IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Bəxtiyar Vahabzadə - 100 paneli” keçirilib

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Akademiya parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Bəxtiyar Vahabzadə - 100 paneli” keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Ədəbiyyat İnstitutunun, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru, dosent Eşqanə Babayevanın moderatorluğu ilə baş tutub.

Paneli giriş sözü ilə açan akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamı ədibin yaradıcılığını yenidən tədqiq etmək üçün alimlərimiz qarşısında geniş imkanlar açıb. Vurğulayıb ki, dövlət başçısının Sərəncamından irəli gələrək AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub və görkəmli Xalq şairinin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə Akademiyanın elmi müəssisə və təşkilatlarında geniş Tədbirlər planı icra edilir.

Bəxtiyar Vahabzadənin milli istiqlal düşüncəsi və azadlıq eşqi ilə yaşadığını deyən akademik İsa Həbibbəyli şairin hələ sovet hakimiyyəti illərində yazdığı “Gülüstan” poeması ilə bu ideyalarını tərənnüm etdiyini, ana dilimiz haqqındakı cəsarətli şeiri ilə milli özünüdərkin inkişafına çalışdığını söyləyib. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi həm də daim Türk dünyasının birliyinə çalışıb və bu gün onun uğrunda mübarizə apardığı idealları Prezident İlham Əliyev inamla həyata keçirir. Bildirib ki, dövlət başçımızın həyata keçirdiyi tarixi missiya ilə bu gün Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətində yaxından iştirak etməklə Türk dünyasının birliyinə misilsiz töhfələr verir.

“Bəxtiyar Vahabzadə - 100 paneli”ndə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, filologiya elmləri doktoru, dosent Vaqif Yusifli, filologiya elmləri doktoru, dosent Esmira Fuad və filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığına toxunub, onun xalqımızın milli təfəkkürünün və azadlıq ideyalarının inkişafındakı rolunu yüksək qiymətləndiriblər.





Mədəniyyət