“Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə Anlaşma Memorandumu Türkiyəni təkcə mədən yanacaqları deyil, həm də bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin tədarükü üçün tranzit mərkəzinə çevirəcək mühüm strateji təşəbbüsdür.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının yekunlarını şərh edərkən deyib.
Türkiyə universitetinin müəllimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini qeyd edib və bunun Aİ rəhbərliyi səviyyəsində vurğulandığını bildirib.
O, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 2022-ci ilin iyulunda Bakıya səfərinin yekunlarını xatırladıb. Həmin səfər zamanı Azərbaycan ilə Aİ arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Uludağ Universitetinin professoru bildirib ki, Azərbaycan Avropaya neft-qaz tədarükçüsündən bərpaolunan enerji təchizatıçısına çevriləcək.
Professor, həmçinin diqqəti Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunda çıxışına çəkib. Türkiyəli ekspert deyib: “Azərbaycan dövlətinin başçısı bəyan edib ki, onun ölkəsi neft-qaz kəmərləri inşa edərək Avropanın energetika xəritəsini dəyişib”.
Onun sözlərinə görə, Ankara Azərbaycan və Aİ-nin iştirakı ilə irimiqyaslı layihələrin həyata keçirilməsində xüsusi rol oynayır. “Türkiyə Şərqlə Qərb arasında enerji qovşağına çevrilmək məqsədinə doğru addım-addım irəliləyir. İki qardaş ölkə arasında əməkdaşlıq Avropanın enerji sektorunda məqsədlərinə çatmaq üçün mühüm vasitədir. Sözsüz ki, bu strategiyanın mühüm tərkib hissəsi Azərbaycandan çəkiləcək yaşıl enerji dəhlizi olacaq”.
Ekspert əmin olduğunu bildirib ki, Xəzərdən Avropayadək yeni enerji dəhlizi Ukraynadakı müharibə fonunda enerjidaşıyıcılarının idxalı coğrafiyasını yenidən nəzərdən keçirməyə çalışan Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmini planlarında əsas rola malik olacaq .
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara