Dünən Azərbaycan Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, şair, yazıçı və publisist Vaqif Bəhmənlinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyi ilə bağlı qələmə aldığı “İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, təqdimatı keçirilən nəşr bir neçə cəhətdən diqqət çəkməkdədir. Birincisi, kitab tarixi ekskurs əhəmiyyəti daşıyır. Orada göstərilən faktlar, bölüşülən xatirələr bütöv bir mərhələnin yaşantısıdır. İkincisi, nəşrdə Qulu Məhərrəmlinin yaradıcılığının ən müxtəlif tərəfləri əksini tapıb ki, bu da ölkəmizin media, konkret olaraq, telejurnalistika sənətinin xüsusiyyətlərinin özünəməxsus təsviridir. Üçüncüsü, kitab Qulu Məhərrəmlinin fəaliyyətinin çoxşaxəli diapazonuna, jurnalistin istedadına dövrümüzün görkəmli simalarının verdikləri qiymətin mükəmməl təsvirini özündə birləşdirir.
Vaqif Bəhmənli çıxışında müəllifi olduğu kitabı 52 illik xatirənin məhsulu adlandırıb. O bildirib ki, nəşrdə tələbəlik dostu barəsindəki fikirlər, əslində, onu tanıyan hər kəsin gəldiyi qənaətin ümumiləşdirilmiş formasıdır.
Toplantıda çıxış edənlərdən veteran jurnalist Ülkər Hüseynova, “Xalq qəzeti”-nin baş redaktoru Əflatun Amaşov və baş redaktor müavini Qüdrət Piriyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, yazıçı-publisist Seyran Səxavət, Əməkdar jurnalistlər Əlövsət Ağalarov və Eyruz Məmmədov, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, şair-publisistlər Adil Cəmil və Zülfüqar Şahsevənli, Ağacəfər Həsənli, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, Əməkdar jurnalistlər Namiq Qədimoğlu, Faiq Sadıqov, Zemfira Məhərrəmli, Əminə Yusifqızı, jurnalist-publisist Rəhilə Gülgün və başqaları “İri planda Qulu Məhərrəmli” kitabının Q.Məhərrəmlinin 70 illik yubileyinə, jurnalist əməyinə, publisistikasına və pedaqoji fəaliyyətinə yüksək dəyərin nümunəsi olduğunu əsaslandırıblar.
Çıxış edənlər yubilyarı nəinki Azərbaycan jurnalistikasında, eyni zamanda, ictimai fikrində özünəməxsus yerə və rola malik zəka sahibi, daim mütərəqqi düşüncələri ilə seçilən ziyalı kimi xarakterizə ediblər.
Sonda çıxış edən Qulu Məhərrəmli təqdimatı keçirilən kitabın müəllifi Vaqif Bəhmənliyə və mərasim iştirakçılarına təşəkkürünü bildirib, əməyinə verilən yüksək dəyərin onu yeni uğurlara təşviq etdiyini söyləyib.
T.RÜSTƏMLİ
XQ