Mayın 16-da Qırğız Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Qırğızıstanın əməkdar həkimi Akif Alaferdovun “Repressiyaya məruz qalan Qırğızıstan azərbaycanlıları” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə səfir Lətif Qəndilov, Qazaxıstanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Rapil Joşıbayev, QR sabiq xarici işlər naziri Əsgər Aytmatov, Qırğızıstanın keçmiş baş nazirinin müavini, Qırğızıstan Respublikasındakı Almanlar Xalq Şurasının sədri Valeri Dil, QR-nın qəhrəmanı, akademik Mitalip Mamı, QR əmək qəhrəmanı, ictimai xadim Əsgər Salımbekov, o tanınmış alimlər, hüquqşünaslar, Qırğızıstan Xalq Assambleyasının və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Repressiyaya məruz qalan Qırğızıstan azərbaycanlıları” kitabının repressiya qurbanlarının xatirəsinə ehtiram kimi qiymətləndiriblər və müəllifə bu çətin işi öz üzərinə götürdüyü üçün təşəkkür ediblər.
Səfir L.Qəndilov çıxış edərək bildirib ki, Azərbaycanda elə bir ailə yoxdur ki, repressiyaya məruz qalmasın. Sovet İttifaqında bir çox xalqlar repressiyaya məruz qalıblar, lakin Azərbaycan xalqı son yüz ildə bir neçə dəfə repressiya dəhşəti ilə üzləşib. Bütün bunlar tarixin ən dəhşətli, faciəli səhifələridir. Səfir repressiya illərində soydaşlarımızın sağ qalmasına kömək etdikləri üçün qırğız və qazax xalqına təşəkkür edərək, qırğızların və qazaxların o çətin günlərdə köməyi və mərhəməti nəticəsində çox sayda insanın həyatda qaldığını bildirib. O, Qazaxıstanda səfir işlədiyi dövrdə repressiyaya məruz qalan azərbaycanlılarla dəfələrlə görüşdüyünü, onların dözülməz cəhənnəm əzabını yaşadıqları ilə bağlı xatirələrini dinlədiyini söyləyib. Səfir bildirib ki, o vaxtlar 2009-cu ilin may ayını 31-də Karaqanda şəhərinin yaxınlığında Karlaq deyilən yerdə Stalin repressiyası nəticəsində Qazaxıstana sürgün olunmuş 150 min azərbaycanlının xatirəsinə ehtiram olaraq abidə ucaldılmasına nail olub. Səfir eyni zamanda, 1948-1953-cü illərdə Azərbaycan xalqının indiki Ermənistan ərazilərindən öz dədə-baba yurdlarından əsassız olaraq deportasiya edilmələrindən, bu deportasiya siyasəti nəticəsində minlərlə soydaşımızın həlak olması barədə tədbir iştirakçılarına geniş məlumat verib və azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunmaları ilə bağlı SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci tarixli qərarını ekranda tədbir iştirakçılarına nümayiş etdirib.