Məlum olduğu kimi, Prezident İlham Əliyev aprel ayında Çinə dövlət səfəri zamanı Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verən zaman qarşısındakı masaya Azərbaycanın milli atributları kimi “İstisu”, bütöv bir limon və armudu stəkanda çay qoyulub. Bu, həm də ölkəmizdə ən sevimli içki sayılan çayın ilkin olaraq Çinə mənsubluğuna işarə idi.
Bəs Azərbaycana çay həqiqətənmi Çindən gəlib? Elədirsə, nə vaxt və necə?
Fakt budur ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, onun elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıb. Beləliklə, çay Azərbaycan mətbəxinin dadlı təamları ilə birləşərək milli atributumuza çevrilməyi bacarıb.
Maarifçi və etnoqraf Əhməd Nəbiyevin (1885-+1970) Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda, 486 inventar nömrəsi altında mühafizə olunan əlyazmasında çayın Böyük İpək Yolu üzərində yerləşən Şəki şəhərinə gətirilməsi haqqında yazdıqları maraqlıdır. Ə.Nəbiyev qeyd edir ki, yaşlı adamların dediyinə görə, 100–150 il bundan qabaq Şəkidə çay içmək nədir, bilməzdilər. Şəkiyə çay XIX əsrdə Çin və Hindistandan gətirilib. Yerli əhali quru çaya çay xatası, yəni xatay-kitay deyirmiş. “Xata” sözü günümüzdə də Şəkinin bəzi kəndlərində işlənməkdədir.
İlk zamanlar Şəkidə müştərisi çox olmayan çayın necə dəmləndiyini Ə.Nəbiyev belə izah edir: “O zaman mis qulplu qazanın ortasında külbəsi olurdu. Qazanı su ilə doldurub külbəsinə kömür töküb qızdırardılar. Qaynayanda içinə döyülmüş darçın, zəncəfil tozu töküb iki əlində qulplu qazan dükanbədükan gəzdirib çay satardılar... Axır zamanda XIX əsrin əvvəlindən başlayaraq Həvə Qədir adlı birisi bu cür bütün yuxarı bazarı gəzərək çay təklif edərdi. O, Omar Əfəndi məscidinin üstündə bir balaca evdə arvadı ilə yaşayırdı. Get-gedə, təxminən 1860-cı ildən çayçı dükanları – çayxanalar açılmağa başladı. Rusiyadan böyük, qulplu samovarlar alınmağa başlandı. Rus samovarı çıxandan sonra bu qazanların adı çaydan oldu”.
Bu gün artıq bütün Azərbaycanda çay milli içki kimi qəbul olunur və tanıdılır. Müxtəlif şirniyyat və mürəbbələrlə armudu stəkanda təqdim olunan və limonla içilən çay Azərbaycan mətbəxinin bir parçası olmaqla yanaşı, Şərqin bir-birindən uzaq iki ölkəsini birləşdirən dərin tarixi əlaqələrinin sübutudur.
Zəminə RƏSULOVA,
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi