Özbəkistanda “Xalqların adət- ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirilib

post-img

Daşkənddəki Yeni Özbəkistan Universitetində “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festival keçirilib, İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təbliğ ediblər.

Tədbirə Özbəkistandakı səfirliklər və mədəniyyət mərkəzləri qatılıblar.

Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Azərbaycan milli stendi ilə təmsil olunub.  

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, AMM-nin özbək dilində Daşkənddə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı  çap etdirdiyi kitabalr, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, suvenirlər nümayiş etdirilib.

Azərbaycan guşəsinə gələnlərə plov, dolma, müxtəlif qutablar, dovğa və şirniyyatlarımız-şəkərbura, paxlava təklif edilib. Qonaqlar Azərbaycan çayının dadına baxıblar.

Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova guşəyə gələnlərə ölkəmizin tarixi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verib.

Festivalda iştirak edən digər ölkələr də öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.

Qonaqlar özbək milli libaslarının dəb nümayişinə, kəndirbazların, sirk ustalarının maraqlı təqdimatlarına da maraqla baxıbr. 

Festival çərçivəsində təşkil edilən konsertdə AMM-nin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Tədbirdə diaspor təşkilatı olan Azərbaycan Mədəniyyət Mərkəzi İctimai Birliyi də təmsil olunub. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd













Mədəniyyət