1993-cü ilin 15 iyunu– Azərbaycan xalqı üçün sadəcə bir siyasi dönüş tarixi deyil, eyni zamanda mənəvi bir dirçəlişin başlanğıcı günüdür. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması, dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunması mahiyyətcə yalnız dövlət idarəçiliyində deyil, həm də Azərbaycan incəsənətində, xüsusilə də rəssamlıq sənətində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalıb.
Qurtuluş Günü ərəfəsində həmsöhbətimiz olan sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, Prezident təqaüdçüsü Ziyarət Cabarova–Qəhrəmanova bizə bu barədə ətraflı danışdı. Onun dediklərini oxuculara təqdim edirik:
– Xatirəsini minnətdarlıq və qədirbilənliklə yad etdiyimiz Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939–1941) və rəssamlıqla məşğul olması, gözəlliyi duyub dəyərləndirmək istedadı bir Tanrı lütfü idi. Sovet dönəmində Bakı kimi böyük bir şəhərdə bir dənə də olsun, müasir tələblərə cavab verən sərgi salonunun yoxluğunu qəbul edə bilməyən Ulu öndər əvvəlcə belə bir mədəniyyət mərkəzinin yaradılmasına qərar verdi. Paytaxtın lap mərkəzində Hökumət Evinin yaxınlığında əsasən tanınmış ziyalıların yaşadıqları çoxmərtəbəli yeni binanın iki mərtəbəsində 70-ci illərin əvvəllərində geniş və işıqlı sərgi salonu açıldı. Rəssam emalatxanalarının sayı çoxaldı. Ölkədə təşkil olunan maraqlı sərgilərin açılışında Heydər Əliyev şəxsən
iştirak edirdi. Onun diqqəti sayəsində yüzlərlə fırça və tişə ustası fəxri adların daşıyıcısı olub, onlarla yaradıcı Dövlət mükafatına layiq görülüb. Sənətkarların milli mədəniyyətimizin inkişafına xidmətləri də Heydər Əliyevin nəzərindən qaçmayıb və onların xatirəsi layiqincə əbədiləşdirilib.
Ümummilli lider Heydər çıxışlarında dəfələrlə vurğulayıb: “Bir milləti yaşadan yalnız onun torpağı deyil, eyni zamanda, onun ruhu, tarixi, sənətidir”. Məhz bu baxışdan çıxış edərək demək olar ki, Milli Qurtuluş Günü Azərbaycan rəssamlarının ruhunun da azadlığa qovuşduğu gündür. Çünki sənət azad nəfəs, sərbəst düşüncə tələb edir. Rəssamlarımız artıq yalnız siyasi sifarişlə yox, öz ruhlarının diqtəsi ilə işləməyə başladılar. Qədim motivlərə, miniatür sənətinə, xalça ornamentlərinə dönüş başlandı. Bu, sadəcə estetik seçim deyil, milli kimliyin rəssamlıq dili ilə bərpa olunması idi.
O illərə qədər çox zaman ideoloji məhdudiyyətlər və inzibati təzyiqlərlə üz-üzə qalan sənətkarlar, artıq böyük həvəslə ürəklərinin səsini dinləməyə, xalqın taleyini rənglərlə ifadə etməyə başladılar. Həmin dövrdən başlayaraq Azərbaycan rəssamları artıq qorxmadan çəkə bildi. Millətin ağrısını da, sevincini də, tarixini də silinməz tablolara köçürdülər. Kətanlar üzərində hər bir fırça hərəkəti vətənə, milli birliyə və gələcəyə inamın simvoluna çevrildi.
Heydər Əliyevin ideoloji dəstəyi ilə 90-cı illərin sonlarından etibarən Azərbaycanın tarixi şəxsiyyətləri, dövlətçilik ənənələri, qəhrəmanlıq motivləri rəsm əsərlərində geniş yer almağa başladı. Bu, xalqın kollektiv yaddaşını möhkəmləndirən vizual tarix yaradırdı. Rəssamlar artıq xalqın ruhi dirçəlişində iştirak edən bir fikir daşıyıcısı oldular.
Bu gün dünya muzeylərində, mötəbər sərgilərin ekspozisiyalarında Azərbaycan ünvanlı təsviri sənət nümunələri bol-bol nümayiş etdirilir. Fırça və tişə ustalarımız Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovdünyada tanınırlar. Onların və ardıcıllarının ərsəyə gətirdiyi rəngarəng əsərlər qalereyalrda sərgilənən tək tablo yox, daha çox millətin qürur hissinin təzahürü olan estetik bir bəyanatdır. Dövlətimizin yaratdığı imkanlarla rəssamların fəaliyyəti yetərincə stimullaşdırılır, beynəlxalq inteqrasiya imkanları genişləndi. Bu, həm sənətkarın, həm də milli sənətin dünyaya cəsarətli çıxışı deməkdir.
Bu gün Milli Qurtuluş Günü incəsənətdə tabloların, heykəllərin, qrafik əsərlərin, hətta teatr və musiqi səhnələrinin mövzu mərkəzinə çevrilib. Şairlər bu günü poetik dillə əbədiləşdirib, bəstəkarlar musiqi ilə ruhlandırıb, rəssamlar isə canlı yaddaş kimi tarixə köçürüblər. Hər bir sənət sahəsində bu günün izi, bu ruhun nəfəsi hiss olunur. Azərbaycan rəssamları 15 İyunla bağlı yaratdıqları əsərlərdə yalnız hadisəni deyil, onun ruhunu – milli qurtuluşun gətirdiyi mənəvi azadlığı, ideoloji sabitliyi və ümumxalq birliyini tərənnüm ediblər. Heykəltəraşlıq nümunələrində xalqın dirənişi, qrafik lövhələrdə dövlətin sütunları, tabloların rənglərində isə vətənin ruhu yaşayır.
Milli Qurtuluş ideyasının davamlılığı üçün vacib amillərdən biri isə gənc rəssamların yetişdirilməsi idi. Azərbaycan Rəssamlıq Akademiyası və digər sənət təhsil ocaqlarında yaradılan mühit, bu gün müasir sənətçilərimizin uğurunun əsasını təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər xalq öz mədəniyyətini yaşadırsa, demək ki, onun gələcəyi var.” Bu fikrin sənətdəki qarşılığı isə çox aydındır: sənət – xalqın susmayan şahididir. Rəssamın işi, yalnız bir tablo çəkmək deyil, xalqın tarixi yaddaşını formalaşdırmaq, milli kimliyi qorumaq və gələcək nəsillərə ərməğan etməkdir.
Hazırladı:
Ə.ƏLİYEV
XQ