Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov toplantının önəmini qeyd edərək söyləyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər iki tarixi hadisənin müstəqillik epoxamıza qızıl hərflərlə yazıldığının və xalqımızın yaddaşında əbədiyaşarlıq qazandığının parlaq göstəricisidir. Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir. Qarabağ zəfəri isə ərazi bütövlüyümüzü bərpa etməklə dövlət suverenliyimizi də ölkə miqyasında bərqərar etdi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi himayəçilik şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, müstəqil dövlətimizin konstitusiyası ölkədə yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunmasına, onların azad şəkildə öz mədəniyyətlərini, dillərini və ənənələrini yaşatmasına zəmanət verən əsas hüquqi sənəddir. Konstitusiyada təsbit olunmuş multikultural dəyərlər Azərbaycanın tarixindən, onun çoxmillətli və çoxkonfessiyalı cəmiyyət quruluşundan qaynaqlanır. Akademik qeyd edib ki, Azərbaycan dövləti etnik və dini müxtəlifliyi milli sərvət kimi qəbul edir və bu müxtəlifliyin qorunması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavini Musa Qasımlı qeyd edib ki, konstitusiya ölkənin siyasi sabitliyinin və demokratik inkişafının əsas hüquqi çərçivəsini müəyyənləşdirir və burada əks olunan multikultural dəyərlər tarixən formalaşmış milli birlik və tolerantlıq ənənələrinin davamıdır. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, konstitusiya azadlıq və tolerantlıq prinsiplərinin dövlət siyasətinə çevrilməsini təmin edir və bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırır.
Milli Məclisin deputatları Tural Gəncəliyev, Mixail Zabelin Azərbaycan cəmiyyətində multikultural dəyərlərin möhkəmlənməsində parlamentin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə insan hüquqlarının qorunması sahəsində konstitusiyanın əsas rolunu diqqətə çatdırıb və bildirib ki, bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski çıxışlarında qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Əliyev deyiblər ki, Azərbaycanın Konstitusiyası milli-mədəni dəyərlərin qorunmasına, dini və etnik müxtəlifliyin inkişafına imkan verən hüquqi baza yaradır və bu da dövlətin multikulturalizm siyasətinin davamlılığını təmin edir.
Konfransda “Heydər Əliyev və Azərbaycan Multikulturalizmi” sənədli filmi nümayiş olunub.
T.RÜSTƏMLİ
XQ