“Yetmişincilər”in 70 yaşlı Vaqifi

post-img

Vaqif Bəhmənli – 70

Vaqif Bəhmənli ilə – Vaqif Quliyevlə özümüzdən qabaq sözümüz görüşmüşdü – “Bakı” qəzetində, 30 mart 1973-cü ildə. Onun “Tumurcuq” şeiri ilə bir səhifədə mənim də “Elə hey yazırsan”, “Misram dağdan su içə” adlı şeirlərim dərc olunmuşdu. 

Mən ADU-nun (indiki BDU-nun) Jurnalistika fakültəsinin birinci kurs tələbəsi idim. Ancaq bilmirdim ki, bir neçə aydan sonra bu fakültəyə sözünü görüb, üzünü görmədiyim Vaqif Quliyev də qəbul olunacaq və biz eyni müəllimlərdən dərs alıb, eyni ədəbi dərnəklərə gedəcək və eyni mətbuat orqanlarında çap olunacağıq.

İndi bilmirəm necədi. O İllərdə jurnalistika, filologiya fakültələrinə qəbul olunan tələbələrin əksəriyyəti şeir yazırdı – buna şeir demək mümkünsə. Bu, gəncliyin qanına işləyən romantik əhvaldan və ixtisas seçiminin “yan təsirlərindən” irəli gəlirdi. Ancaq, birinci kursda 15 nəfər “şeir” yazırdısa, ikinci kursda 5-i qalırdı – “şair” kimi. Və beləcə, ələk-xəlbirdən sonra axırıncı kursa bir-iki həqiqi şair qalırdı. 

Məndən bir yaş və bir kurs kiçik olan Vaqifin isə tanış olduğum gündən fitrətən şair doğulduğunu hiss etmişdim. Universitetin bayram tədbirlərində, tələbələrlə müxtəlif görüşlərdə Vaqifin oxuduğu şeirlər auditoriyanı aramsız alqışlarla silkələyərdi. Nə idi onun şeirlərindəki bu möcüzə? Səmimiyyət! Bəli, hər kəlməsinə, hər misrasına hopmuş səmimiyyət. Bu məqamda demək istərdim ki, səmimiyyət, bəlkə də, yaradıcılıq potensialının cövhəri dəyərindədir:

Nəfəsim alışıb gör necə yandı, 

Yalvarram, o qızdan aralan, üzük.

Bəxtimə dolanan qızıl ilandı

Sənin barmağında saralan üzük. 

 

(“Üzük) 

Yaxud: 

 

Doqqaz dinsə taqqa-taq

Bilərdim bu səs nədi. 

Soruşardın çaparaq:

“Mənim nənəm sizdədi?”

 

(“Mənim nənəm sizdədi?”)

 

Yaxud: 

 

Dünyanın təzə bir səhəri gələr, 

Yollar nəğməsini ucaldar, yayar.

Köhnə küçələrin baharı gələr, 

Səki uşaq-uşaq tumurcuqlayar – 

Bağça uşaqları yola çıxanda. 

 

(“Bağça uşaqları yola çıxanda”) 

Yaradıcılığının ilk mərhələsindən bəlli olan bu şeirlərin sayını artırmaq da olar. Az qala tələbə yoldaşlarının, qələm dostlarının əzbər bildikləri bu şeirləri sevdirən, yaddaşa hopduran cəhət öncə sözün cövhərindəki səmimiyyət idi. Zaman keçdikcə “Tumurcuq” şeirinin müəllifi “yarpaqlamağa”, “budaqdan yeni budaq” kimi şaxələnməyə başladı. 

Nəsildaşları arasında poetik istedadı və məhsuldarlığı ilə sayılıb-seçilən Vaqif Bəhmənli çağdaş poeziyamızın görkəmli nümayəndəsi kimi kütləvi oxucu auditoriyasının və elmi-ədəbi mühitin diqqətini çəkdi. Yaradıcılığı barədə saysız-hesabsız məqalələr yazıldı, şeir və poemaları ciddi araşdırmalar predmetinə çevrildi. 

İxtisasca jurnalist olan V.Bəhmənli müxtəlif illərdə, müxtəlif mətbuat orqanlarında rəhbər vəzifələrdə çalışdı. Bu vaxta qədər onun publisistika sahəsində fövqəl istedadını təsdiqləyən minlərlə məqaləsi dərc olunub ki, bunların da əksəriyyəti tarixə qovuşan tarixi yazılardır. Eləcə də, onun tatar, rus, türk ədəbiyyatından dilimizə çevirdiyi iri həcmli proza və poeziya nümunələri ədəbi əlaqələr baxımından olduqca dəyərlidir. 

Bütün bunların kökündə və təməlində heç şübhəsiz ki, Vaqifin şairliyi dayanır. Yəqin ki, o, özü də publisist, tərcüməçi kimi şairliyinə borcludur: 

 

Yaxşı ki, göylərdə yaşayıram mən,

Cənnət adamı tək gözüm-könlüm tox. 

Dünyaya can verdim heç düşünmədən, 

Dünyadan bir çöp də umacağım yox. 

 

(“Göy adamı”)

“Göylərdə yaşayan” bir adamın – şairin publisistikası da, tərcüməsi də şairanə olar! Həqiqətən, elə mövzular var ki, onu poetik müstəviyə gətirmək olmur. Vaqifin tanınmış şəxsiyyətlər haqqında yazdığı portret oçerklər və monoqrafik kitablar heç də onun poetik yaradıcılığından geri qamayan dəyərlər toplusudur. Bu baxımdan onun “Vətənin ilhamı. Ömürdən reportaj”, “Azərbaycanın xalq bayramı – Novruz”, “Maqomayev planeti”, “Heydər Əliyev adına”, “Hüsenqulu Sarabiski”, “Qəzənfər Paşayev”, “İri planda Qulu Məhərrəmli”, “Sözün canı” kimi əsərləri sadəcə publisistik meyarlara cavab verən nümunələr deyil, həm də ciddi elmi-ədəbi araşdırmaların nəticəsidir. 

Bunlar həm də qədirşünaslığın bariz nümunəsidir.  Vaqif bütün varlığı ilə millidir, millətsevər, yurdsevərdir. Şeirlərinin birində yazır: 

Baxıb gözündən olan, 

Dünya dizindən olan, 

Özü özündən olan

Balaca bir adamam. 

 

Yaradıcılığı hələlik 15 cildə sığan bir söz sənətkarının özünə “balaca bir adam” deməsinə inanmasam da “dünyanın dizindən olmasına” inanmağım gəlir. Müxtəlif ədəbi görüşlərdə, poeziya festivallarında, seminarlarda Vaqif Bəhmənli ilə çiyin-çiyinə olmağımdan həzz almışam. Bu tədbirlərin ikisi mənim yaddaşıma əbədi həkk olunub: Gənc ədiblərin Şüvəlan seminarı və Gürcüstanda keçirilən “Mayakovski poeziya günləri”.  

1976-cı ildə Sov.İKP MK-nın (sovetsiyasi rəhbərliyinin– A.C.) yaradıcı gənclərə qayğı ilə bağlı xüsusi bir qərarı çıxanda Azərbaycan Yazıçılar İttifaqı bu qərardan irəli gələn vəzifəsini yerinə yetirmək üçün istedadlı gənclərin  müsabiqəsini təşkil etmişdi. Münsiflər heyətinin ciddi imtahanından keçən gəncləri bir aylıq seminara – yazıçıların Şüvəlanda yerləşən yaradıcılıq evinə aparmaq qərarı verilmişdi. O dövrün gənc qələm sahibləri sırasında Afaq Məsud, Mahirə Abdulla, Mənzər Eynullayeva, Sultan Mərzili, Ağacəfər Həsənli, İslam Türkay, Tofiq Nurəli, Maarif Soltan, Səyyad Aran, Akif Əhmədgil... Vaqif Bəhmənli və mən də vardım. 

Bir aylıq seminarımızın rəhbəri gözəl şair, səmimi insan Çingiz Əlioğlu idi. Hər gün bir gəncin yazıları dinlənilib, müzakirə edilir və dəyərləndirilirdi. Yadımdadır ki, Vaqif Bəhmənlinin şeirləri seminar iştirakçılarına fövqəl bir enerji, yeni bir ruh verirdi. Yetmişincilər ədəbi nəslinin bu seminarında rus və Azərbaycan yazıçılarının da qonaq qismində çıxışları, tövsiyələri olurdu. Xalq şairləri – Cabir Novruzun, Nəriman Həsənzadənin, Xalq yazıçısı Hüseyn Abbaszadənin biz gənclərə verdikləri ədəbi və həyati məsləhətlər unudulmaz tarixi anlar idi. Zaman göstərdi ki, adları çəkilən gənc yazarların seçimində o zamankı münsiflər yanılmayıbmış... İndi o gənclərin əksəriyyəti tanınmış və dəyərli imza sahibləridir. 

1984-cü ildə Vaqif Bayatlı Odər (Cəbrayılzadə), Vaqif Bəhmənli və mən Kutaisidə keçirilən “Mayakovski poeziyası günləri”nə birlikdə getmişdik. Səfərimiz olduqca maraqlı keçmişdi. Sovetlər Birliyinin müxtəlif Respublikalarından bu tədbirə qatılan gənc şairlər vardı ki, onlarla təmas sonradan tərcümə mübadiləsinə çevrilmişdi. (Özbəkistanın Xalq şairi Osman Əzimlə mənim mübadiləm kimi). 

Vaqif Bəhmənlinin şeirlərində insan-cəmiyyət münasibətləri, təzadlı həyat lövhələri, alovlu məhəbbət motivləri, əsrarəngiz təbiət gözəllikləri, ənənəvi ailə dəyərləri, bir sözlə, yerin-göyün fəlsəfəsi məxsusi sənətkarlıqla qələmə alınıb:

 

Od tökür göylər...

sığınmalı bir kölgə varsa – 

sözdü. 

Əfsanədi bütün inqilablar, 

yaşamalı ölkə varsa -   

sözdü. 

Hər şirin sevdanın sonunda

ölüm, ayrılıq...

Yolunda məcnun olmalı

ölümsüz sevgi varsa – 

sözdü. 

 

Bizim klassiklərin – Nizamidən, Füzulidən Sabir, Seyyid Əzimə kimi hər birinin yaradıcılığında sözə ithaf olunmuş qəzəl və qəsidələrə rast gəlmək mümkündür. Çağdaş poeziyamızda sözə yeni bir dəyər vermək Vaqifin imitasiyadan uzaq orijinal dəst-xəttinin məhsuludur. Ümumiyyətlə, o, hansı mövzuda nə yazmağından asılı olmayaraq özünü, öz içini yazır, öz ruhunu və dünyaduyumunu ifadə edir. Təkcə dünya haqqında Vaqifin nə qədər şeirləri var: “Donmuş dünya”, “Şəkil dünya”, “Dünyanı şairlər yaradıb”, “Belə dünya” və s. Biri-birindən düşündürücü olan bu şeirlər eyni mövzuya həsr olunsa da, fərqli biçimi və bənzərsiz məzmunu ilə təkrarsızdır. 

Vaqif şeirinin dadı, duzu həm də onun xəfif yumorundadır. Bu yumor şairin elə öz canında olduğu üçün şeirlərinə də köçüb:

 

Yüz yol qarışdırıb qələtə qələt, 

Arvad var kişini dişi eləyib. 

Nə atam, nə anam, nə də hökümət, 

Məni öz arvadım kişi eləyib

desəm... gülərsiniz, inanmazsınız.

 

Yaxud: 

Arvad razı olandan

Allah razıdı, qağa.

 

Yaxud: 

Qalxdığım nərdivandan

Düşərəm ehmal-ehmal. 

 

Belə misalların sayını artırmaq da olar. Yaşadığımız cəmiyyətdə hər insan bir obrazdır. Göründüyü kimi xəfif yumoru və eyhamlı sözü ilə bu “obrazların” sifətinə işıq salmaq da Vaqifin poetik həssaslığından kənarda qalmır. 

V.Bəhmənlinin süjetli şeirləri və poemaları çağdaş poeziyamızın uğurları timsalındadır. Onun “Çənlibelli Qoç Koroğlu”, “Ağbulaq”, “Araz səsi”, “Çəkilməmiş şəkillər”, “Qırxıncı otaq”, “Çiyinlər”, “Diaqnoz”, “Cəza”, “İldırım” kimi poemaları tarixi həqiqətlərə və günümüzün reallıqlarına obrazlı və metaforik yanaşmanın, bu həqiqətləri bədii həqiqətə çevirmə bacarığının canlı nümunəsidir. 

Şair dostumun on beş cildlik əsərlərinin ikinci cildinə “Vaqif Bəhmənli – özü və sözü” başlıqlı ön söz yazmış filosof-tənqidçi Rahid Ulusel haqlı olaraq bəyan edir ki, “...onun şeirlərinin quruluşuna poetik dinamika xasdır: burada şeirin əvvəlindən sonuna doğru ideyanın hərəkəti baş verir”. 

Mən də qələm qardaşımı 70 yaşı münasibətilə ürəkdən təbrik edərək, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və “dinamika” arzulayıram. 



Mədəniyyət