Milli Mətbuatımızın 150 illik yubileyi bu sahədə yorulmadan qələm çalan həmkarlarımızdan biri – yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Zemfira Məhərrəmli üçün ikiqat bayramdır. Çünki bu il həm də onun 70 yaşı tamam olur. Jurnalistikada yaradıcılıq uğurlarına görə Həsən bəy Zərdabi, “Qızıl qələm”, ədəbi fəaliyyətinə görə Prezident təqaüdü (2019) və “Araz” mükafatına layiq görülüb.
Bu yaxınlarda Şuşa Dövlət Musiqili Dram Teatrında Zemfira Məhərrəmlinin “Ümid işığı” pyesi uğurla tamaşaya qoyulub. Yazıçı-esseist Kənan Hacının bu barədə qeydlərini oxuculara təqdim edirik:
Teatrlarımızda müasirlərimizin həyatını özündə əks etdirən tamaşalara çox nadir hallarda rast gəlirik. Dövrün, zamanın nəbzini tuta bilən dram əsərlərinə, nədənsə, az müraciət olunur. Tamaşaçılar teatra zamanla səsləşən əsərləri görmək üçün gəlir və təəssüf ki, ümidləri doğrulmur. Müasirlik ruhu ilə yaşayan teatrlar, demək olar ki, çox azdır. Bu da tamaşaçını teatrdan müəyyən qədər uzaqlaşdırır. Əlbəttə, klassika ölməzdir, əbədidir. Lakin yaşadığımız dövrün mənzərəsi də özünün səhnə təcəssümünü tapmalıdır. Yeni dövrün öz dramaturqları yetişməlidir. Teatr nəzəriyyəçisi Piter Bruk yazır ki, “tamaşaçı teatrda elə bir şey axtarır ki, sonda bu sözləri deyə bilsin: “Bu, real həyatda baş verənlərdən daha maraqlıdır”.
Yazıçı-publisist Zemfira Məhərrəmlinin “Ümid işığı” pyesi bu baxımdan maraq kəsb edir. Bir-birindən gözəl nəsr əsərlərinin müəllifi olan Zemfira xanım bu dəfə qələmini dram janrında sınayıb və nəticədə lirik-psixoloji üslubda uğurlu səhnə əsəri ərsəyə gəlib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmovdur. Səhnə əsərində üslub vəhdəti, teatrallıq, yaradıcı heyətin böyük eşq və həvəslə rejissor fikrini parlaq ifadə etməyə çalışdığı görünür. Bu da tamaşanın əsas ideyasını, dərin fəlsəfi məzmununu açmağa kömək edir.
Gənclərin cəmiyyətlə münasibəti, sevgi xətti, həyatda qarşılaşdıqları çətinliklər, sosial maneələrə müqavimət hissi vahid dramaturji süjet xəttinə tabe etdirilir. Müəllifin təbirincə desək, əsər yalnız bir dramaturji təcrübə deyil, eyni zamanda, onun illərlə qəlbində yetişdirdiyi duyğuların, düşüncələrin və həyat fəlsəfəsinin poetik ifadəsidir.
Tamaşadan əvvəl çıxış edən tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir bildirdi ki, əsərdə hər bir insanın həyatdakı “ümid payı”, bu ümidin arxasınca gedənlərin yaşadığı daxili ziddiyyətlər və həyata bağlılıq hissləri poeziya ilə dolu dillə təqdim olunur. Tamaşanın sonunda isə klassik sonluqdan fərqli olaraq, final açıq və sual işarəsi ilə bitir, tamaşaçını düşünməyə vadar edir.
Bəzi hallarda valideynlər fərqinə varmadan gənclərin sevgisinə mane olur, onların ülvi duyğuları maddiyyatın qurbanı olur və bu da onların mənəvi dünyasının dağılmasına səbəb olur. Bu məqamlarda onların hiss və duyğuları imtahana çəkilir. Biri iradəli olsa da, o biri iradəcə zəif olur. Bəzən də bu süni manelər faciə ilə nəticələnir. Belə hallarla azmı rastlaşırıq? Müəllif bu məqama diqqət çəkir və sevən aşiqlər üçün ümid işığı buraxır. Bu ümidə sığınıb onun işğında isinmək olar. Səhnədə bu gəncləri əhatə edən qeyri-sağlam mühiti görürük. Bu mühitdə yaşanan ziddiyyətlər dramaturq tərəfindən uğurla öz bədii həllini tapır. Aktyorların oyunundakı daxili hərarət, temperament tamaşaçını ələ alır, duyğulandırır, onlar özlərini hadisələrin iştirakçısı kimi hiss edirlər. İki sevən gəncin qovuşmasını sidq-ürəkdən arzulayırlar.
Arzulara gedən yolları ümid işıqlandırır. Personajlarla birlikdə tamaşaçıların da qəlbində bir ümid işığı közərir. Hər şeyin xoşbəxt sonluqla bitəcəyi ümidilə zalı tərk edirlər. Hər kəs bu tamaşadan ürəyində bir ümid işğı apardı. Çox güman ki, dəyərli yazıçımız Zemfira Məhərrəmli bundan sonra da müasirlərimizin həyatından bəhs edən maraqlı dram əsərləri ilə tamaşaçıları və qələm dostlarını sevindirəcək.
Tamaşada əsas obrazları Zəhra Salayeva, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev və Cavidan Kəsəmənli canlandırıb. Səhnə əsərinin quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azər Məmmədovdur.
Kənan HACI