Şəfqət saçan rəsmlər

post-img

Dünən Bakı Yunus Əmrə İnstitutunda Ankara Bilkent Şəhər Xəstəxanası əməkdaşlarının Moral Sənət Emalatxanasında hazırladıqları əsərlərdən ibarət “Səhiyyəçi rəssamlar" adlı rəsm sərgisi açılıb. Ekspozisiyada Anadolu mədəniyyətini, təbiətini və insan həyatını əks etdirən rəngarəng kompozisiyalar nümayiş etdirilir.

Ankara Bilkent Universitetinin tibb bacısı, rəssam Səma Efe çıxışı zamanı 35 yaşında xərçəng xəstəliyinə tutulduğunu, bu xəstəliklə mübarizə apararkən rəsm kurslarına getməyə başladığını və beləcə, rəsmin onun həyatının bir parçasına çevrildiyini bildirib.

“İş saatından sonra bir yerə toplaşıb rəsmlər çəkirik. Bu rəsmləri yaratdıqdan sonra isə Anadolu mədəniyyətimizi səhiyyə işçilərinin fırçaları vasitəsilə bütün dünyaya tanıtmaq kimi əsas məqsədimiz olan işi görürük. İndiyə qədər bir çox ölkəyə səfər etmişik, 50–100 nəfərlik qruplarla davamlı olaraq gedib sərgilər açırıq. Bu gün burada 40-a yaxın rəsm əsəri nümayiş etdirilir”, – deyə S.Efe qeyd edib.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında musiqi, rəqs və idmanın universal xarakter daşıdığını və insanları bir araya gətirmək gücünə malik olduğunu bildirib. Onun sözlərinə görə, bunları daha da mənalı edən şey bizim öz ənənələrimizdə, mədəniyyətimizdə, insani dəyərlərimizdə axtarıb tapdığımız və dünyaya təqdim etdiyimiz elementlərdir.

“Sənətə, musiqiyə, ədəbiyyata və mədəniyyətə baxanda Bakı həqiqətən də çox gözəl bir məkandır. Burada hər sahədə çox uğurlu rəssamlar, musiqiçilər var. Çox canlı bir mədəniyyət həyatı mövcuddur. Bu səbəbdən burada olmaq çox qiymətlidir”, – deyə səfir diqqətə çatdırıb.

Daha sonra sərgiyə baxış keçirilib.

Sərgilənən əsərlərdə Azərbaycana aid motivlər və elementlər də yer alıb. Rəssamlar iki ölkənin ortaq mədəniyyətini və ənənələrini birləşdirərək, həm Anadolu, həm də Azərbaycan təbiətinin gözəlliklərini, adət-ənənələrini və folklorunu izah edən kompozisiyalar da hazırlayıblar.

XQ

Mədəniyyət