Ruhun, sözün ölməz şeiriyyəti

post-img

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilib.

Görkəmli şairin ana yurdu Qazax rayonunda başlayan (14 iyul) poeziya bayramı Gəncə (15 iyul) və Ağdamdan (16 iyul) sonra iyulun 22–23-də mədəniyyət paytaxtımız Şuşa şəhərində davam edib.

Vaqif Poeziya Günlərinin silsilə tədbirləri dahi şairin məqbərəsi önündə başlanıb. Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, AYB-nin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, doğma yurda qayıtmış şuşalı poeziyasevərlər iştirak ediblər.

AYB-nin sədri Xalq yazıçısı Anar Molla Pənah Vaqifin milli ədəbiyyatın inkişafında xidmətlərindən söz açıb. Vaqif Poeziya Günlərinin əhəmiyyətini qeyd edən yazıçı deyib ki, xalqın varlığı onun ədəbiyyat və mədəniyyəti ilə təzahür edir: “Bu müqəddəs məkanda – Vaqifin məqbərəsinin önündə poeziyanın və ədəbiyyatın bayramını qeyd edirik. Bu, mənim üçün həm qürurverici, həm də sevindirici bir hadisədir”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında vurğulayıb: “Türk dünyasının ortaq mədəni dəyərlərinin bu cür tədbirlər vasitəsilə yaşadılması və dünyaya tanıdılması təqdirəlayiq təşəbbüsdür. Bizim Fondun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı həyata keçirdiyi layihələr az deyil. Elə biri 2023-cü ildə Molla Pənah Vaqifə həsr olunan “Özü vəzir, sözü şah” adlı nəşrdir. Bu yöndə çalışmaları davam etdirəcəyik”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Şuşa şəhərini və Molla Pənah Vaqifi Azərbaycan intibahının yadigarı kimi səciyyələndirib. Alim Vaqifin özündən sonrakı ədəbi prosesə böyük təsir göstərdiyini də diqqətə çatdırıb: “Bu torpaq Vaqifin ruhunu yaşadır, bu şəhər onun sözünün, fikir dünyasının möhtəşəm təcəssümüdür. Qazaxdan başlanan və Şuşada öz zirvəsinə çatan yaradıcılıq yolu, əslində, Azərbaycan ədəbiyyatının özüdür”.

Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, əslən şuşalı olan Ramil Əhməd Şuşanın zəngin tarixinin və əsrarəngiz təbiətinin ilham mənbəyi olduğunu bildirib, şeirini səsləndirib.

Çıxışların ardınca “Vaqifə məktub” esse müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub. Məlumat verilib ki, Mədəniyyət Nazirliyinin iki ay əvvəl elan etdiyi müsabiqənin əsas məqsədi yaradıcı potensialı olan hər bir kəsin diqqətini bir daha Molla Pənah Vaqifin yaradıcılığına yönəltməklə yeni əsərlərin yazılmasına ruhlandırmaqdır. Müsabiqəyə 175 esse təqdim olunub. Komissiyanın qərarı ilə Təhminə Verdiyeva (“Ruhun və tarixin qovuşduğu Şuşa”) 1-ci, Natəvan Bağırova (“Vaqifə müraciət”) 2-ci, Elvin Əhməd (“Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”) 3-cü yerə layiq görülüb və mükafatlandırılıblar.

Sonra Molla Pənah Vaqifə həsr olunmuş “Səda içində söz” kompozisiyası və “İgidlərin sözü” layihəsi təqdim edilib. Məram 44 günlük Vətən müharibəsi döyüşçü-şairlərinin yaradıcılıq nümunələrini nümayiş etdirmək idi. Qarabağın azadlığı naminə qələmlərini silaha çevirmiş şairlər öz şeirlərini səsləndiriblər. Həmin gün axşam Xurşidbanu Natəvanın evinin qarşısında maraqlı konsert proqramı təqdim olunub.

Dünən isə Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında – o cümlədən Heydər Əliyev Fondunun bərpa etdiyi Vaqifin muzey-məqbərə kompleksi, Qarabağ hoteli və Mehmandarovlar malikanəsində şeir saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil olunub.

Poeziya saatında çıxış edənlər Vaqif Poeziya Günlərini ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə kimi dəyərləndiriblər. Vurğulanıb ki, Vaqif Poeziya Günləri həm klassik ədəbi irsi təbliğ edir, həm də çağdaş ədəbi mühitin inkişafına, yeni ədəbi simaların tanıdılmasına və poeziya mədəniyyətinin yaşadılmasına töhfə verir. Tədbir zamanı Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimatı olub. Qeyd edilib ki, Anar uzun illər ərzində təkcə öz yazdıqlarını deyil, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, bir axında birləşdirib.

Bayramın son günündə “Sözün hökmdarı” adlı teatr tamaşası da nümayiş olunub. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi isə yazıçı İlqar Fəhmi olan səhnə əsərində vaxtilə hökmdar olmuş şəxslərin sözə, şeirə münasibəti və hökmdar olduqları halda belə ruhlarında daşıdıqları incəliklər əks olunub. “Üzeyir bəy deyərdi ki...” (quruluşçu rejissor Əməkdar artist Loğman Kərimov) adlı tamaşa da dahi bəstəkarın 140 illiyi ərəfəsində böyük maraq doğurub.

Təməli ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulmuş bu şeir-sənət bayramı bir daha sübut edir ki, azad olunmuş torpaqlarda mədəni həyatın dirçəlməsi sadəcə fiziki yenidənqurma deyil – bu həm də ruhun, sözün və yaddaşın bərpasıdır. Vaqif Poeziya Günləri isə bu ruhun canlı simvoludur. Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət