Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azərbaycan kinooperatorları” kitabı ərsəyə gəlib. Topluda kinooperatorların dünyanı necə fəth etməsi, rejissor və operator işi, ssenarist təxəyülü barədə yazılar, eləcə də Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev kimi kinooperatorların keçdiyi həyat yolu, yaradıcılığı barədə portretlər yer alıb.
Dərs vəsaiti olaraq nəzərdə tutulmuş kitab ustad kinematoqrafçıların kino sahəsində miras qoyduqları təcrübədən yararlanmaq, görkəmli kinooepartor, rejissor, rəssam, aktyor və bəstəkarların özünəməxsus kino dəst-xəttini öyrənmək baxımından gərəkli mənbədir. Nəşrdə ümumi məlumatlarla yanaşı, kino sənətinin özəlliklərinə də yer ayrılıb.
Toplunu 16 bədii və 30-dan çox sənədli filmlər çəkmiş, yüksək kateqoriyalı kinooperator Rafael Qəmbərov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin operator sənəti fakültəsinin IV kurs tələbələri tərtib ediblər. Kitabın redaktoru Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas İntiqam Qasımzadə, rəyçilər Əməkdar incəsənət xadimləri, rejissor Hüseyn Mehdiyev və operator Rafiq Quliyevdir. Vəsaitə peşəkar mütəxəssislərlə yanaşı, gənc kinematoqrafçılar Məmməd Əmin Əlizadə, Sadiq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun məqalələri də daxil edilib.
S.FİDAN
XQ