AMEA-nın Folklor İnstitutunun strukturunda müasir dünyanın çağırışlarına müvafiq olaraq rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb. Bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Xankəndi şəhərində – Qarabağ Universitetində keçirilən xüsusi iclasında qəbul edilib.
Yeni şöbənin yaradılması “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilən prioritetlərə müvafiq olaraq, AMEA-da həyata keçirilən islahatlar fonunda humanitar və ictimai elmlərdə rəqəmsal transformasiyanın genişləndirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi zərurətinə əsaslanır.
Folklor İnstitutunun direktoru, filologiya elmləri üzrfəlsəfə doktoru Hikmət Quliyev “XQ”-yə açıqlamasında yeni şöbənin gələcək fəaliyyət istiqamətləri barədə danışdı:
– Rəqəmsal texnologiyaların, elektron mühitin, qlobal informasiya şəbəkəsinin mövcudluğu elmin bütün sahələrində olduğu kimi, folklorşünaslıqda da yeni istiqamət və təmayüllərin meydana çıxarılmasını zəruri edir. Bu baxımdan milli təhlükəsizliyin əsas komponentlərindən olan milli-mənəvi dəyərlərin qorunması, xalq mədəniyyətinin, folklorun müasir dünyanın tələblərinə müvafiq şəkildə informasiya təhlükəsizliyi kontekstində araşdırılması kifayət qədər aktual məsələdir.
Hazırda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların əsas istiqamətlərindən biri, dövlətimizin milli maraqlarını və dünya üzrə inkişaf edən qabaqcıl trendləri nəzərə alaraq, humanitar və ictimai elmlər sahəsində rəqəmsal texnologiyaların və süni intellekt metodlarının tətbiqinin artırılması, süni intellekt texnologiyalarının etik prinsiplərinə dair tədqiqatların genişləndirilməsi və bu sahədə kadr potensialının inkişafına diqqətin gücləndirilməsidir. Elə bizim institutda yeni şöbənin yaradılması da bu istiqamətə xidmət edir.
Yeri gəlmişkən deyim ki, bu sahə mənim son illərdəki doktorluq araşdırmalarımın mövzusu ilə sıx bağlıdır. Buna görə də indiyədək olan pərakəndə çalışmalarımızı akademiya rəhbərliyinin təşkilati dəstəyi ilə daha institusional etməkdə qərarlıyıq. Hələlik daxili imkanlar və mövcud ştat vahidləri hesabına çalışacaq şöbəyə mən rəhbərlik edəcəyəm.
Rəqəmsal hökumət və rəqəmsal cəmiyyət prinsipləri əsasında fəaliyyəti nəzərdə tutulan bu şöbədə yalnız ənənəvi ünsiyyət kontekstində deyil, həm də virtual mühitdə meydana gələn folklor prosesləri və bu proseslər nəticəsində yaranan xalq yaradıcılığı nümunələrinin sistemli şəkildə araşdırılması həyata keçiriləcək. Şöbə Azərbaycandilli virtual folklor mühitində – sosial şəbəkələrdə, onlayn platformalarda yayılan memlər, deyimlər, internet nağılları və digər rəqəmsal folklor nümunələrinin toplanması, təhlili və arxivləşdirilməsi ilə məşğul olacaq.
Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsinin fəaliyyət istiqamətləri genişdir. Buraya əsasən internet folklorunun nəzəri-metodoloji problemləri çərçivəsində Azərbaycandilli virtual folklor mühitinin spesifikasının tədqiqi, sosio-texnoloji və texno-kulturoloji mühitdə folklorun təbiətinin araşdırılması, süni intellekt və folklor münasibətlərinin öyrənilməsi, rəqəmsal folklor nümunələrinin (memlər, onlayn nağıllar, deyimlər və s.) toplanması, təsnifatı və arxivləşdirilməsi, Azərbaycandilli virtual sosial platformalarda folklorlaşma proseslərinin netnoqrafik metodlarla tədqiqi, milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılması və strukturlaşdırılması, elmi-etik prinsiplər gözlənilməklə süni intellekt texnologiyalarının (mətn analizi, avtomatik klasterləşdirmə və s.) tətbiqi ilə folklor materiallarının təhlili, eləcə də rəqəmsal folklorun milli kimlik, kollektiv yaddaş və ictimai özünüifadə vasitəsi kimi öyrənilməsi daxildir.
İnanırıq ki, yeni təşəbbüs sayəsində qədim folklor nümunələrimizin ömrü daha da uzanacaq, şifahi xalq yaradıcılığının bütövlüyü və tamlığının qorunub saxlanması daha da etibarlı olacaq.
Əli NƏCƏFXANLI
XQ