Tələbə jurnalistlərə redaktədən ustad dərsi

post-img

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tələbələrinin peşə vərdişlərinin inkişaf etdirilməsi üçün ayrı-ayrı fənlər üzrə seminar məşğələlərə tez-tez ölkə mediasının tanınmış və təcrübəli nümayəndələri dəvət edilir. Belə ustad dərsi aparmaq üçün III kurs tələbələrinin növbəti qonağı “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu oldu.

Məşgələdə jurnalist əvvəlcə çağdaş mediamızda ədəbi redaktənin önəmi və durumu barədə ümumi bilgi verdi. Sonra o, 40 ilə yaxın müddətdə çalışdığı qəzetdə materialların dəyərləndirilməsi, işlənməsi və çapa hazırlanması ənənəsi və təcrübəsindən geniş söhbət açdı.

Tahir Aydınoğlu “Xalq qəzeti”nin son 1 həftəlik saylarında aparılmış redaktə nümunələrini auditoriyaya təqdim etdi. Jurnalist tələbələrin həmin materiallar üzrə apardıqları dil-üslub monitorinqi ilə də tanış oldu, onların suallarını cavablandırdı.

Görüşün təşkilatçısı olan yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva məşğələdən sonra XQ-yə açıqlamasında bildirdi:

– Uzun illərdən bəri bir çox məzunumuzun çalışdığı, indiki tələbələrimizə də gələcək əməkdaşları kimi baxan “Xalq qəzeti” redaksiyası ötən il fakültəmizdə mühazirə və debat audioriyası yaradıb. Burada davamlı görüşlər və məşğələlər keçirmək nəzərdə tutulur. Tələbələrimiz çoxillik təcrübəyə uyğun olaraq, hər il redaksiyada müxtəlif yönlü təcrübə kursları keçirlər. Fükültə ilə qəzet arasında belə sıx əlaqə çərçivəsində redaksiyanın təcrübəli əməkdaşlarını vaxtaşırı müxtəlif fənlər üzrə seminar məşğələləri aparmağa dəvət edirik.

Mənim tədris etdiyim ədəbi redaktənin nəzəriyyə və təcrübəsi fənnindən ustad dərsi aparmaq üçün bu dəfə 1982-ci il məzunumuz, Tahir Aydınoğlunu görüşə dəvət etdik. Onun apardığı canlı media məşğələsi böyük maraqla qarşılandı. Ölkəmizin və qəzetin təcrübəli əməkdaşları ilə belə görüşləri bundan sonra da davam etdirəcəyik.

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat