Ədəbiyyat Muzeyində tələbələr üçün seminar

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin filologiya (Türk dili və ədəbiyyatı) və regionşünaslıq (İran) ixtisasları üzrə IV kurs tələbələri üçün elmi seminarlar təşkil olunur. Növbəti praktik dərsin mövzusu klassik türk və Azərbaycan musiqisinin dahi bilicisi Əbdülqadir Marağayiyə (1353-1434) həsr edilib.

Seminarı təqdim edən “Doktorantura və elmi inkişaf” şöbəsinin elmi işçisi Rəhilə Sadıqova öz çıxışında Əbdülqadir Marağayinin həyat və yaradıcılığı, zəngin irsi, yaşadığı dövr və onu əhatə edən elmi mühit barəsində geniş məlumat verib. Məruzəçi bildirib ki, XIV–XV əsrlərin qovşağında yaşamış bu fenomenal şəxsiyyət görkəmli musiqişünas olmaqla yanaşı, həm də hafiz, mahir xəttat, istedadlı şair, xoşavazlı xanəndə və bacarıqlı ud ifaçısı idi. Əsərləri dünyanın bir çox mötəbər kitabxanalarında qorunub saxlanan Əbdülqadir müasirləri tərəfindən “musiqi bilicilərinin şeyxi” adlandırılmışdır.

Seminarda Əbdülqadir Marağayinin Azərbaycan, fars və ərəb dillərində şeirlər yazdığı qeyd olunub və müəllifin poeziyasına məxsus farsca şeirlərindən müxtəlif fraqmentlər tələbələrlə birgə təhlil edilib.

Sonda tələbələr dahi musiqişünas Əbdülqadir Marağayinin repertuarından müasir iranlı xanəndə Humayun Şəcəriyanın ifasında 500 ildən çox yaşı olan “Amede nəsime sobhe dəm” kompozisiyasını dinləyiblər.

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət