvi pəncərə, qulaq hissəsində eyvanlar, “quyruğ”unda isə tünd şüşə ilə üzlənmiş 20 mərtəbəli qapalı otaqlar var.
Uoker İncəsənət Qalereyası
Birləşmiş Krallığın ən böyük sənət qalereyalarından biri Uoker İncəsənət Qalereyası yalnız Liverpulun deyil, ölkənin incəsənət həyatında mühüm yer tutur.
Məşhur incəsənət abidəsi Viktoriya dövrü və prerafaelit sənətinin ən nadir kolleksiyalarından birinə evsahibliyi edir. 1877-ci ildə açılan bu qalereya 130 ildən çoxdur ki, şəhərin ən görkəmli sənət kolleksiyasını özündə cəmləşdirir. Qalereyada Renessans dövrünün şah əsərləri, Tyudor portretləri, eləcə də Devid Hokni, Lüsyen Freyd və Bricit Raylinin müasir sənət əsərləri nümayiş olunur.
Neo-klassik üslubda inşa edilən ekspozisiya iki mərtəbədən ibarətdir. Kolleksiya 13-cü əsrdən bu günə qədər olan dövrü əhatə edir. Burada rəsm əsərləri ilə yanaşı, şüşə, metal və mebel kimi fərqli sənət nümunələrinə də rast gəlmək mümkündür. Qalereyada İtaliya Renessans ustalarının, həmçinin Nikola Pussen, Piter Paul Rubens, Rembrandt və Bartolome Esteban Murilyo kimi məşhur rəssamların əsərləri sərgilənir. İngiltərədəki ən böyük heykəltəraşlıq kolleksiyası da məhz burada yerləşir. Modernizm bölməsində isə Kleris Kliff, Lüsyen Freyd, Rocer Fray və Lori Freyddin əsərləri nümayiş etdirilir. Muzeydə həmçinin iki dünya müharibəsi sənətinə həsr olunmuş xüsusi bölmə də mövcuddur. Qalereyanın interaktiv bölməsi Viktoriya dövründən müasir Britaniya incəsənətinə keçidi izləməyə imkan verir. Muzeyin mərkəzi mərmər zalında yerləşən kafedə isə əsl ingilis çayı içmək mümkündür. Hazırda Uoker İncəsənət Qalereyası Birləşmiş Krallığın ən populyar, görməli yerlərindən biri hesab olunur.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ