Milli mətbuatın yubileyinə həsr olunmuş kitab sərgisi

post-img

Milli mətbuatın 150 illiyi ilə əlaqədar Sumqayıt Dövlət Universiteti (SDU) və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkil etdikləri kitab sərgisinin açılışı olub. Sərgidən əvvəl universitetin kiçik akt zalında “Mətbuatın şərəfli yolu” adlı panel müzakirələri aparıldı. “Əkinçi” ilə başlanan yeni era” mövzusunda videoçarx göstərildikdən sonra ali təhsil ocağının rektor əvəzi Əminağa Sadıqov deputatları, naşirləri, media mənsublarını salamladı və tədbirin məramını açıqladı. O, hazırkı informasiya bolluğunda, süni intellekt şəraitində ənənəvi medianın rolu, ixtisaslaşmanın, dürüst məlumatlar yaymağın vacibliyi barədə danışdı və mətbuatla bağlı olan hər kəsə uğurlar dilədi.

Yaradıcı fəaliyyyəti media ilə sıx bağlı olan Xalq şairi Sabir Rüstəmxanlı 150 yaşlı “Əkinçi”nin işığında anadilli mətbuatımızın yüksəlişini yüksək dəyərləndirdi. Hələ universitetin 4-cü kurs tələbəsi olduğu vaxtlardan “Ədəbiyyat” qəzetində müxbirliyə başlamış, sonralar “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, xalq azadlıq hərəkatı zamanı əl-əl gəzən ilk müstəqil “Azərbaycan” qəzetini biraxmış, mətbuat və informasiya naziri işləmiş, daim mətbuatın və söz sənətinin dünyaya çıxışı yolunda fəal çalışmaları ilə fərqlənmiş Sabir Rüstəmxanlı “Müstəqillik dövründə mətbuatımızın azadlığı və inkişafı” mövzusunda danışdı. Bugünkü Azərbaycan özəlliklərinin bir səbəbinin də Həsən bəy Zərdabi kimi milli ruh daşıyıcıları, böyük fikir adamları olduğunu vurğuladı. Hazırkı dövrdə jurnalist peşəkarlığının vacibliyini önə çəkən Xalq şairi ana dilimizin saflığı uğrunda jurnalist səylərinin xüsusilə vacib olduğunu diqqətə çatdırdı.

Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Məmmədov “Cəmiyyətin inkişafında medianın rolu” ilə bağlı düşüncələrini bölüşdü. Media savadlılığı və intellektual millətçilik, cümhuriyyətçilik, müstəqillik aspektlərinə diqqəti cəlb etdi. Konstitusiyada təsbit edilmiş düşüncə və əqidə azadlığı hüquqlarının mətbuat vasitəsilə çəmiyyətə transformasiya olunduğunu faktlarla əsaslandırdı.

Paneldə iştirak edən digər deputatlar – “Ədəbiyyat” qəzetinin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova və “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə çıxışlarında Vətən müharibəsi və mətbuat, media savadlılığı kimi məsələləri incələdilər. Ali Baş Komandanımız İlham Əliyevin siyasi, hərbi sahələrdəki uğurları qeyd edildi, eyni zamanda, 44 günlük Vətən savaşı zamanı Azərbaycan rəhbərinin xarici mediaya 30-dan artıq müsahibə verməsi mətbuat tariximizin şərəfli səhifəsi kimi dəyərləndirildi. Natiqlər bu gün də davam edən informasiya savaşında jurnalistlərin müstəsna rolundan danışdılar. Görmək, yazmaq, düşünmək və düşündürmək, maarifləndirmək, milli məfkurəni uca tutmaq, cəmiyyəti daha da saflaşdırmaq missiyasının məhz medianın çiyinlərinə düşdüyü bildirildi.

Kitabxana-informasiya mərkəzi ilə tanışlıqdan sonra SDU-nun qarşısında 4-cü Sumqayıt kitab sərgisinin açılışı oldu. Milli mətbuatımızın görkəmli nümayəndələri Həsən bəy Zərdabi (“Əkinçi” qəzeti), Əlimərdan bəy Topçubaşov (“Kaspi” qəzeti), Əli bəy Hüseynzadə (“Füyuzat” jurnalı), Əhməd bəy Ağaoğlu (“Həyat” qəzeti), Cəlil Məmmədquluzadə (“Molla Nəsrəddin” jurnalı), Xədicə Əlibəyova (“İşıq” qəzeti) və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrlaşdırılmış obrazları kitabsevərləri bədii dillə salamladılar. Musiqili çıxışlar mərasimə xüsusi rəng qatdı. Qonaqlar ANAİB üzvü olan kitab istehsalçılarının sərgisi ilə tanış oldular, bəyəndikləri nəşrləri aldılar. Sərgi çərçivəsində yazıçı Varis, naşir Şəmil Sadıq, hərbi jurnalist Surxay Məmməd, psixoloq Elbrus Kəlbiyev və başqaları ilə yaddaqalan görüşlər də keçirildi. Bu gün isə seminarlar, oxu marafonu, imza mərasimləri, ustad dərsləri olacaq. Proqrama 28 May Müstəqillik Gününə həsr olumuş bayram konserti ilə yekun vurulacaq.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət