Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində iki layihə həyata keçirmişik – QHT sədri

post-img

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2023-cü və 2024-cü illərdə iki layihə həyata keçirmişik. Layihələrin əsas məqsədi Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı çıxışında tövsiyələrin yerinə yetirilməsi ilə bağlı olub. Birinci layihədə Avropada yaşayan Qərbi azərbaycanlılar mövzusunu seçdik. Tarixin müxtəlif dövrlərində erməni qırğınlarından Türkiyəyə və digər Avropa ölkələrinə qaçmış soydaşlarımızın iştirakı ilə böyük layihə həyata keçirdik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılov söyləyib.

İkinci layihənin 2024-cü ildə həyata keçirildiyini bildirən İ. İsmayılov əlavə edib ki, tədbirin mövzusu Qərbi Azərbaycana Qayıdışın hüquqi aspektləri və təminat məsələsinə həsr olunmuşdu. “Konfransda qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtmaları üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq tədbirləri təqdim edilib. Eyni zamanda, Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən “Zəngəzur” sənədli filmi nümayiş olundu”, - deyən QHT sədri əlavə edib ki, layihəni Haaqa və Brüssel şəhərlərində reallaşdırıblar. Məqsəd isə azərbaycanlıların öz tarixi torpaqlarına dinc yolla qayıdışı və təhlükəsiz yaşayışı məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub.

“Tarixin müxtəlif dövrlərində torpaqlarımızdan özü və ya ailəsi deportasiya olunmuş şəxslər dədə-baba torpaqlarımızda yaşamaq haqqını tələb edirlər. Həmçinin tədbirlərimizin qətnamələrini, qərarlarını da İnsan Haqları Məhkəməsinə, Avropa Şurasına, Avropa Parlamentinə təqdim edirik”, - deyə o vurğulayıb.







Son xəbərlər